"Tolerant ölkə olmağımız xüsusi əhəmiyyət daşıyır"


Ceyhun Məmmədov: "Qarşımızda duran ən mühüm məsələlərdən biri də bu ənənələri qorumaq və gələcək nəsillərə çatdırmaqdır"

Dini və milli tolerantlıq, millətlərarası münasibətlərin inkişaf etdirilməsi

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə Almaniyanın Azərbaycandakı səfiri Volfqanq Maniqi qəbul edib. Şeyxülislam Allahşükür Paşazadə Azərbaycanda müxtəlif din nümayəndələrinin dostluq, qardaşlıq, qarşılıqlı anlaşma mühitində yaşamalarını böyük nemət kimi dəyərləndirdiyini və ölkəmizin xristian dünyası ilə əlaqələrinin dərinləşməsini müsbət hal kimi qeyd edib. Şeyxülislam rəhbərlik etdiyi QMİ nəzdində Bakı Beynəlxalq Dinlər və Sivilizasiyalararası Mərkəz xəttilə bugünədək həyata keçirdikləri təşəbbüs və tədbirlər barədə, Avropa ölkələrində, o cümlədən, 2019-cu ildə Almaniyada baş tutmuş beynəlxalq konfrans barədə alman səfirə ətraflı məlumat verib. Gələcəkdə Almaniya ilə də dini-mənəvi əlaqələr müstəvisində münasibətlərin yüksək səviyyəsi, dinlərarası əməkdaşlıq yönündə əməli fəaliyyət üçün səy göstərəcəklərini deyib. A.Paşazadə səfirin Azərbaycanın dini liderinin erməni din rəhbəri ilə görüşlərinə dair suallarını cavablandırıb. QMİ sədri vurğulayıb ki, monoetnik Ermənistandan fərqli olaraq multikultural Azərbaycanda müxtəlif millət və dinlərin nümayəndələri mehribanlıq, qarşılıqlı ehtiram və anlaşma şəraitində əsrlərlə dinc yanaşı yaşayırlar və erməni vətəndaşlarımız da bizimlə birlikdə əmin-amanlıqda yaşaya bilərlər. A.Paşazadə Azərbaycanda dinlər, konfessiyalar arasında yüksək səviyyənin təmini və davamlılığında dövlət siyasətinin, şəxsən ölkə rəhbərinin səy və fəaliyyətinin böyük rolu olduğunu fəxarətlə vurğulayıb. Azərbaycanın beynəlxalq hüquq çərçivəsində öz torpaqlarını işğaldan azad etmək, ərazi bütövlüyünün bərpası uğrunda 44 günlük Vətən müharibəsi dövründə qazanılmış Zəfərdən sonrakı müddətdə Azərbaycanla Almaniya arasında münasibətlərin yüksək səviyyəsindən məmnunluğunu bildirib. Səfir Azərbaycanda mövcud dinlərarası səmimi münasibətlərin, məzhəblərarası qarşılıqlı ehtiram mühitinin təkcə Qafqaz bölgəsi üçün deyil, Avropa məkanı, o cümlədən, Almaniya üçün böyük maraq və əhəmiyyət kəsb etdiyini deyib.
Almaniyanın səfiri V.Maniq ölkəsində islam dininin alman mədəniyyətinin tərkib hissəsi kimi qəbul edildiyini, müsəlmanların, türk mənşəli, habelə 26 min azərbaycanlı vətəndaşlarının Almaniyada yaşamasından bəhs edib. Ölkəsində yeni federal hökumət qurulmasından danışan səfir yeni hökumətin də Azərbaycanla əlaqələrin, münasibətlərin uğurlu inkişafında maraqlı olduğunu bildirib. Almaniyalı səfir istər bölgədə, istərsə dünya miqyasında böyük nüfuz və ehtiram sahibi olan Şeyxülislamla görüşməkdən məmnunluğunu ifadə edib. Görüşdə Azərbaycanın Vətən müharibəsindən sonra iqtisadi tərəqqi, kommunikasiyaların açılması yönündə səylərinin bölgədə dinc birgəyaşayış və qarşılıqlı anlaşma mühitinin tezliklə bərqərarına səbəb olacağına ümid ifadə olunub. Şeyxülislam öz növbəsində, Almaniya dövlətinin yeni hökumətinə uğurlar diləyib və səfirə bundan sonrakı fəaliyyətində xeyir-dualar arzulayıb. Səfirə Qafqaz Müsəlmanları İdarəsinin fəaliyyətini əks etdirən müxtəlif nəşrlər təqdim olunub. 
Əsrlər boyu müxtəlif konfessiyaların nümayəndələri Azərbaycan ərazisində yanaşı yaşayıblar. Mühüm geostrateji mövqeyə malik ölkəmiz din və dini cərəyanların yayıldığı ərazi olub. Azərbaycanın tarixi ərazisində şamanlıq, zərdüştilik (atəşpərəstlik), daha sonralar isə yəhudi dini, xristianlıq və islam yayılıb. Tarixən Azərbaycan ərazisində yaşayan etnik və dini icmalar arasında sıx münasibətlər formalaşıb, heç bir milli, irqi və dini ayrı-seçkilik mövcud olmayıb. Bu sahədə Azərbaycan unikal təcrübəyə malikdir. Bu təcrübəni xalqımız hələ “multikulturalizm” sözünün yaranmasından öncə, əsrlər boyu toplayıb və zənginləşdirib. Təsadüfi deyil ki, Azərbaycana müxtəlif illərdə səfər edən rəsmi şəxslər ölkədə hökm sürən dini tolerantlığın yüksək səviyyədə olduğunu qeyd ediblər. Respublikamızda mövcud olan dinlərarası münasibətlərin və dözümlülüyün dünyanın digər ölkələri üçün yaxşı nümunə ola biləcəyini vurğulayıblar. Beləliklə, Azərbaycan Respublikasında hökm sürən tolerantlığın spesifik xüsusiyyətini müxtəlif dini konfessiyaların nümayəndələrinin bir-birinə qarşı və dövlətin onlara ayrı-ayrılıqda və bütövlükdə olan münasibəti təşkil edir.

Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin üzvü Ceyhun Məmmədov “Şərq”ə açıqlamasında deyib ki, ölkəmizdəki dini və milli tolerantlıq çox vacibdir. Deputatın sözlərinə görə, bu amil Azərbaycan tarixinin ən şanlı səhifələrindəndir: “Azərbaycanda müxtəlif dinlərin və xalqların nümayəndələri sülh və əmin-amanlıq şəraitində çox rahat həyat sürürlər. Dinc və yanaşı yaşayırlar. Belə bir xoşbəxtlik hər ölkəyə nəsib olmur. Bu baxımdan tolerantlığa sahib ölkə olmağımız xüsusi əhəmiyyət daşıyır. Azərbaycan xalqı Ermənistandan fərqli olaraq digər xalqların nümayəndələrinə hər zaman hörmətlə yanaşıb. Onların mədəniyyətinə, yaşayış tərzlərinə daim diqqət və qayğı göstərib. Ermənilər isə başqa millətlərə dözümsüzlük nümayiş etdiriblər. Azərbaycan Ermənistandan fərqli olaraq gələcəyə baxmağı bacarır. Çünki bölgəyə sülhün, əmin-amanlığın və inkişafın gəlməsinin yeganə yolu birgəyaşayışın təmin olunmasından keçir. Əgər regionumuzun daha çox tərəqqisində maraqlıyıqsa, digər xalqlarla birgə yaşayışa problem yaratmamalıyıq. Düzdür, Ermənistan illərlə bizə qarşı işğalçılıq və soyqırımı siyasəti həyata keçirib. Tarix boyu faciələrə imza atıb. Amma biz erməni deyilik, yüksək mədəniyyətə və tolerantlığa malik xalqıq, hər zaman da elə qalacağıq”. 
Parlament üzvü qeyd edib ki, Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində Azərbaycan dünyanın tolerantlıq və multikulturalizm mərkəzlərindən birinə çevrilib: “Dünyanın bir çox dini liderləri, ictimai xadimləri Azərbaycandakı tolerantlığı, multikulturalizmi, digər mədəniyyətlərə göstərilən münasibəti daim yüksək qiymətləndirirlər. Qarşımızda duran ən mühüm məsələlərdən biri də bu ənənələri qorumaq və gələcək nəsillərə çatdırmaqdır. Bu istiqamətdə cənab Prezident çox mühüm addımlar atır. Ölkəmizdə sinaqoqlar, kilsələr, məscidlərlə birlikdə fəaliyyət göstərir, dövlət onlara qayğısını, diqqətini əsirgəmir. Azərbaycandakı tolerantlıq ənənələrinin qorunmasında və möhkəmlənməsində Qafqaz Müsəlmanları İdarəsinin də rolu var. Quruma rəhbərlik edən Şeyx həzrətləri də hər zaman çalışıb ki, Azərbaycandakı icmalar və dini liderlər arasındakı əlaqələr çox yüksək səviyyədə olsun. Bunun üçün də zəruri addımlar atılıb. Dünyanın bir çox yerində yəhudi, xristian və müsəlman dini icmaları arasında əlaqələr pozulub. Onların arasında düşmənçilik və ədavət, bir-birinə qarşı kin-nifrət var. Azərbaycanda isə belə deyil. Ölkəmizdə dini icmalar arasındakı münasibətlərin yüksək olmasında və getdikcə daha da inkişaf etməsində bu kimi təmaslar xüsusi əhəmiyyət daşıyır”.