İtaliya həmişə yanımızda olub

İki ölkənin əməkdaşlığının bütün istiqamətlər üzrə yüksələn xətlə davam etməsi göstərir ki, münasibətlər müttəfiqlik əlaqələrinə yaxındır

Dünən Prezident İlham Əliyev İtaliya Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyinin dövlət katibi Manlio Di Stefanonun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. Dövlət başçısı vurğulayıb ki, Azərbaycan və İtaliya arasında dostluq, xalqlarımız arasında qarşılıqlı müsbət yanaşma artıq reallığa çevrilib. Ölkə rəhbəri qeyd edib ki, İtaliya parlamentarilərinin səfəri Azərbaycan cəmiyyətində çox yüksək dəyərləndirilir: “İnsanlar dəstək əlamətlərini çox böyük diqqətlə izləyirlər, ona həssaslıqla yanaşırlar.

Əminəm ki, səfərinizin çox müsbət nəticəsi olacaq və biz bütün sahələrdə güclü əməkdaşlıq məqsədilə növbəti 5–10 il üçün gündəliyimizi lazımi şəkildə tərtib edəcəyik”. Prezident növbəti dəfə diqqətə çatdırıb ki, işğaldan azad olunan ərazilərdə dost ölkələrdən olan şirkətlərlə çalışacağıq: “Biz yenidənqurma işləri ilə bağlı ilk addımlar atmışıq. İlk müqavilələr artıq bağlanıb və dediyim kimi, biz işğaldan azad olunan ərazilərdə dost ölkələrdən olan şirkətlərlə çalışacağıq. İlk müqavilələr türk şirkətləri ilə bağlanılıb və bu da təbiidir, çünki Türkiyə qardaş ölkədir. Ümidvaram ki, növbəti müqavilələr italyan şirkətləri ilə imzalanacaq. Bu da təbiidir.

Çünki İtaliya Azərbaycanın yaxın dostudur. Ölkələrimiz arasında çoxillik diplomatik münasibətlərin mövcudluğu dövründə və xüsusilə də müharibə zamanı biz sizin mövqeyinizin şahidi olduq. Ölkənizin parlament nümayəndələrinin müharibənin başa çatmasından bir aydan az vaxt keçməmiş Azərbaycana səfəri bizim güclü dostluq münasibətlərimizi nümayiş etdirir. Biz bu həmrəylik və dəstək jestini yüksək qiymətləndiririk”. Manlio Di Stefano da öz növbəsində vurğulayıb ki, Azərbaycanda olmağından şərəf hissi duyur:

“Səfərim cəmi 24 saatlıq olsa da, onu tam şəkildə təşkil etdiyinə görə sizin hökumətə minnətdarlığımı bildirirəm. Artıq xarici işlər naziri ilə görüşdüm. Biz bir çox sahələrə aid olan məsələlər ətrafında fikir mübadiləsi apardıq. Digər nazirlərlə də görüşmək imkanım olacaq. Bu, aramızda olan əməkdaşlığın real təzahürüdür”. 

Azərbaycan-İtaliya əlaqələri ilə bağlı “Şərq”ə danışan millət vəkili Anar Məmmədov deyib ki, iki ölkənin əməkdaşlığının bütün istiqamətlər üzrə yüksələn xətlə davam etməsi göstərir ki, münasibətlər müttəfiqlik əlaqələrinə yaxındır. Deputatın sözlərinə görə, Azərbaycanla İtaliyanın çoxəsrlik tarixə əsaslanan oxşar dövlətçilik ənənələri, maddi-mədəniyyət nümunələri, hər iki xalqın adət-ənənələrinə bağlılığı iki ölkə arasındakı münasibətləri eyni məqsəd naminə birləşdirir:

“Azərbaycanın enerji sektoru və sərhədlərimizdən kənarda maliyyələşdirdiyimiz enerji layihələri ilə bağlı İtaliya şirkətləri dəyəri 10 milyard ABŞ dollarına yaxın müqavilələr imzalayıblar. Azərbaycan İtaliya üçün enerji daşıyıcılarının ilk ixracatçısıdır. Enerji məhsullarımızı Avropa bazarına İtaliya vasitəsilə ixrac edirik. İtaliya şirkətləri ölkəmizin neft-qaz sektorunda dəyəri 9,9 milyard dollar olan 277 layihədə, qeyri-neft sektorunda isə dəyəri 708 milyon dollar olan 37 layihədə podratçı kimi iştirak edir.

Azərbaycanla Avropa Birliyi arasındakı ticarət dövriyyəsinin əhəmiyyətli hissəsi İtaliyanın payına düşür. İtaliyanın xam neft ixrac etdiyini nəzərə alsaq, növbəti illərdə ölkələrimiz arasındakı ticarət dövriyyəsinin daha da artacağı proqnozlaşdırılır. Çünki Cənub Qaz Dəhlizi çərçivəsində Azərbaycan İtaliya bazarına mavi qaz nəql edəcək.

TAP layihəsi vasitəsilə Avropaya birinci mərhələdə 10 milyard kubmetr, ikinci mərhələdə 20 milyard kubmetr mavi qaz nəql ediləcək. Nəql ediləcək mavi qazın əhəmiyyətli hissəsi məhz İtaliya bazarına ixrac ediləcək ki, bu da təbii ki, İtaliya və Azərbaycan arasında iqtisadi münasibətlərin növbəti dövrdə də inkişaf edəcəyindən xəbər verir”. 

Parlament üzvü vurğulayıb ki, müstəqillik illərində İtaliyanın Azərbaycan iqtisadiyyatına 770 milyon, Azərbaycanın isə İtaliyaya 1,7 milyard dollar həcmində investisiya yatırması uğurlu investisiya əməkdaşlığının göstəricisidir:

“Son illərdə Azərbaycanda sənaye, tikinti, ticarət, kənd təsərrüfatı, rabitə, xidmət və s. sektorlarda İtaliyanın 114 şirkəti fəaliyyət göstərir. Bu isə Azərbaycanın qeyri-neft sektoruna cəlb edilən investisiyaların strukturunda İtaliya sərmayəsinin payını artırır. 44 günlük müharibə nəticəsində əzəli və əbədi torpaqlarımızın düşmən işğalından azad edilməsi dövründə də İtaliya yanımızda oldu. Bu baxımdan növbəti mərhələdə işğaldan azad edilmiş ərazilərimizdə bərpa işlərinin aparılması zamanı İtaliya şirkətlərinin cəlb olunması məqsədəuyğundur”.