Prinsipial məsələ: Fransa təcili surətdə həmsədrlikdən uzaqlaşdırılmalıdır

Fransa Milli Assambleyasının deputatı Fransua Pupponin Azərbaycana qarşı haqsız mövqe nümayiş etdirib. Pupponin 10 noyabr Bəyanatından sonra Azərbaycan ərazisində terror və diversiya fəaliyyəti həyata keçirməyə cəhd göstərmiş erməni diversantlarını “hərbi əsir və dinc sakinlər” kimi qələmə verən qətnamə layihəsini Fransa qanunverici orqanına təqdim edib.  

Milli Həmrəylik Partiyasının sədri Əlisahib Hüseynov “Sherg.az”a deyib ki, istər Jerar Larşe, istərsə də Fransua Pupponin olsun, onlar erməni diasporasının pulları hesabına danışır. Onlar siyasətə biznes kimi yanaşır və “erməni məsələsi”ndən də ilk növbədə öz şəxsi rifahlarını yaxşılaşdırmaq məqsədilə istifadə edirlər: 

                                                                                                                                                                                                                                                                                                                                                               “Fransa parlamentariləri üçün mənəvi dəyərlər çoxdan arxa plana keçib. Onların rəsmi Bakının 10 noyabr Bəyanatından sonra Azərbaycan ərazisinə göndərilmiş diversant qrupunun üzvlərinin hərbi əsir olmadıqlarını dəfələrlə bəyan etməsini qulaqardına vurması da məhz bundan irəli gəlir. Fransalı siyasətçilər sanki qəsdən Azərbaycan həqiqətlərini iqnor etməyə çalışırlar. Ən maraqlı məqamlardan biri də budur ki, Jerar Larşe kimi qeyri-obyektiv şəxslər torpaqlarmızın 30 ilə yaxın işğal altında saxlanmasına, məscid və qəbristanlıqlarımızın vəhşicəsinə dağıdılmasına, tarixi abidələrimizin məhv edilməsinə, minalanmış ərazilərin xəritələrinin verilməməsinə münasibət bildirmək istəmirlər. Bu da onların "ikili standartlar"la hərəkət etməsini göstərir. Əslində bütövlükdə Fransa dövləti hazırki siyasətini büsbütün “ikili standartlar” üzərində qurulub”. 

Partiya rəhbəri qeyd edib ki, ədalətsizlik və qərəzlilik Makron Fransası üçün “norma”ya çevrilib: 

“Ədalət prinsipinə sadiqliyini qoruyub saxlaya bilməyən, neytral mövqedən kənarlaşan bir ölkə hansı haqla ATƏT-in Minsk Qrupunun həmsədri ola bilər? Fransa bu haqqı çoxdan itirib. Hazırkı mövqeyi ilə Fransanın həmsədr olmağa nə mənəvi haqqı, nədəki siyasi əsası yoxdur. Odur ki, Fransa təcili surətdə həmsədrlikdən uzaqlaşdırılmalıdır. Bu Azərbaycan üçün olduqca prinsipial məsələdir”.