Deputat: "Ermənistana növbəti yekun zərbə vurulacaq"

C.Məmmədov: "Heç şübhəmiz yoxdur ki, bütün torpaqlarımız tezliklə işğaldan tamamilə azad olunacaq" 

"Görünür, “dəmir yumruq” Ermənistanın özünə gəlməsi üçün yetərli olmadı"


“Zaman gələcək Şuşa kimi Xankəndi də düşmən əsarətindən xilas edilərək işığa qərq olacaq”.

Bu barədə “Sherg.az” açıqlamasında millət vəkili Ceyhun Məmmədov deyib. 

Deputat bildirib ki, sentyabrın 2-i qondarma rejim Ermənistandan gələn nümayəndə heyəti ilə birgə qondarma rejimin “müstəqillik” gününü qeyd etdi: 

“Haqlı olaraq bu, Azərbaycan cəmiyyəti tərəfindən hiddətlə qarşılandı. Heç şübhəsiz ki, Ermənistan bu addımları Azərbaycanı təxribata çəkmək üçün atdı. Paşinyan da vaxtilə tez-tez Qarabağa səfər edərək Qarabağın “Ermənistan ərazisi olduğunu” söyləyirdi. Yəqin hər birimiz ötən ilin may ayında Paşinyanın Şuşaya səfərini, orada sərxoş vəziyyətdə rəqs etməsini yaxşı xatırlayırıq. O vaxt cəmiyyətdə Şuşanın vurulması ilə bağlı ciddi çağırışlar edilirdi. Ancaq ölkə rəhbərliyi soyuqqanlılıq nümayiş etdirərək uyğun məqamı gözlədi. Nəhayət sentyabrın 27-dən başlayaraq Azərbaycan Ermənistana yekun zərbəni vuraraq, qısa müddətdə işğal altında olan torpaqlarımızı düşməndən azad etdi. Prezidentin qeyd etdiyi kimi, Azərbaycan hazırda Qarabağda baş verənləri diqqətlə izləyir. Lazım olan məqamda Ermənistana növbəti yekun zərbə vurulacaq. Ermənistan havadarlarına nə qədər arxayın olsa da, bu onu Azərbaycanın əlindən xilas edə bilməyəcək. Görünür, “dəmir yumruq” Ermənistanın özünə gəlməsi üçün yetərli olmadı. Növbəti yumruğa ehtiyac var. Ermənistan tərəfi bilməlidir ki, Azərbaycan torpaqlarının işğalı ilə heç zaman barışmayacaq”.

Parlament üzvü qeyd edib ki, Azərbaycan böyük uzaqgörənliklə Qarabağda sürətli abadlıq və quruculuq işləri həyata keçirir: 

“Tezliklə işğaldan azad olunan ərazilərimiz dünyanın ən abad və gözəl bölgələrindən birinə çevirəcək. Heç şübhəmiz yoxdur ki, bütün torpaqlarımız tezliklə işğaldan tamamilə azad olunacaq. Hazırda əsas məqsəd və hədəf qələbənin daha da möhkəmləndirilməsi, birlik və həmrəyliyimizin qorunması, abadlıq işlərinin sürətli aparılması olmalıdır. “Yorğan davasının” hazırkı məqamda heç yeri yoxdur”.