“Əhməd Davudoğlu baş nazir vəzifəsində olduğu dönəmdə ancaq uğursuzluqları ilə yadda qalıb”.
Bunu “Sherg.az”a açıqlamasında politoloq Əhəd Məmmədli deyib.
Analitikin sözlərinə görə, Davudoğlunun dövründə keçirilən parlament seçkisində AKP “50+” barajını keçə bilməyib:
“Prezident Rəcəb Tayyib Ərdoğanın məsələyə müdaxiləsindən və təbliğatın başında durmasından sonra növbədənkənar seçkidə hakim partiya istədiyi nəticəni əldə edib. Davudoğlunun dövründə Türkiyə-Rusiya münasibətləri az qala müharibə səviyyəsinə çatmışdı.
İki ölkə arasında gərginliyə səbəb olan rus qırıcısının vurulmasından sonra Davudoğlunun tələsik açıqlama verərək əmri özünün verdiyini bəyan etməsi Moskva ilə münasibətləri bərbad hala salmışdı. Yenə də Ərdoğanın işə qarışmasından və Putinlə görüşməsindən sonra vəziyyət normalaşmışdı”.
Politoloq vurğulayıb ki, Davudoğlunu Ərdoğana qarşı alternativ kimi istifadə edirlər:
“Almaniya kansleri Angela Merkel prezident Ərdoğana rəğmən tərəf müqabili kimi baş nazir Davudoğlunu görmək istədiyini söyləmişdi. Əfsuslar olsun ki, Davudoğlu Avropadan aldığı içi boş imtiyazları dəf edə, hədsiz eqosunun qarşısını ala bilmədi. Girdiyi oyunların nəticəsində baş nazirlik də əlindən çıxdı. İndi yenidən onu ortaya atıblar. Davudoğlu ilə yanaşı, Abdullah Gül və Əli Babacanı da Ərdoğana qarşı qoymağa çalışırlar.
Bütün bunlar çoxdanki planın tərkib hissəsidir. Məqsəd AKP-ni parçalamaq, Ərdoğanı devirməkdir. Düşünürəm ki, iqtidar üzləşdiyi bu əngəlin də öhdəsindən gəlməyi bacaracaq”.
Qeyd edək ki, Türkiyənin keçmiş baş naziri Əhməd Davudoğlu hökuməti tənqid etməyə başlayıb. O, “AKP bir zamanlar ədalət, azadlıq, düşüncə və ifadə azadlığına dəyər verirdi. Ancaq son 3 ildə müşahidə etdiyim qədəri ilə həyatımız boyu hörmət etdiyimiz təməl dəyərlər gözardı edilir” deyib. Prezident idarəetmə üsulunu tənqid edən Davudoğlu Ərdoğanın əlindəki gücün Türkiyəyə zərər verdiyini və ölkədəki siyasi qurumları zəiflətdiyini iddia edib.