Ermənistan və Rusiyaya xəbərdarlıq mesajı verildi

Elçin Xalidbəyli: "Rəsmi Bakı anlatdı ki, Cənubi Qafqazda şəriksiz geopolitik iradə sahibi məhz Azərbaycandır"

Bir neçə gün bağlı saxlanılan Görus-Qafan yolu açılıb. Zəngəzur qubernatorunun müavini Narek Babayanın açıqlamasına görə, Azərbaycan tərəfi müəyyən şərtlər irəli sürməklə yoldan istifadəyə icazə veriblər. Bildirilib ki, ordumuz yolda ziqzaqvari bloklar yerləşdirəcək. Səbəb kimi mümkün təhlükədən sığortalanmaq və müşahidə kameraları vasitəsilə avtomaşınların keçidinə nəzarət etmək göstərilib.

Qafan şəhərinin meri Gevorq Parsyan da Zəngəzur bölgəsindən keçən Gorus-Qafan avtomobil yolunun tamamilə açıldığını söyləyib: “Yol tamamilə açıqdır, yaşayış məntəqələri ilə əlaqə bərpa edilib”. Ermənistan tərəfi bildirib ki, Gorus-Qafan avtomobil yolu Ermənistan-İran sərhədinə çıxdığından nəinki regional, həm də dövlətlərarası əhəmiyyətə malikdir. 

Yolun bir müddət bağlı saxlanması ilə bağlı “Şərq”ə danışan siyasi şərhçi Elçin Xalidbəyli deyib ki, Gorus-Qafan yolunu bağlamaqla, Azərbaycan bir neçə məsələni eyni vaxtda həll etmiş oldu. Politoloqa görə, rəsmi Bakı Paşinyan hakimiyyətinə anlatdı ki, Azərbaycan Ermənistanın hərbi-siyasi təxribatlarını cavabsız qoymayacaq və Ermənistan hər dəfə cəzalandırılacaq:

“Gorus-Qafan yolunun bağlanmasını da rəsmi Bakı elə iki erməni hərbçinin Azərbaycan sərhədçisinə hücum edib, xəsarət yetirməsinə cavab olaraq, əsaslandırdı. Bu yolun bağlanması ilə Azərbaycan Ermənistanın cənubu ilə şimalı arasında əsas nəqliyyat-kommunikasiya xəttini kəsmiş oldu. Nəticədə Ermənistan müəyyən mənada, iki yerə parçalanmış oldu. Bu, Ermənistan üçün ağır zərbə xarakteri daşıyırdı. İkinci, rəsmi Bakı Ermənistana və onun himayədarlarına onu da anlatdı ki, Cənubi Qafqazda şəriksiz geopolitik iradə sahibi məhz Azərbaycandır. Yəni Paşinyan hakimiyyəti Ermənistanın himayədarlarının təlimatlarına deyil, məhz rəsmi Bakının maraqlarına daha həssas yanaşmalıdır. Əks halda, Azərbaycan daha sərt addımlar ilə rəsmi İrəvan üçün ciddi problemlər yarada bilər”. 

Ekspertin fikrincə, Gorus-Qafan yolunun bağlanması həm də müəyyən mənada, Laçın dəhlizi ilə bağlı Ermənistana və Rusiyaya ciddi xəbərdarlıq mesajı da sayıla bilər:

“Çünki bu yoldan və Laçın dəhlizindən keçməklə, Azərbaycan ərazilərinə - Xankəndi və ətraf bölgəyə rəsmi Bakını məmnun etməyən yüklər daşınırdı. İndi bu proses böyük ölçüdə rəsmi Bakının nəzarəti altına düşdü. Rəsmi Bakı Azərbaycan ərazilərinə qeyri-humanitar yüklərin daşınacağı təqdirdə, Laçın dəhlizini də nəzarətə götürə biləcəyini vurğulamış oldu. Bakı əslində, Gorus-Qafan yolunu bağlamaqla, Laçın dəhlizi və Xankəndi əməliyyatına start verdi. Ən yaxın vaxtlarda bu əməliyyata başlamaq üçün tam hazır olduğu barədə sərt xəbərdarlıq etmiş oldu”. 

E.Xalidbəyli bəyan edib ki, yolun bağlanması Azərbaycan-Ermənistan sərhədlərinin delimitasiya və demarkasiya prosesini müəyyən mənada təmin etdi:

“Ermənistanın Baş naziri Nikol Paşinyan rəsmi Bakının tələbi üzrə həmin ərazilərin Azərbaycana məxsus olduğunu etiraf etdi. Erməni baş nazir Eyvazlı və Çayzəmi kəndlərinin adlarını Azərbaycan toponimi ilə səsləndirərək, ölkəmizin sərhədlərini Gorus-Qafan yolu istiqamətində rəsmən tanımış oldu. Bu baxımdan Gorus-Qafan yolunun bağlanmasını həm də Azərbaycan-Ermənistan sərhədlərinin delimitasiyası və demarkasiya prosesinə başlanması kimi də dəyərləndirmək olar. Bu hadisə Azərbaycan üçün olduqca böyük əhəmiyyət daşıyır. Daha önəmli nəticələri yaxın gələcəkdə qabarıq şəkildə ortaya çıxacaq”.