Regionun gələcəyi "3+3" formatından asılıdır


Artıq İranın da siyasətində müəyyən yumşalmalar müşahidə olunur

“Regionda vacib hadisələr baş verir”. Bunu Türkiyənin Xarici işlər naziri Mövlud Çavuşoğlu noyabrın 15-də Tehranda iranlı həmkarı Hüseyn Əmirabdullahianla birgə keçirdiyi mətbuat konfransında deyib. “Regional məsələlərdə dialoqun davam etdirilməsi daha əhəmiyyətlidir. Cənubi Qafqazın sabitliyi, xüsusilə 3+3 formatı ilə bağlı İran tərəfi ilə müzakirələr aparırıq. Həmçinin İraqın, Əfqanıstanın sabitliyi üçün İran və Türkiyənin mühüm addımlar ata biləcəyini düşünürük”, - o bildirib.

Məsələylə bağlı siyasi analitik Rusif Məmmədsoy “Şərq”ə açıqlamasında vurğulayıb ki, Mövlud Çavuşoğlunu Hüseyn Əmirabdullahian İrana dəvət edib. Analitik qeyd edib ki, əsas olaraq burda ikili əlaqələr müzakirə predmeti olub: 

“Ümumiyyətlə, İranın artıq siyasətində müəyyən yumşalmalar müşahidə olunur. Daha doğrusu, onu biz buna məcbur eləmişik. Çünki bildiyiniz kimi, bundan əvvəl İran tərəfi Azərbaycana qarşı müəyyən nəbz yoxlaması keçirdi. Ancaq heç bir nəticə əldə edə bilmədi. Bundan əlavə onun Azərbaycandakı müxtəlif radikal şəbəkələri deşifrə edildi və deaktiv hala gətirildi. 

Bu əslində İrana çox ciddi mesaj idi. İran artıq bölgədəki reallıqlarla barışmaq məcburiyyətindədir, bunun başqa çarəsi yoxdur. Türkiyənin də əsas istəklərindən biri də odur ki, İranı “Altılıq platforması”nda görmək istəyir. Bəli, regionun gələcəyi “3+3” formatında görülür. 

Burda da təkcə Türkiyənin və Azərbaycanın maraqları deyil, digər dövlətlərin də maraqları var”.