Pandemiyanın ilk vaxtlarına dönüş olacaq? - AÇIQLAMA

Omikron ştammının mutasiya prosesi davam edir, lakin ciddi narahatlığa səbəb yoxdur

 COVID-19-un yeni dalğası bütün dünyanı bürüməkdədir. Virusun yeni ştamları Eg.5 ERİS, BA.2.86 və digərləri daha sürətlə yayılır.
  
APA xəbər verir ki, Azərbaycanda əksəriyyət COVID pandemiyasının arxada qaldığını düşünsə də, əslində, vəziyyət o qədər də ürəkaçan deyil. COVID-in dünyada müşahidə olunan artım tendensiyası Azərbaycandan da yan keçməyib.
 
 Son bir ayın statistikasına nəzərə saldıqda məlum olur ki, 7-13 avqustda Azərbaycanda COVID-ə 8 yoluxma qeydə alınıbsa, növbəti həftələrdə yoluxmada ciddi artım baş verib. Nəticədə son həftədə - 11-17 sentyabrda ölkə üzrə 142 yoluxma qeydə alınıb. Xüsusi vurğulamaq lazımdır ki, bu, rəsmi statistikadır, qeydiyyata düşməyən yoluxma sayı isə daha çoxdur. Belə ki, vətəndaşlar pandemiyanın bitdiyini düşünür, bu səbəbdən də özlərində COVID əlamətləri hiss etdikdə test verməyi lazım bilmirlər. Əvvəllər olduğu kimi, test verilməsi məsələsinə ciddi yanaşıldığı təqdirdə, COVID-ə yoluxma rəqəmlərinin indikindən dəfələrlə yüksək olacağını düşünmək olar.
  
Vətəndaşların yaranmış vəziyyətin təhlükəli həddə çata biləcəyini nəzərə almaqla, test verilməsi, eləcə də COVID-ə yoluxmanın yüksək həddə olduğu vaxtlardakı kimi tələb olunan qaydalara ciddi riayət etmələri vacibdir. Əks halda, COVID-in yeni dalğasının ciddi fəsadları ilə üzləşə bilərik.
  
Professor Adil Qeybulla isə hesab edir ki,  Omikron ştammının mutasiya prosesi davam edir, lakin ciddi narahatlığa səbəb yoxdur. Pandemiyanın ilk vaxtlarına dönüş olmayacaq. Bu vəziyyət başqa ölkələrdə adi haldır. Mutasiya o vaxta qədər davam edəcək ki, ya virus tamamilə yoxa çıxsın, ya da insanların həyatında adi soyuqdəymə törədən virusa çevrilsin. Hər halda bu proses gedir:

“COVID-19-un yeni ştammı hesab olunan EG.5 də digər növləri kimi nəfəs və hava-damcı yolu ilə yayıldığı üçün epidemiya törətmək ehtimalı var. COVID-19-un da, onun sonrakı ştamlarının da əlamətləri qrip xəstəliyinin əlamətlərinə çox oxşardır. Hazırda mövsüm dəyişikliyi baş verməkdədir. Mövsüm dəyişikliyi zamanı orqanizm həssaslaşır, infeksiyalara, viruslara qarşı həssas olur. İqlimdəki kəskin dəyişmələr də orqanizmə mənfi təsir edir, immunitet zəifləyir. Belə halda orqanizm xəstəliklərə qarşı gücsüzləşir. İmmuniteti qaldırmaq, orqanizmi möhkəmləndirmək lazımdır”.
  
A.Qeybullanın sözlərinə görə, insanların sayı artır və zamanında insanlarda xəstəlik törətməyən və heyvanlar arasında yayılan viruslar insanlara yoluxmağa başlayır: “İnsanların sayı artdıqca faunanı məhv edir. Əvvəllər yeyilməyən bəzi heyvanların ətləri insanların qida rasionuna daxil olur. Bütün bu amillər yavaş-yavaş heyvanlar arasında özünü göstərən bir çox xəstəliyin insana keçməsinə gətirib çıxarır. Hesab edirəm ki, “Eris” virusu bizə qonşu ölkələrdə kütləvi yayılsa, biz də sərhəd məntəqələrində tibbi yoxlamaları gücləndirməliyik. Dünya Səhiyyə Təşkilatının standartlarında tələb olunan tədbirlər görülməlidir. Bu tədbirlər bildiyimiz sanitar-gigiyenik qaydalar, qoruyucu tədbirlər, peyvəndləmədir. Əhali yenə də mümkün qədər qorunmağa çalışmalıdır. Tibbi maskalardan istifadə etmək məsləhətdir, xüsusən kütləvi tədbirlər, sıxlıq olan yerlərdə, ictimai nəqliyyatda və s.”.