Soyuqdəymə, qripin dərmanı

Qızdırmanı salır, xəstənin vəziyyətini yüngülləşdirir

  Dərman vasitələrinin orqanizmə xeyirdən daha çox zərər verməsi barədə deyilənlər insanları dərman qəbul etməkdən çəkindirir. Hazırda əhali təbii üsullarla müalicə olunmağa üstünlük verir. Həm faydalı, həm də ucuz. İnsanlar haqlı olaraq bu qərara gəlir ki, bahalı dərmanlara pul xərcləməklə lazımi nəticə əldə edilmirsə, başqa vasitələrdən istifadə məsləhətlidir. Bu başqa vasitələrsə əlbəttə ki, təbii otlar, müxtəlif bitkilərdən hazırlanan müalicəvi qarışımlardır. “Sherg.az” “Milliyet.com.tr”yə istinadən bu dəfə çəmən otu - digər dillərdə “xelba”, “xilba”, fenuqrek, şambala adıyla tanınan müalicəvi bitki barədə məlumat verir. Çəmən otundan həm müalicəvi, həm də qidalanmada geniş istifadə olunur. İbn Sinanın yazılarında da çəmən otunun müalicəvi xüsusiyyətləri haqqında məlumatlar var. Dahi təbib bu bitkinin köməyi ilə boğaz ağrısı, öskürək, mədə və bağırsaq xəstəliklərini müalicə edirmiş. Qədim Yunanıstanda bu bitkinin toxumlarını yarışlardan əvvəl qladiatorlar və atletlər yeyirdi. Belə hesab olunurdu ki, çəmən otunun toxumları insana əlavə güc verir. Çəmən otu toxumları zülal və karbohidratlarla zəngindir. Həmçinin onların tərkibində bir çox sağlamlığımız üçün vacib maddələr var: kalium, fosfor, maqnezium, kalisium, dəmir, A, C, B qrupu vitaminləri, fol turşusu, yağlı turşular, bioflavonoidlər, fitosterollar və s. Alimlər onun tərkibini balıq yağına bənzədirlər. Çəmən otu və onun toxumu bir çox xəstəliklər və pozulmalar zamanı yardım edir: şəkəri və xolesterini salır, damarları təmizləyir, qaraciyərin fəaliyyətini yaxşılaşdırır, mədə-bağırsaq sisteminə müsbət təsir edir, iltihabları azaldır, orqanizmi möhkəmləndirir, nəfəs yollarını təmizləyir, öskürəyi müalicə edir, potensiyanı gücləndirir, qadınlarda hormonal pozulmalar zamanı kömək edir, əsəbləri sakitləşdirir. Çəmən otu qanazlığı zamanı da faydalıdır, tərləməni və bədəndən gələn pis qoxunu azaldır. Saçların tökülməsinin qarşısını alır, saçları daha gözəl və qalın edir. Müalicəvi məqsədlərlə çəmən otunun həm yarpaqları, həm də toxumları istifadə olunur. Yarpaqları adi çay kimi dəmləyib içmək yaxşıdır - 1 x.q. ot + 1 stəkan isti su. Belə çay soyuqdəymə və qrip zamanı qızdırmanı salır, xəstənin vəziyyətini yüngülləşdirir. Çəmən otunun toxumlarını da üyüdüb istifadə etmək olar.