Videogörüntülərdə hər şey aydın görünür

Son terror aksiyasında Rusiya fiaskoya uğradı

Bunu kompensasiya etmək Moskva üçün çox çətin olacaq

“Terror ermənilərin son silahıdır və uzunmüddətli manipulyasiyaları, diplomatik, siyasi və hərbi manevrlərinin bu və ya digər prosesə təsiri azalanda terrora əl atır”. Bunu siyasi şərhçi, “Xalq Cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli deyib. Ekspert qeyd edib ki, təəssüf ki, bir çox hallarda bölgədə davamlı sülhün təmin olunması ilə bağlı həyata keçirilən prosesi sıfırlamağı bacarırlar: 

“Azərbaycan torpaqlarının işğal altında olduğu zaman kəsiyində münaqişəyə son qoyulması, sülh müqaviləsinin imzalanması üçün ən əlverişli şərait 1999-cu ildə, ATƏT-in İstanbul sammiti öncəsi yaranmışdı. Lakin həmin il oktyabrın 27-də gerçəkləşdirilən terror aksiyası aparılan danışıqlar nəticəsində əldə olunan nəticələrin gündəmdən çıxarılmasına və prosesin de-fakto sıfırlanmasına zəmin yaratdı. İndi Ermənistanda həmin dövrdə baş verən terror aksiyasının Azərbaycanın əsas hissəsi ilə Naxçıvanı birləşdirəcək dəhlizlə bağlı olduğu bildirilir. Qeyd olunur ki, guya, qətlə yetirilən şəxslər Azərbaycanla Ermənistan arasında “ərazi mübadiləsi”nin əleyhinə olduqları üçün qətlə yetiriliblər. Amma istər həmin dövrdə, istərsə də daha sonra baş verənlər bunun əksini sübuta yetirir. Serj Sarkisyanın qardaşı Saşik Sarkisyanın 2007-ci ildə, Sankt-Peterburqda, erməni kriminal avtoritet Tevosikin yaxın qohumunun dəfnində söylədiyi həmin dövrdə Ermənistan mediasının gündəminə çevrilən sözlər də parlamentdə baş verən kütləvi qətliamın arxasında Koçaryan-Sarkisyan cinayətkar tandeminin dayandığını təsdiqləyir. Xatırladaq ki, Saşik Sarkisyan öz fikirlərini çoxsaylı şahidlərin yanında belə ifadə etmişdi: “Biz parlamentdə bu qədər adamı ona görə yerə sərmədik ki, bu gün hakimiyyəti asanlıqla təhvil verək”. Koçaryan-Sarkisyan hərbi cinayətkar rejiminin terrorla aradan qaldırdığı baş nazir Vazgen Sarkisyan və spiker Karen Dəmirçyan sülh danışıqlarının nəticəyə varmasının tərəfdarı kimi çıxış edir. Bölgədə davamlı sülhə nail olmaq üçün münaqişəyə son qoyulmasının vacibliyini bildirirdilər. Ermənistan cəmiyyətində nüfuz və söz sahibi olan bu iki siyasətçinin önə çıxmaları, şübhəsiz, cinayətkar klanın siyasi arenadan silinməsinə gətirib çıxaracaqdı. Bu baxımdan da son anda ermənilərin klassik “silahı” işə düşdü. Həm danışıqlar prosesi sıfırlandı, həm də müharibə cinayətkarları güclü rəqiblərindən xilas ola bildilər”.

E.Mirzəbəyli deyib ki, 2016-cı ilin aprel döyüşlərindən sonra dalana dirənən Serj Sarkisyan, Rusiyanın vasitəçiliyi ilə Azərbaycan qarşısında götürdüyü öhdəliklərdən yaxa qurtarmaq üçün yenə də terrora əl atdı: 

“Bu dəfə “Sasna tsrer” adlı, artıq siyasi partiyaya çevrilmiş hərəkat - terror qrupu işə düşdü. Serj Sarkisyan üçün “ölkədəki vəziyyətin gərgin olduğunu və bu səbəbdən öhdəliklərin yerinə yetirilməsinin mümkünsüzlüyünü” bəhanə gətirmək imkanı yarandı. Eyni dəst-xətt yenidən nəzərə çarpmaqdadır. Azərbaycanla Ermənistan arasında yeni sənədlərin imzalanacağı barədə məlumatların gündəmi zəbt etdiyi bir vaxtda, Daşaltıda “Sasna tserer” terror qrupunun üzvlərindən biri tərəfindən Azərbaycan əsgərlərinə qumbara atılır. Yenə hansısa mühüm qərarların qəbul ediləci ilə bağlı reallıqların nəzərə çarpdığı bir vaxtda və yenə də terror aksiyası baş verir.

