Bakı hərəkətə keçməlidir! - "Qarabağa erməni rəsmilərinin gəlişi əngəllənsin"

“Azərbaycan Qarabağda Rusiya hərbçilərini rəsmi olaraq sülhməramlı qüvvələr kimi tanımır. Məhz ona görə də sülhməramlı mandatı sənədinə imza atmır”. 

Bu barədə “Sherg.az”a MCP sədrinin müavini, politoloq Məhəmməd Əsədullazadə deyib. 

Siyasi şərhçi bildirib ki, Rusiya sadəcə vasitəçi ölkədir və vasitəçi olaraq sülhün təmininə töhfə verməlidir: 

“Amma Rusiya tərəfinin Qarabağdakı fəaliyyəti Azərbaycana qarşı separtizmə dəstək verməkdən ibarətdir. Sentyabrın 2-də Qarabağda qondarma separatçı rejim “müstəqillik” günü qeyd edəcək. Ermənistandan yüksək çinli rəsmilərin qatılması gözlənilir. Çox güman, Ermənistan prezidenti və baş nazir belə bir “tədbirə” gəlməyi risk etməyəcəklər. Amma Azərbaycan Rusiyadan öz ərazisində suverenliyimizə qarşı yönəlmiş tədbirə icazə verməməsini tələb etməlidir. Qarabağa erməni rəsmilərinin gəlişinin qarşısını almalıdır. Ermənistan və Rusiyanın əsas məqsədi “status” məsələsini gündəmə gətirməklə prosesi dalana dirəməkdir. Məlumata görə, sentyabrın 2-də ABŞ konqresi də Azərbaycana qarşı separtıçılara dəstək verəcək. Həmçinin, bəzi ştatların qondarma “respublikanı” tanıya biləcəyi deyilir. Fransa senatında da ermeni separatçılarına dəstək veriləcək. Rəsmi Bakı indidən hərəkətə keçməlidir”.