Arzularımız çin oldu: Zəngəzur dəhlizi əsas qapıdır



Türk Dövlətləri Təşkilatı regionda iqtisadi inkişafın və sabitliyin katalizatoru rolunu oynaya bilər

Noyabrın 12-də İstanbulda keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VIII Zirvə Görüşü dünya ictimaiyyətində diqqətinə səbəb oldu və böyük rezonans yaratdı. Tədbirdə quruma sədrlik Azərbaycandan Türkiyəyə ötürüldü. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən Azərbaycan Prezidenti İlham Əliyevə Türk Dünyasının Ali Ordeni təqdim edildi. Dövlət başçısı İlham Əliyev bildirdi ki, Türk Dünyasının Ali Ordeninin sədrliyin Türkiyəyə təhvil verildiyi bir gündə ona verilməsi xüsusilə önəmlidir: 

“Bu, sədr kimi ötən iki ildə sərf etdiyimiz səylərin də eyni zamanda müvəffəqiyyətlə istənilən nəticələrə gətirib çıxardığını təsdiqləmiş olur”. Türk Şurasının adı Türk Dövlətləri Təşkilatı olaraq dəyişdirildi və Türkmənistan təşkilata üzv qəbul edildi. 

Qurumun adının dəyişdirilməsi və Türkmənistanın təşkilata gətirilməsi türk coğrafiyasının genişlənməsinə və strukturun güc mərkəzinə çevrilməsinə səbəb olacaq. Orta Asiyanın türk dövlətləri bu prosesə çox çətin və uzun müzakirələrdən sonra qoşulub. Bu prosesdə Türkiyə qədər Azərbaycanın da xidmətlərini və fədakarlığını danmaq olmaz. 3 oktyabr 2009 tarixində Naxçıvanda təməli qoyulan türk birliyinin indi 6 bərabərhüquqlu və 2 müşahidəçi üzvü var. 

ABŞ-ın Atlantik Şurasının böyük elmi işçisi, beynəlxalq ekspert Metyu Brayza bildirib ki, Türk Dövlətləri Təşkilatı regionda iqtisadi inkişafın və sabitliyin katalizatoru rolunu oynaya bilər. Onun sözlərinə görə, bu il noyabrın 12-də İstanbulda keçirilmiş zirvə görüşündə Türk Şurasının adı Türk Dövlətləri Təşkilatına dəyişdirildi: 

“Hesab edirəm ki, bu, üzv və müşahidəçi dövlətlər arasında əməkdaşlığın yeni və daha intensiv mərhələsini əks etdirir. Bu təşkilat Aralıq və Qara dənizdən, Xəzər dənizi və onun hüdudlarından kənaradək uzanan regionda iqtisadi inkişafın və sabitliyin katalizatoru rolunu oynaya bilər”. Ekspert Türkmənistanın Türk Dövlətləri Təşkilatına qəbul edilməsini alqışladığını bildirib: “Bu addımın regional əməkdaşlığı daha da möhkəmləndirəcəyini gözləyirəm. Türkmənistan və Azərbaycan artıq logistika sahəsində vacib oyunçular kimi birgə fəaliyyət göstərərək malların Avropadan Mərkəzi Asiyaya və onun hüdudlarından kənara və əksinə, etibarlı daşınmasını təmin edir”. 

Politoloq Turab Rzayev “Şərq”ə bildirib ki, regionda yeni iqtisadi-siyasi gücün meydana gələcəyi ehtimalı böyükdür. Analitikin fikrincə, burada əsas ana kanal Türkiyə üzərindən Zəngəzur dəhlizi ilə Azərbaycan və Orta Asiyaya açılan qapıdır: 

“Bundan sonra regionun gələcəyi məhz türk dövlətlərinin birliyindən keçir. Xüsusi ilə Azərbaycan və Türkiyə arasında Şuşa Bəyannaməsi ilə təsdiq olunmuş yaxın əməkdaşlıq və müttəfiqliyin nümunəyə çevriləcəyi gözlənilir. Digər türk ölkələrlə də analoji sazişlər bağlanacağı və Yaxın Şərqdən Mərkəzi Asiyaya qədər geniş coğrafiyanı əhatə edən iqtisadi-siyasi gücün meydana gələcəyi ehtimalı çox böyükdür. Bu iqtisadi dəhliz bütün region və dünya üçün yeni imkanlar açır və Türk Dövlətləri Təşkilatının gələcək iqtisadi rolunun artmasını təmin edir”.

