Gürcüstanda "Saakaşvili planı" baş tutmadı

Bir müddətdən sonra keçmiş prezidentin xəstəlik adı ilə başqa ölkəyə göndərilməsi reallaşa bilər

Ukrayna Prezidenti Vladimir Zelenski ilə Gürcüstan Baş naziri İrakli Qaribaşvili arasında telefon danışığı olub. Bu barədə Zelenski özünün “Twitter” hesabında paylaşım edib. O qeyd edib ki, söhbət zamanı Ukrayna vətəndaşı olan sabiq prezident Mixeil Saakaşvilinin hüquqlarının beynəlxalq normalar əsasında tam şəkildə qorunmalı olduğunu vurğulayıb. 

Bildirib ki, Gürcüstan baş nazirinə Saakaşvilinin anası, qohumları və ukraynalı həkimlərin qəbulu üçün müraciət edib. Bu arada məşhur gürcü aktyoru və müğənnisi Vaxtanq Kikabidze də Ukrayna Prezidenti Vladimir Zelenski ilə görüşüb və ondan hazırda Gürcüstanda həbsdə olan Mixeil Saakaşvilinin tezliklə Ukraynaya qaytarılmasını istəyib: “Zelenski mənə qulaq asdı və dedi ki, bu məsələni telefonda müzakirə edəcək”. Kikabidze etiraf edib ki, Saakaşviliyə qarşı isti münasibət bəsləyir və onun həyatı üçün narahatdır. Xatırladaq ki, ötən gün Mixeil Saakaşvilinin həbsxana klinikasına aparıldığını əks etdirən video-görüntü yayılıb. Videonu Gürcüstanın Ədliyyə Nazirliyi yayıb. Görüntülərdə Saakaşvilinin yarıçılpaq şəkildə sürüyərək aparıldığı əks olunub. Saakaşvili əvvəllər həbsxanadan xəstəxanaya aparıldıqdan sonra döyüldüyünü bildirmişdi: “Həbsxana əməkdaşları məni maşından çıxarmağa başladılar. Çıxmaqdan imtina etdikdə məni zorla itələdilər, qışqırıq, söyüşlər altında sürüyərək boynuma bir neçə zərbə də vurdular. Saçımdan dartdılar və təbii ki, o zaman onlara müqavimət göstərdim”. Nazirlik Saakaşvilinin sözlərini təkzib mənasında həmin videonu yaydığını bəyan edib. 

Gürcüstandakı prosesləri “Şərq”ə dəyərləndirən AĞ Partiya sədrinin müavini, politoloq Əhəd Məmmədli deyib ki, Saakaşvilinin həbsi ona Ukraynanın keçmiş baş naziri və müxalifət lideri Yuliya Timoşenkonun həbs olunması hadisəsini xatırladır. Analitik bildirib ki, o vaxt əldə olunan razılığa görə, Timoşenko Almaniyaya müalicəyə getməli idi:

 “Həmin dövrdə Ukraynanın ərazi bütövlüyü pozulmamışdı. Sonra inqilab baş verdi və ölkə öz ərazisinin müəyyən hissəsini itirdi. İndi Saakaşvili ilə bağlı Ukrayna ilə Gürcüstan arasında müzakirələr gedir, çünki eks-prezident Ukrayna vətəndaşıdır. Amma düşünürəm ki, tərəflər arasında məhz Saakaşviliyə görə ciddi qarşıdurma baş verməyəcək. Əvvəla, Ukrayna Gürcüstana təsir imkanlarına sahib deyil. Əlbəttə, xahişlər olacaq, hansısa müstəvidə hətta tələb də edəcəklər. Lakin qarşıdurma yaradacaq addımlar atılmayacaq. Bir müddət sonra digər dövlətlərin, Qərb ölkələrinin prosesə qarışmasından sonra Saakaşvilinin azad edilməsi, yaxud xəstəlik adı ilə başqa ölkəyə göndərilməsi reallaşa bilər. Ən əsası odur ki, müəyyən dairələrin Gürcüstanda “Saakaşvili planı” baş tutmadı”.