Lavrovun Bakı səfəri:“Masaya iki aktual məsələ yatırılacaq” - ŞƏRH

“Birincisi, Şuşada qalıqları tapılan“İskəndər-M” raketi ilə bağlıdır”

“Bizi ən çox düşündürən isə minalanmış ərazilərin xəritəsidir”


 Məlum olduğu kimi, Rusiyanın xarici işlər naziri Sergey Lavrov Azərbaycana işgüzar səfər edəcək. O, mayın 10-11-də Bakıda olacaq. Ayın 5-6-da isə Ermənistan XİN rəhbəri ilə müzakirələr aparılacaq. Bir çox politoloqların fikrincə, Lavrovun səfəri çərçivəsində sürprizlər gözlənilir. Onların yaxşı və ya pis olduğunu isə danışıqlardan sonra biləcəyik. 

 Siyasi analitik Turab Rzayevin fikrincə, əsas iki məsələ masaya yatırılacaq. O, bu barədə ehtimallarını “Sherg.az”la bölüşdü: 

“Hələ də yarımçıq qalan iki məqam var. Bunlardan birincisi Şuşada qalıqları tapılan“İskəndər-M” raketi ilə bağlıdır. Rusiya Müdafiə Nazirliyinin “Qarabağda “İskəndər-M” raketindən istifadə edilməyib” açıqlaması bizi qane etmir. Daha konkret cavab istəyirik. İkincisi isə üçtərəfli bəyanatın şərtlərinə əməl olunmur, sülhməramlılar funksiyalarından kənar işlə məşğuldurlar.

Məsələn, niyə Qarabağda ev, hərbi obyekt tikilir? Rusiya Müdafiə Nazirinin müavini Qarabağa səfər edir. Bu da yaxşı hal deyil. Ən azından əvvəlcə bizimlə razılaşdırılmalı idi. Eyni zamanda rus mətbuatında yeni Gömrük İttifaqı ilə bağlı məsələlər gündəmə gəlib. Fikrimcə,bu, təsadüfi deyil. Azərbaycanın “nəbzini yoxlamaq” məqsədlidir”.

T.Rzayevin fikrincə, görüş zamanı qarşılıqlı razılaşma da istisna deyil: 

“Rəsmi İrəvan erməni terrorçularının qaytarılmasına çalışır. Bizi ən çox düşündürən isə minalanmış ərazilərin xəritəsidir. Ermənistan və Rusiya rəsmiləri xəritənin onlarda olmadığını deyirlər. Lakin bu, inandırıcı deyil.

Niyə indiyədək nə bir nəfər rus, nə də erməni hərbçisi minaya düşərək həlak olmayıb?!

Deməli, müəmma var. Biz xəritənin verilməsi qarşılığında erməni terrorçuların düşmənə qaytarılmasına razıyıq. Hətta Avropa Şurasının son qərarı da bu barədədir. Sənəddə göstərilib ki, təkcə erməni terrorçuları deyil, həm də xəritə qaytarılmalıdır.
Yəni Lavrov ermənilərə təzyiq göstərsə və ya xəritəni Moskva özü bizə versə, məmnuniyyətlə terrorçuları qaytararıq”.