Rentgen kabinetləri təhlükə saçır

FHN-in yoxlamaları tamamilə qanunidir və zəruridir 

Bu yoxlamalar pasiyentlərin deyil, tibbi personalın təhlükəsizliyi və sağlamlığının qorunması məqsədi daşıyır


  Bakıda daha bir tibb müəssisəsində rentgen-müayinə fəaliyyəti dayandırılıb. Fövqəladə Hallar Nazirliyinin məlumatında qeyd olunur ki, FHN-in Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyi səlahiyyətlərinə uyğun olaraq ölkə ərazisində nüvə və radioloji fəaliyyət sahəsində təhlükəsizliyin təmin edilməsi istiqamətində zəruri tədbirlərin görülməsini davam etdirir. Agentliyin Bakı şəhəri, Nərimanov rayonu ərazisində fəaliyyət göstərən “Nərimanov Tibb Mərkəzi” publik hüquqi şəxsin 2 nömrəli poliklinika şöbəsində yerləşən rentgen kabinetində keçirilmiş yoxlama tədbirləri zamanı radiasiya təhlükəsizliyi tələblərinin pozulmasına dair faktlar, o cümlədən ionlaşdırıcı şüa mənbələri hesab edilən qurğuların istismarı üçün tələb olunan müvafiq icazənin olmadığı aşkar edilib. Faktla bağlı qanunvericiliyin tələblərinə uyğun olaraq görülmüş tədbirlər nəticəsində tibb müəssisəsində rentgen kabinetinin fəaliyyəti dayandırılıb. 
  
Adıçəkilən ünvanda rentgen kabinetinin bağlanmasına münasibət bildirən həkim-radioloq Aydın Əliyev “Sherg.az”a  açıqlamasında qeyd etdi ki, FHN-in vaxtaşırı bu səpkili yoxlamalar keçirməsi tamamilə qanunidir və zəruridir: 

- Hesab edirəm ki, bu yoxlamalar pasiyentlərin deyil, tibbi personalın təhlükəsizliyi və sağlamlığının qorunması məqsədi daşıyır. Çünki rentgen aparatıyla müayinə olunan pasiyent, eləcə də şüa müalicəsi alan vətəndaş zatən şüalanmaya müəyyən qədər məruz qalır. Əlbəttə ki, bunun da konkret dərəcəsi var və bu dərəcə aşılmamalıdır. Rentgen və KT şöbələri, ionlaşdırıcı şüa mənbəyi istifadə edilən müayinə usulları var, bir də var ionlaşdırıcı şüa ilə müalicə üsulu. Əgər hər hansı bir klinikanın, xəstəxananın nəzdində bu şöbələr, kabinetlər fəaliyyət göstərəcəksə, klinika inşa edilərkən, yaxud, klinikada bu şöbələr, kabinetlərin fəaliyyətinə başlanmazdan öncə bunlar xüsusi olaraq layihələndirilməlidir. FHN və Səhiyyə Nazirliyi ilə əlaqəli şəkildə iş aparılmalıdır.
 Bu cür şöbə və kabinetlərə qoyulan tələblər hansılardır, neçə kvadratmetr ərazi daxilində olmalıdır, havalandırma sistemi, divarların quruluşu, qoruyucular və sair haqqında ətraflı məlumat alınmalı, sonra işə başlanmalıdır. Belə təyinatlı şöbə və kabinetlərin təşkilinə dair xüsusi təlimatlar var.  Onlara əməl edilməlidir. Bir çox klinikalarda ionlaşdırıcı şüalanma mənbəyi olan kabinetlər təlimatlara uyğun deyil, razılaşdırılmamış layihə əsasında fəaliyyət göstərir. FHN vaxtaşırı yoxlamalar aparmalıdır ki, radiasiyanın kənara yayılma ehtimalı varmı, yoxdur. Bu məsələdə tibbi personalın təhlükəsizliyi əsas götürülməlidir. Yoxlanmalıdır ki, tibbi personalın məruz qaldığı radiasiya yolverilən həddədirmi? Çünki radioloqlar iş saatı ərzində şüalanmaya məruz qalır. Bu hədd normadan artıq olarsa, tibbi personal üçün həyati təhlükə daşıyacaq. Ona görə də rentgen kabinetləri,   ionlaşdırıcı şüa mənbəyi olan qurğular olan otaqlar normativ şərtlərə cavab verməlidir.