Niderland parlamenti öncə öz keçmişlərinə nəzər salmalıdır”

“Belə addımları ilə Azərbaycan-Niderland ikitərəfli əlaqələrinin gələcək inkişafını sual altına alırlar”



10 noyabrda imzalanan üçtərəfli razılaşma erməni diasporu və lobbisinin təsiri altında olan Niderland parlamentində də anti-Azərbaycan və anti-Türkiyə mövqeyindən çıxış edən qərəzli qruplaşmaların fəallaşmasına səbəb olub. Müharibənin başa çatmasından sonrakı ilk günlərdə parlamentin Nümayəndələr Palatasında Azərbaycan və Türkiyə əleyhinə bir sıra qətnamə təşəbbüsləri irəli sürülüb. Qardaş Türkiyə və Azərbaycana qarşı sanksiyaların tətbiq olunması, qondarma rejimin tanınması, uydurma “suriyalı terrorçular” məsələsinin araşdırılması və s. çağırışlar edən bu layihələrin müəllifləri də elə ermənipərəst qüvvələrin əlaltılarıdır.


Məhz həmin şəxslərin səyləri ilə noyabrın 17-də Azərbaycan və Türkiyə əleyhinə Niderland Parlamenti tərəfindən bir neçə tövsiyə xarakterli qətnamə qəbul olunub. Reallıqla heç cür barışmaq istəməyən bu qüvvələr parlamentdə mütəmadi olaraq mövzunu qaldırır, hökumətə müxtəlif təxribat xarakterli suallar ünvanlayırlar. Ədalət naminə demək lazımdır ki, Niderland Hökuməti parlamentdəki təxribatçı təşəbbüsləri müəyyən mənada neytrallaşdırmağa və sənəd layihələrini balanslaşdırmağa çalışır. Amma aydındır ki, Hökumətin reallığı əks etdirən və beynəlxalq hüquqa söykənən birmənalı mövqe nümayiş etdirməməsi parlamentdə radikal qüvvələrin əl-qolunu daha da açır.



Millət vəkili Cavid Osmanov “Şərq”ə açıqlamasında xatırladıb ki, noyabrın 18-də Prezident İlham Əliyev Niderlandın ölkəmizdə yeni təyin olunmuş səfiri xanım Paulin Eizemanın etimadnaməsini qəbul edərkən Niderland Parlamentinin bu təxribatçı qərarlarına kəskin münasibətini onun diqqətinə çatdırıb. Deputatın sözlərinə görə, dövlət başçısı parlamentdəki müzakirələr zamanı Niderland XİN başçısı S.Blokun balanslaşdırılmış yanaşma ilə çıxış etməsini təqdir etsə də, ümumilikdə belə ədalətsiz qərarların ölkələrimiz arasında yaxın əlaqələrin qurulmasına kömək etməyəcəyini xüsusilə vurğulayıb:

“Niderland siyasi dairələrinin anti-Türkiyə mövqeyi özünü ən bariz şəkildə 2017-ci ilin martın ortalarında Türkiyənin xarici işlər naziri M.Çavuşoğlunun ölkəyə girişinə qadağa qoyulması, ailə və sosial siyasət naziri Betül Sayan Kayanın isə polis tərəfindən güc tətbiq edilməklə Niderlanddan zorla çıxarılmasında göstərib. Hazırda Niderland cəmiyyətində ultra-sağ, ultra-xristian və radikal-şovinist meyllər artmaqda davam edir. Türkiyə və digər müsəlman əsilli vətəndaşlara qarşı təhqir və hücumlar, ölkə mediasında açıq islamofob təzahürlər Niderlandın dövlət siyasətinin bir hissəsinə çevrilib. Təəssüf doğuran haldır ki, özünü Avropanın aparıcı ölkəsi hesab edən bir dövlətin siyasətini ultra-sağçı ekstremist siyasətçilər, radikal elementləri təbliğ edən ideologiya mənsubları müəyyən edir”. 

Parlament üzvü qeyd edib ki, keçən əsrin 70-ci illərinə qədər müstəmləkəçi ölkə olan Niderland Amerika, Asiya və Afrika qitələrində onlarla xalqı siyasi və iqtisadi əsarətdə saxlayıb:

“Dünyada ən çox sayda müsəlman əhalisi olan İndoneziya kimi nəhəng ölkə əsrlər boyu holland müstəmləkəçiliyinə qarşı mübarizə aparıb. Öz müstəqilliyini 1945-ci ildə elan etməsinə baxmayaraq, illərlə davam edən müharibədən sonra Niderland yalnız 1949-cu ilin sonunda onun suverenliyini tanımağa məcbur olub.

Həmin illərdə Niderland hərbçiləri tərəfindən İndoneziyada bir çox qətllər törədilib. Bunlar arasında 1947-ci ilin 9 dekabrında Yava adasının qərbində yerləşən Ravaqede kəndində 431 kəndlinin güllələnməsini qeyd etmək olar.

İndoneziyanın müstəqillik müharibəsi illərində vəhşicəsinə qətlə yetirilmiş mülki şəxslərin yaxınları tərəfindən indiyə qədər Niderland məhkəmələrində iddialar qaldırılır. O cümlədən, çoxlarının yaxşı xatırladığı Srebrenitsa soyqırımı 90-cı illərin Balkan müharibələrinin ən acı səhifəsidir. 1995-ci ilin iyulunda Bosniya və Herseqovinanın Srebrenitsa şəhərində 8300-dən çox insanın soyqırıma məruz qalmasının məhz BMT-nin Niderland sülhməramlı kontingentinin fəaliyyətsizliyi və qorxaqlığı nəticəsində baş verməsi məlum tarixi faktdır.

Ona görə də Niderland deputatları təxribatlara yol verərkən öz keçmişlərinə nəzər salmalıdır. Belə addımları ilə onlar Azərbaycanda holland biznesinin mövcudluğunu, Azərbaycan-Niderland ikitərəfli əlaqələrinin gələcək inkişafını sual altına alırlar”.