Millət vəkili Razi Nurullayev də bildirib ki, Türk Dövlətləri Təşkilatı bizim Avropa Birliyimizdir. Deputatın sözlərinə görə, bu təşkilat bizi çox, çox uzaqlara aparacaq: 

“Türk Şurasının İstanbulda keçirilən VIII zirvə görüşü və Şuranın adının Türk Dövlətləri Təşkilatına dəyişdirilməsi göstərilən 30 illik səyin bəhrəsidir. Əslində isə düz 10 əsrdir ki, bu mübarizəni aparırdıq və sonunda oldu. Bu, Turan deyil, daha böyükdür”. Deputat vurğulayıb ki, proses uzun çəkdi, amma arzularımızda olan təşkilat oldu: “Bundan sonra heç yalnız deyilik, artıq kürəyimizi söykəyə biləcəyimiz 7 qardaşıq və sayımız da artmaqda davam edəcək. Növbəti qardaşlar Pakistan, Bosniya-Hersoqovina, Ukrayna və şahidlik edəcəyimiz digər dövlətlər olacaq. XIX əsr türk - müsəlman dünyasının böyük düşüncə sahiblərindən biri İsmayıl bəy Qaspıralının dediyi yola çıxdıq: “Dildə, fikirdə, əməldə birlik!”. 

R.Nurullayev Azərbaycan Prezidenti İlham Əliyevə təşkilatın “Ali Nişan”nın verilməsini yüksək dəyərləndirib: “Bu, Azərbaycan xalqının başını uca etdi. Prezident İlham Əliyev dedi ki, bu, Azərbaycana verilmiş bir nişandır və bu fikri bölüşürəm. Bu ali nişan Azərbaycanın işğalda olan torpaqlarının azad edilməsinə, zəfərinə verilən qiymət idi”. 

Politoloq Ceyhun Əhmədli də qeyd edib ki, Prezident İlham Əliyevin türk dünyasının ali mükafatı ilə təltif edilməsi Prezidentin böyük şəxsiyyətinə, türk dünyasındakı liderlik mövqeyinə, beynəlxalq miqyasda və türkdilli dövlətlər arasında olan yüksək nüfuzuna verilən yüksək dəyərin göstəricisidir. Analitik bildirib ki, bu həm də Vətən müharibəsində qazandığımız tarixi zəfərə verilən qiymətdir: 

“Azərbaycan erməni işğalçılığına soy qoyaraq özünün ərazi bütövlüyünü bərpa etməklə türk birliyinin möhkəmlənməsinə mühüm töhfələr verdi. Bölgədə davamlı sülh və sabitliyin əldə olunmasına yol açdı. Təbii ki, müharibənin ən mühüm nəticələrindən biri olan Zəngəzur dəhlizi həm də türk dünyasının böyük qələbəsidir. Xatırladaq ki, hələ 2009-cu ilin oktyabrında türkdilli dövlət başçılarının Naxçıvan Zirvə görüşündə Prezident İlham Əliyev deyirdi: “Vaxtilə Azərbaycanın tarixi torpağı, əzəli torpağı Zəngəzur bölgəsinin Azərbaycandan ayrılıb Ermənistana birləşdirilməsi demək olar ki, böyük türk dünyasını coğrafi baxımdan parçaladı. Yəni türk dünyasının vahid bir ailə kimi, vahid bir qüvvə kimi fəaliyyəti on illiklər ərzində dayandırılmışdır”. Bu gün Zəngəzur dəhlizinin yaradılması təkcə iqtisadi deyil, həm də böyük siyasi əhəmiyyət daşıyan hadisədir. Prezident İlham Əliyev türkdilli dövlətlər arasında coğrafi bağlılığını bərpa edərək, bütün türk dünyasının birlik arzusunun reallığa çevrilməsinə misilsiz töhfələr verdi”. 

C.Əhmədli qeyd edib ki, ümumiyyətlə, hazırda regionda həyata keçirilən beynəlxalq və regional layihələr türkdilli dövlətlər arasında bağlılığa öz töhfəsini verməkdədir:

 “Zəngəzur dəhlizinin açılması ilə bu bağlılıq daha da artacaq, əməkdaşlığımıza yeni bir nəfəs qatacaq, üzv ölkələr arasında yük və sərnişin daşımalarının həcminə müsbət məcrada təsir edəcəkdir. Eyni zamanda, inteqrasiya prosesləri və mexanizmləri insanlarımız arasında da təmasların intensivləşməsinə səbəb olacaq. Prezident İlham Əliyev türk dünyasında uzaqgörən, məqsədyönlü, prinsipial lider kimi şöhrət qazanıb. Xüsusən, Türk Şurasının Naxçıvandan başlanan inkişaf yolunda Prezident İlham Əliyev böyük əmək sərf edib. Türk dünyası adından verilən bu ali mükafat bu zəhmətin qiymətləndirilməsi, minnətdarlıq hissinin ifadəsidir. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan təşkilatının inkişafına, onun sıralarının genişlənməsinə, beynəlxalq aləmdə nüfuzunun yüksəlməsinə və əlaqələrinin artmasına önəmli töhfələr verib”.