Dilənçi Ermənistanı dirçəltmək istəyirlər

İndiki məqamda Ermənistan-Türkiyə əlaqələrinin inkişafı Moskvaya sərf edir
 
İki ölkə arasında əlaqələrin normallaşması Ermənistanın yükünü xeyli azaldacaq. Daha doğrusu, Rusiyanı Ermənistan yükündən, əlavə xərclərdən azad etmiş olacaq

“Qarabağda müharibə başa çatıb. Siyasi prosesin, nəqliyyat və iqtisadi əlaqələrin bərpa olunması üçün əsaslar yarandığına görə Ermənistanla Türkiyənin münasibətlərin normallaşması istiqamətində səyləri bərpa etmək məqsəduyğun olardı”. Bunu Rusiyanın Xarici işlər naziri Sergey Lavrov deyib. XİN rəhbəri bildirib ki, Rusiya bu məsələdə onları ən fəal şəkildə dəstəkləməyə hazırdır. Xatırladaq ki, ötən gün Rusiya XİN rəsmisi Mariya Zaxarova da açıqlamasında Moskvanın Ankara-İrəvan arasında münasibətlərin normallaşdırılmasına yardım etməyə hazır olduğunu demişdi: “Tərəfimizdən İrəvan və Ankara arasında bir müddət əvvəl müsbət siqnalların mübadiləsi qeydə alınıb. İki qonşu dövlətin qarşılıqlı hörmət və bir-birinin maraqlarının nəzərə alınması əsasında yaxınlaşmasına indi də yardım etməyə hazırıq”. Zaxarova “altılıq” platforması məsələsinə də münasibət bildirmişdi: “Bu platforma bütün potensial iştirakçıların maraqlarına cavab verə, sülhün və etimadın möhkəmləndirilməsinə köməklik göstərə bilər”. Məlumdur ki, bir müddət qabaq Ermənistan Baş naziri Nikol Paşinyan Türkiyə ilə “heç bir şərt olmadan” barışığa hazır olduğunu, Ankaradan müəyyən siqnallar aldığını bildirmişdi. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da öz növbəsində Ankaranın Ermənistan hökuməti ilə münasibətləri tədricən normallaşdırmaq üçün işə başlaya biləcəyini istisna etməyib. Qarabağ məsələsində Azərbaycanı dəstəkləyən Türkiyənin Ermənistana dair siyasəti məhdud olub. Lakin İkinci Qarabağ müharibəsi və üçtərəfli razılaşma bu vəziyyəti dəyişib. Tərəflər arasında müəyyən ziddiyyətlər və uzunmüddətli problemlər olsa da, təhlilçilərə görə, indi normallaşma prosesi üçün müəyyən siyasi mühit nəzərə çarpır. Lakin əsas məsələ Moskvanın bunda nə qədər maraqlı olmasıdır. 

Sosial Tədqiqatlar Mərkəzinin mətbuat xidmətinin rəhbəri, beynəlxalq məsələlər üzrə siyasi şərhçi Əziz Əlibəyli “Şərq”ə bildirib ki, Rusiyanın hazırda Cənubi Qafqaz regionuna və nüfuzunu möhkəmləndirməyə ehtiyacı var. Analitik vurğulayıb ki, Moskva müttəfiq ölkələr qazanmaq istəyir:

“Rusiyaya qarşı beynəlxalq aləmdə münasibət mənfidir. Avropa İttifaqı Moskva əleyhinə tədbirlərə əl atır, sanksiyalar tətbiq edir. Bütün bunlar Kremli təkləyir və imperialist maraqlarına zərbə vurur. 2016-cı ildən Rusiya və Türkiyə arasında münasibətlərin inkişafı hər iki ölkənin maraqlarına cavab verir. Hələlik iki ölkə problem yaradacaq məqamlardan qaçır, ortaq məxrəcə gəlməyə çalışırlar. Zaxarovanın açıqlamalarını, ondan əvvəl Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanın Ermənistanla bağlı ifadələrini və Paşinyanın sözlərini bir araya gətirsək, o qənaətə gələ bilərik ki, “altılıq” platforması Moskva tərəfindən də müsbət qarşılanır və qəbul edilir. O cümlədən də indiki məqamda Ermənistan-Türkiyə əlaqələrinin inkişafı Moskvaya sərf edir. İrəvan-Ankara yaxınlaşması nəticə etibarı ilə birbaşa Ermənistanın Türkiyənin nüfuzu altına düşməsi sayılmır. Lakin iki ölkə arasında əlaqələrin normallaşması Ermənistanın yükünü xeyli azaldacaq. Daha doğrusu, Rusiyanı Ermənistan yükündən, əlavə xərclərdən azad etmiş olacaq. Bu mənada Türkiyə-Ermənistan sərhədlərinin açılması, həmçinin, Zəngəzur dəhlizinin və regional kommunikasiyaların işə düşməsi bölgə ölkələrinin ortaq qazancı halına gələcək. Düşünürəm ki, Azərbaycan, Gürcüstan, Türkiyə, Rusiya, İran və Ermənistanın yer alacağı “altılıq” platformasının reallaşması mümkündür. Bu layihəni tam şəkildə həyata keçirmək olar. Xüsusən, cənub qonşumuz İran öz problemlərini “altılıq” platforması çərçivəsində həll etmək imkanına malik olar”.