"Ermənistan dialoq çağırışlarını qəbul etməlidir"


Xarici işlər naziri Ceyhun Bayramov erməni siyasətçilərini daha ağıllı, məsuliyyətli davranışlara çağırıb


“Ermənistanın hər hansı təhlükəli addımını hiss etsək, tərəddüdsüz lazımi cavabı verəcəyik”. Bu barədə Azərbaycanın Xarici işlər naziri Ceyhun Bayramov deyib. Nazir bildirib ki, Ermənistanın qonşu dövlətlərə qarşı işğalçı siyasətinin və torpaq iddialarının onların özlərinə nə qədər böyük fəlakətlər gətirdiyini görürlər və görəcəklər: “Əminəm ki, gələcəkdə bunların bir daha təkrarlanmaması üçün doğru nəticələr çıxaracaqlar. 

Bu kontekstdə Azərbaycan və Türkiyə liderlərinin mesajları son dərəcə əhəmiyyətlidir. Sülh və sabitliyin təmin olunmasına yönəlmiş bu mesajlara Ermənistanın necə reaksiya verəcəyi, hansı yolu seçəcəyi tamamilə Ermənistan hakimiyyətindən asılıdır, bu artıq onların məsuliyyətindədir. Ümid edirik ki, bu, düzgün bir seçim olsun. Təəssüf ki, hələ də Ermənistanın revanşist açıqlamalarına şahidlik edir, torpaq iddialarına yönəlik açıqlamalarını eşidirik. Bunlar çox təhlükəli açıqlamalardır. Ermənistan siyasətçilərini daha ağıllı, daha məsuliyyətli hərəkət etməyə çağırırıq. Ermənistanın beynəlxalq hüquqa uyğun davranmayacağı təqdirdə, Azərbaycana qarşı hər hansı təhlükəli bir addım atdığını sezsək, heç tərəddüd etmədən lazımi cavabı verəcəyik. Bizim seçimimiz aydındır: bölgədə sülh və təhlükəsizliyin təmin olunması”.

“Sərhəd probleminin həlli üçün birgə komissiya yaradılmalıdır”

Xarici işlər naziri Ceyhun Bayramov bəyan edib ki, Ermənistanın bütün təxribatları nəticəsiz qalacaq. O, Azərbaycan Müdafiə Nazirliyi tərəfindən bu hücumlara lazımi cavab verildiyini qeyd edib: “İki dövlətin müstəqillik əldə etməsinin üstündən 30 il keçib. 30 il ərzində bu iki ölkə arasında sərhədlərin müəyyən olunmaması normal hal deyil. Bunun səbəbləri bəllidir. Uzun illər boyunca Ermənistan tərəfindən işğalçı siyasət yürüdülüb. Azərbaycan torpaqlarını azad etdikdən sonra ərazi bütövlüyünü bərpa edib və bu da yeni bir imkan yaradıb. Sərhəd probleminin həll edilməsi üçün Ermənistan ilə Azərbaycan arasında birgə komissiya yaratmaq və sərhədlərin delimitasiya və demarkasiyasına başlamaq lazımdır. Düşünürəm ki, bu prosesin başlaması ilə bu gərginlik də sona çatar. Ermənistan bu yeni reallığı nə qədər tez qəbul etsə, onun özü üçün yaxşı olar. Ermənistan dialoq çağırışlarını qəbul etmək məcburiyyətindədir. Ermənistan tərəfi bunu nə qədər tez başa düşsə, yeni dialoqları qəbul etsə, qonşularına qarşı hörmətlə davransa, sərhədləri qəbul edib qonşu dövlətlərin torpaqlarına iddia etməsə, o zaman problem həll olunar. XXI əsrdə bu tərzdə siyasət yürütmək heç bir dövlətə xeyir gətirməz”. 

“Ən önəmli şərt Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanımasıdır”

XİN rəhbəri vurğulayıb ki, üçtərəfli bəyanatda yer alan bir çox maddənin icra olunmasına baxmayaraq, bir neçə məsələ öz həllini gözləyir. O bildirib ki, Azərbaycan Ermənistanla münasibətləri normallaşdırmağa hazırdır: “Azərbaycan Prezidenti də iki ölkə arasında sülh və münasibətlərin normallaşmasına dair açıqlamalar verib”. C.Bayramovun sözlərinə görə, sülhün əldə olunmasının ən önəmli şərti beynəlxalq hüquqa uyğun şəkildə Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanımasıdır: “Üçtərəfli bəyanata əsasən, nəqliyyat dəhlizləri ilə bağlı müzakirələr davam edir. Bu məsələdə hələlik konkret bir proses yoxdur. Ümid edirik ki, Ermənistan tərəfi də bunu ən qısa müddətdə başa düşəcək. Ortaq bəyanata imza atan Ermənistan bu maddələri icra etməkdə məsuliyyətlidir. Bu bəyanat sadəcə Azərbaycanla Ermənistanı maraqlandıran bir məsələ deyil. Bütün bölgə ölkələrini maraqlandıran və onların maraqlarına uyğun bir prosesdir. Biz bu məsələdə arxayınıq. Münasibətlərin inkişafı, normallaşması Ermənistan hökumətinin, Ermənistan xalqının xeyrinədir”.

“Üçtərəfli İşçi Qrupu çox böyük irəliləyiş əldə edib”

C.Bayramov qeyd edib ki, Rusiya, Azərbaycan və Ermənistan baş nazirlərinin müavinlərindən ibarət Üçtərəfli İşçi Qrup yaradılıb: 

“Təxminən 10 aydır kommunikasiyaların bərpası üzrə çalışmalar aparılır. Bunun üçün mütəxəssislər bölgəyə gəlib, ərazinin vəziyyətini incələyirlər: “Yalnız bunu deyə bilərəm ki, Ermənistanın bu məsələ əleyhinə açıqlamalarına, ziddiyyətli hərəkətlərinə baxmayaraq, Üçtərəfli İşçi Qrupu indiyə qədər çox böyük irəliləyiş əldə edib”. C.Bayramov qeyd edib ki, Zəngəzur dəhlizinin açılması da çox əhəmiyyətlidir: “Üçtərəfli bəyanata görə, Azərbaycanın qərbi ilə Naxçıvan arasında yol açılacaq. Bu, eyni zamanda, Türkiyə ilə Azərbaycan arasında birbaşa bağlantının təmin edilməsi deməkdir ki, bu da çox əhəmiyyətlidir. Bu yolun açılması ilə Türkiyə və Azərbaycan əlavə üstünlüklər əldə edəcək. Türkiyə üzərindən Avropa bazarına giriş imkanımız olacaq. Eyni şəkildə Türkiyə də Azərbaycan üzərindən Mərkəzi Asiyaya çıxış imkanı qazanacaq və bu da Türkiyə üçün yeni fürsətlər yaradacaq. Bu həm Ermənistan, həm digər bölgə ölkələrinin xeyrinədir. 

Ermənistanın da bunu başa düşərək çox konstruktiv addımlar atmasını gözləyirik”.