Qandinin heykəli təhqirə məruz qalıb

Ermənilər hələ də faşist təfəkküründən uzaqlaşmayıb

Hindistan Azadlıq Hərəkatının siyasi və ruhani lideri sayılan Mahatma Qandinin heykəli bu günlərdə Ermənistanda təhqirə məruz qalıb. Millətçi ermənilər İrəvanda ucaldılmış heykəli yandıraraq, vandalizm aktı törədiblər. Erməni radikallar bununla kifayətlənməyərək Hindistan liderinin heykəlini yumurta atəşinə tutub, Qandinin adı yazılmış lövhəni isə söküblər.

Ermənistan KİV-ləri heykəlin təhqir olunmasına müxtəlif formada don geyindirməyə çalışıblar. Doğrudur, erməni millətçiləri Qandini sevməyə bilərlər. Amma faşist Njdeyə heykəl ucaldanların İrəvanda dünyaca məşhur bir siyasi, dini rəhbərin heykəlini sökməyə çalışması olduqca təzadlıdır. Ermənilərin sərsəm iddialarına görə, Hindistan lideri qondarma “erməni soyqırımı”nın baş verməsi faktını inkar edibmiş. Bu səbəbdən xalq arasında vandalların son addımı təqdir edilir. 



Mövzuya münasibət bildirən Sosial Tədqiqatlar Mərkəzinin baş məsləhətçisi, siyasi-şərhçi Tural İsmayılov "Şərq"ə açıqlamasında bildirib ki, ermənilər tərəfindən Mahatma Qandinin heykəlinin təhqirə məruz qalması onların hələ də ifrat faşist təfəkküründən uzaqlaşmadığının bariz göstəricisidir:

"Ermənistanda  o qədər faşist zehniyyat hökm sürür ki, bu ölkə tarixə, mədəniyyətə, ümumdünya, siyasi və mədəni irsinə qarşı vandallıq aktı törədirlər. Mahatma Qandinin heykəlinin Ermənistanda təhqirə məruz qalması xoşagəlməz hadisədir. Bu, Ermənistanın hələ də radikal, sağçı milliyyətçilik duyğularından, eyni zamanda ifrat faşist təfəkküründən uzaqlaşmadığının bariz göstəricisidir.

Əslində bu günləri burada hökm sürən bu, faşizm ruhuna görə Ermənistanda hakimiyyətdə olmuş həm əvvəlki qüvvələr, həm də hazırda Paşinyan iqtidarı böyük məsuliyyət daşıyır. Çünki əvvəlki iqtidarı faşizmdə günahlandıran Paşinyanın özü iqtidara gəldikdən sonra ölkədəki milliyyətçi, aşırı faşist duyğusunu dəyişdirə bilmədi".

T.İsmayılov hesab edir ki, Hindistan sırf Pakistanla Azərbaycanın dostluq və qardaşlıq münasibətlərinə görə cılız şəkildə Ermənistanla müttəfiq olduğunu göstərməyə çalışır:

"44 günlük Vətən müharibəsi dövründə bəzi hindistanlı blogerlərin sosial mediada Ermənistanı dəstəkləməsi də sırf Pakistanın Azərbaycanı qardaş görməyindən irəli gəlir. Lakin düşünürəm ki, Hindistan çox böyük bir səhvə yol verir. Çünki Azərbaycan-Pakistan mənəvi həmrəyliyə malik olsalar da, bizim cəmiyyətimizin hər zaman hind mədəniyyətinə, hind dəyərlərinə və fəlsəfəsinə böyük marağı olub. Qeyd edim ki, hətta uzun müddət hindistanlılar Azərbaycanda müxtəlif sahələrdə fəaliyyət göstəriblər. Bu baxımdan bu gün Mahatma Qandinin heykəlinin təhqir olunması Hindistana acı gerçəyi bir daha ortaya qoyur. Nəticədə göstərir ki, ermənilərə görə azərbaycanlılarla münasibəti korlamaq olmaz".