Şuşada terror aktı sülhə qarşı yönəlib

"Yaxşı olar ki, bu terrorçunun əməllərinə hüquqi qiymət verilməsi üçün ya Rusiyaya, ya Azərbaycan hüquq-mühafizə orqanlarına verilsin"

“Şuşa yaxınlığında törədilən terror aktı Azərbaycan və Rusiya tərəfindən birgə araşdırılsın”. Bunu Rusiyanın nüfuzlu "Natsionalnaya oborona" jurnalının baş redaktoru, məşhur hərbi ekspert İqor Korotçenko rusiyalı ekspertlərin Şuşaya səfərinin yekunları ilə bağlı dünən Bakıda keçirilən mətbuat konfransında deyib. 

Ekspert vurğulayıb ki, onların səfəri zamanı Şuşa yaxınlığında törədilən terror aktı Azərbaycan və Rusiya hərbçilərinə qarşı yönəlmişdi: “Bu terror aktında əsas məqsəd Azərbaycan və Rusiya hərbçiləri arasında qarşıdurmaya səbəb olmaq idi. Şükür ki, terrorçu qısa müddətdə saxlanıldı. Yaxşı olar ki, bu terrorçunun əməllərinə hüquqi qiymət verilməsi üçün ya Rusiyaya, ya Azərbaycan hüquq-mühafizə orqanlarına verilsin. Ya da bu terror aktı Azərbaycan və Rusiya tərəfindən birgə araşdırılsın. Terror aktını törədən şəxs Ermənistan vətəndaşıdır və bu, beynəlxalq terror aktıdır”.

“Biz Azərbaycanın müharibədən sonra yaralarını necə sürətlə sağaltdığını gördük”

İqor Korotçenko deyib ki, Şuşada keçirilmiş konfransın məqsədi Cənubi Qafqazda vəziyyətin tənzimlənməsi məsələləri olub: “Bizim məqsədimiz aydındır - regiona sülh lazımdır. Rusiya da bunda maraqlıdır. Bütün nəqliyyat kommunikasiyalarının açılması və Zəngəzur dəhlizinin işə salınması regionun bütün ölkələrinə, o cümlədən Ermənistana fayda verəcək. Sərhədlərin delimitasiyası və demarkasiyası da böyük əhəmiyyət daşıyır”. Analitik bəyan edib ki, dirçəlmiş Şuşa bütün dünya sivilizasiyası, Azərbaycanı şöhrətləndirən mərkəz deməkdir: “Şuşada Heydər Əliyev Fondunun fəaliyyəti sayəsində mədəniyyət və memarlıq mərkəzləri bərpa olunub. Füzuli Beynəlxalq Hava Limanının tikintisinin sürəti Ginnesin rekordlar kitabına düşməyə layiqdir. Bir ildən az müddət ərzində bütün növ hava gəmilərini qəbul etmək gücündə olan infrastruktur obyekti inşa edilib”. 

“Azərbaycan hərbçiləri Laçın dəhlizinin təhlükəsizliyinin təmin olunmasına cəlb olunmalıdır”

Rusiya Siyasi Araşdırmalar İnstitutunun direktoru Sergey Markov da təəssüflə qeyd edib ki, nümayəndə heyətinin Şuşaya səfərindən bir neçə saat əvvəl onların keçəcəyi yolda terror aktı törədilib: “Rusiya sülhməramlılarının postu Azərbaycan hərbçilərinin postundan 8-9 metr aralıda yerləşirdi. Rusiya sülhməramlıları möcüzə sayəsində xəsarət almadı. Şuşadakı terror aktı Azərbaycan, Rusiya və Ermənistan arasında üçtərəfli bəyanat çərçivəsində davam edən prosesə qarşı yönəlib”. Markov vurğulayıb ki, Cənubi Qafqazda tənzimləməyə nail olmaq üçün irəliyə baxmaq lazımdır. Onun sözlərinə görə, nümayəndə heyətinin baş tutmuş səfərinin əsas məqsədi Qarabağı ziyarət və oranın bərpası ilə tanışlıq idi: “Şuşaya Rusiya tərəfindən çoxlu sayda iştirakçı, eləcə də azərbaycanlı deputatlar və ekspertlər səfər etmişdi. Vəziyyətin tənzimlənməsi ilə bağlı maraqlı təşəbbüslərin müzakirə olunduğu konfrans uğurla keçdi”.