Ermənistanda “Sasna Tsrer”ə münasibət birmənalı deyil. Bunu 1918-ci ildən “siyasi partiya” çətiri altına keçmiş terror təşkilatının son parlament seçkilərində topladığı səs də sübuta yetirir. Amma burada bir məqamın da nəzərə alınmasını vacib sayıram. “Sasna Tsrer”in 2016-cı ildə həbs edilmiş üzvləri, o cümlədən terror təşkilatının qurucusu Jirayr Safilyan, məhz Nikol Paşinyan hakimiyyətə sahibləndikdən sonra azadlığa buraxılıblar. Həmin dövrdə Nikol Paşinyanın bu addımı radikal millətçilərin səslərinin parçalanması, Rusiyayönümlü millətçilərin Qərbyönümlü millətçilər vasitəsilə sıxışdırılması məqsədilə atdığını bildirmişdim. Bu gün də belə düşünürəm”.

Siyasi icmalçı vurğulayıb ki, Ermənistan mediasının “Fransanın casusu” adlandırdığı Jirayr Safilyan Rusiya əleyhinə sərt ritorikası ilə seçilir:

 “İrəvanda Rusiya əleyhinə keçirilən etiraz aksiyalarının təşkilatçılarından biri də Livan ermənisi Jirar Safilyan və onunla birlikdə “Milli-demokratik qütb” hərəkatında təmsil olunan siyasi qüvvələrdir. “Sasna tsrer”lə bağlı diqqət çəkən məqamlardan biri terror təşkilatının üzvlərinin bir qisminin ikinci Qarabağ müharibəsində ön cəbhəyə getməkdən imtina etmələri, bir hissəsinin isə ümumiyyətlə, Qarabağa gəlməmələridir. “Sasna tsrer”in üzvləri bunu onların Qarabağa getmələrinin qadağan edilməsi ilə əlaqələndirirlər. Amma Nikol Paşinyanın Qərbyönümlü millətçi təşkilatları, o cümlədən “Sasna tsrer”i himayə etməsi ilə bağlı faktlar sübuta yetirir ki, baş nazir, sadəcə onları qorumaq istəyib. O zaman ortalığa təbii bir sual çıxır: Nə üçün? Ola bilsin ki, Rusiya və Türkiyə əleyhinə kampaniyanın aparılması, ehtiyac duyulduqda Moskvanın iştirakı ilə danışıqların pozulması, süni gərginliyin yaradılması üçün. Bunun əksi də ola bilər. Yəni “Sasna tsrer”çilər Nikol Paşinyan üçün uyğun olan bütün senarilərdə yer ala bilərlər. Çünki ipləri Nikolun əlindədir”. 
Elçin Mirzəbəyli əlavə edib ki, terror təşkilatının üzvü Norayr Mirzoyanın Daşaltıda həyata keçirməyə cəhd göstərdiyi terror aksiyası da Azərbaycan hərbçilərinə qarşı idi. Buraya Rusiya sülhməramlılarının “yapışdırılması”nın, ümumiyyətlə yeri yoxdur: “Terrora cəhdlə bağlı videogörüntülərdə hər şey aydın görünür. İçərisində Mirzoyanın olduğu yük maşını dayanan kimi Rusiya sülhməramlıları sürətlə ərazidən uzaqlaşırlar. Azərbaycan hərbçiləri isə yalnız qumbara atıldıqdan sonra baş verənlərin fərqinə varırlar. Deməli, sülhməramlılar Mirzoyanın terrora cəhd edəcəyini dərhal anlayıblar. Mümkündür ki, Mirzoyanın hərəkətləri Rusiya sülhməramlılarının dayandığı nöqtədən daha tez sezildiyi üçün, sülhə təhdid yaradan addımların qarşısını almağa borclu olanlar, terrorçunun zərərsizləşdirilməsinə cəhd göstərməyiblər, sadəcə, dabanlarına tüpürüb qaçıblar. Bunun  xüsusi təlimat əsasında baş verdiyini fikirləşmirəm. Elə bacardıqları budur. Baş verənlərdən çıxarılması mümkün olan nəticə isə ondan ibarətdir ki, Rusiya sülhməramlıları dislokasiya olunduqları ərazilərdə təhlükəsizliyi təmin etmək iqtidarında deyillər. Zənnimcə, belə bir təəssüratın formalaşması, Moskvanın marağında olmamalıdır. Son terror aksiyasında Rusiya ciddi uğursuzluğa düçar oldu və bunu kompensasiya etmək Moskva üçün çox çətin olacaq”.