Azər Badamov:“Ermənistan və işğal olunmuş ərazilər əsasən beynəlxalq yardımlar üzərində nəfəs alır. Beynəlxalq yardımların kəsilməsi isə bu ölkənin sonunu yaxınlaşdıracaq”
“USAİD ABŞ-ın Beynəlxalq inkişaf Agentliyi, ABŞ hökumətinin xarici yardım üzrə agentliyidir”.
Bunu “Sherg.az”a açıqlamasında millət vəkili Azər Badamov deyib.
Deputat bildirib ki, bu agentlik bir çox ölkələrə maliyyə yardımları göstərir:
“Qarabağ isə Azərbaycan ərazisidir və ABŞ ölkəmizin ərazi bütövlüyünü dəstəkləyir. Dağlıq Qarabağ rəsmi statuslu bir məkan kimi ABŞ tərəfindən tanınmır. Belə olan halda Azərbaycanın ərazisi olan bir bölgəyə Azərbaycanın razılığı olmadan hər hansı bir maliyyə yardımının göstərilməsi hüquqa ziddir və ədalətsizlikdir. Amerikanın Qarabağa USAİD proqramı çərçivəsində maliyyə yardımının azaldılması qərarı da qeyd etdiyim fikirlərə əsaslanır. Bu, erməniləri çox narahat edir.
Maliyyə yardımının azaldılmasını və yaxud dayandırılmasını Erməniatana siyasi təzyiq kimi dəyərləndirmək olar. İqtisadiyyatı iflasa uğramış Ermənistan üçün hər bir dolların böyük əhəmiyyəti var”.
Parlament üzvünün sözlərinə görə, iqtisadi böhranının dərinləşməsi Ermənistanda və Qarabağda siyasi böhranı gücləndirəcək:
“Ermənistan və işğal olunmuş ərazilər əsasən beynəlxalq yardımlar üzərində nəfəs alır. Beynəlxalq yardımların kəsilməsi isə bu ölkənin sonunu yaxınlaşdıracaq”.
Qeyd edək ki, ABŞ hökuməti Qarabağa maliyyə yardımını əhəmiyyətli dərəcədə azaltmağı planlaşdırır. Bunu erməni politoloq Suren Sarkisyan deyib. Onun sözlərinə görə, söhbət USAİD proqramının maliyyələşməsindən gedir və onun dayandırılması ciddi siyasi siqnaldır: “Təkrar edirəm ki, bunun ciddi siyasi nəticələri olacaq. Hüquqi və siyasi presedenti də gözlənilir”.