Azərbaycanın səsi...

Çalışmaq lazımdır ki, bu vicdanlı, obyektiv rus balası Rusiya Dövlət Dumasına seçilsin

Fazil Mustafa: "Əziz soydaşlarım, onun seçilməsinə bir milli vəzifə kimi baxın, onu təbliğ edin"

Azər Həsrət: "Təkcə Şevçenko deyil, Rusiyada ədalətli mövqe tutan kim varsa, azərbaycanlılar onlarla işləməlidir"


Rusiyada Dövlət Dumasına və digər yerli orqanlara seçkilərlə bağlı kampaniya başlayıb. Seçkilərdə 44 günlük Qarabağ müharibəsində Azərbaycana aktiv dəstək verən politoloqlar, partiya sədrləri də iştirak edir. Onlardan biri tanınmış ictimai xadim, jurnalist Maksim Şevçenkonun rəhbərlik etdiyi “Rusiya azadlıq və ədalət” Partiyasıdır. Şevçenko Moskvanın 208-ci seçki dairəsindən namizəd olacağını bildirib. Bəzi şəxslər hesab edirlər ki, Şevçenko kimi adamlar Dumada Azərbaycan lobbisi kimi də işə yaraya bilər.

Məsələn, millət vəkili Fazil Mustafa Rusiyadakı soydaşlarımızı Şevçenkoya dəstək verməyə çağırıb. Deputat bildirib ki, Maksim Şevçenko vicdanlı, obyektiv və cəngavər bir rus balasıdır, Azərbaycanın da haqq davasında dəstəyini əsirgəməyən bir fədaidir: “Rusiya vətəndaşı olan azərbaycanlıların həmrəyliyi üçün bundan vacib hansı addım ola bilər ki? Əziz soydaşlarım, onun seçilməsinə bir milli vəzifə kimi baxın. Rusiya vətəndaşı olmayıb burada yaşayan, işləyən azərbaycanlıların da özlərinə xas başqa millətlərdən olan dostları, tanışları, iş ortaqları var. Onlara da Şevçenkonu təbliğ edin. Bu dəyərli şəxsiyyət görsün ki, Azərbaycan insanı dar məqamda onun haqq işini dəstəkləyənlərə qarşı öz vəfa borcunu unutmur. Qısacası, kimin Rusiyada səsvermə hüququ olan hansısa insan kanalı varsa, onu işə salmağa borcludur! Bir neçə gündür Rusiya məkanında tanıdığım, bildiyim insanlarla əlaqə yaradıb seçkidə Maksim Şevçenkonu dəstəkləməklə bağlı xahişimi edirəm”.

Siyasi şərhçi Azər Həsrət isə düşünür ki, Maksim Şevçenko Azərbaycana dəstək vermir, sadəcə olaraq ədalətli adam olduğuna görə haqq işinə dəstək çıxır. A.Həsrət qeyd edib ki, Azərbaycan-Ermənistan məsələsində haqlı tərəf biz olduğumuza görə, ədalətli, vicdanlı insanlar rəsmi Bakının mövqeyini müdafiə edirlər:

“Şevçenko Azərbaycan lobbisi, diaspora nümayəndəsi deyil. O, Rusiya vətəndaşıdır və hər şeydən öncə Moskvanın maraqlarını müdafiə edir. Şevçenkonun Dumaya seçilib-seçilməməsi Rusiyanın daxili işidir. Azərbaycan xarici ölkə olduğu üçün bu məsələyə birbaşa qarışa bilməz.

Əlbəttə, istərdik ki, bu cür dürüst adamlar Rusiya Dumasında təmsil olunsunlar, sayları çox olsun. Sabah Rusiya və Ermənistanla bağlı, yaxud hansısa beynəlxalq müstəvidə bir məsələmiz olanda Şevçenko kimi adamların dürüstlüyündən faydalana bilək. Bu, bizim xeyrimizə olar. Amma yenə deyirəm, Rusiyadakı seçkilərə qarışmamalıyıq.

Çünki bu, etik olmaz. Sadəcə arzulayırıq ki, Dumada ədalətli, haqqın tərəfində olan adamlar təmsil olunsunlar. Bəs bunun üçün nə edə bilərik? Rusiya vətəndaşı olan azərbaycanlılar fəal mövqe tutmalıdırlar. Xatırladım ki, Rusiyada kifayət qədər imkanlı, geniş şəbəkələrə, təsir imkanlarına malik azərbaycanlılar var.

Soydaşlarımız bu məsələni diqqətə alaraq, prosesdə aktiv iştirak edə bilərlər. Görə biləcəyimiz iş budur. Ümumiyyətlə, təkcə Şevçenko deyil, Rusiyada ədalətli mövqe tutan kim varsa, azərbaycanlılar onlarla işləməlidir”.