“Bu, Paşinyan hakimiyyətinin sonunu gətirəcək”

“Paşinyanın bəyanatı Ermənistanın daxili auditoriyasına hesablanıb”. 

Bunu “Sherg.az”a açıqlamasında Demokratik Azərbaycan Dünyası Partiyasının (DADP) sədri Əlisahib Hüseynov deyib. 

Partiya sədri bildirib ki, Paşinyan müharibə ritorikasına əl atmaqla sadəcə növbəti dəfə "blef" edir: 

“Bu "blef"in arxasında isə konkret siyasi məqsədlər dayanır. O, yaxın gələcəkdə Ermənistanın özündə və işğal olunmuş Dağlıq Qarabağ separatçıları üzərində özünün tam hakimiyyətini bərqərar etmək üçün yeni planlar cızır. Bəzi təhlilçilərimiz, siyasi ekspertlərimiz Paşinyanın “Qarabağ Ermənistandır” bəyanatının səbəblərini və ya məqsədlərini nədənsə çox abartılı və emosional şəkildə şərh edirlər.


Düşmən ölkənin hökumət başçısının çağırış və bəyanatlarını doğru-düzgün təhlil etmək və ictimaiyyətimizə də düzgün təqdim etmək lazımdır. Paşinyanın son bəyanatı nə aparılan sülh danışıqlarının sonu kimi anlaşılmalı, nə də onun müharibə tərəfdarı olması kimi dəyərləndirilməlidir”. 

Ə.Hüseynovun sözlərinə görə, Rusiya Qarabağda yeni müharibənin alovlanmasını istəmədiyi kimi, Paşinyan da müharibənin yenidən başlanmasını istəmir: 

“Əvvəla onun özü buna bir hökumət başçısı kimi psixoloji cəhətdən hazır deyil. İkincisi də Paşinyan müharibənin yeni mərhələsinin başlayacağı təqdirdə Ermənistanın ağır məğlubiyyətə uğrayacağını dəqiq bilir.

Bu isə avtomatik olaraq Paşinyan hakimiyyətinin sonunu gətirəcək. Bu halda baş nazirin özünü qızğın müharibə tərəfdarı kimi göstərməsi məntiqli deyil. Paşinyan son vaxtlar xeyli dərəcədə aşağı düşmüş reytinqini və siyasi mövqeyini müharibə yoluyla bərpa edə bilməyəcəyini də yaxşı başa düşür”.