Təhlükəli oyunu İrəvan başladı

Ermənistan Rusiyanı şantaj edir

Paşinyan hakimiyyəti sülh prosesini sabotaj etməklə məşğuldur

Məqsəd Rusiyanı seçim qarşısında qoymaq, Rusiyanı Azərbaycanla açıq müharibədə görmədiyi təqdirdə Rusiya hərbi bazalarının Ermənistan ərazisindən çıxarılması məsələsini yenidən aktivləşdirmək, Ermənistanı yenidən Qərbə aparmaqdır

Ermənistan Milli Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Ermənistan-Rusiya arasında 1997-ci ildə bağlanmış sazişə əsasən, Rusiyaya ölkəsini müdafiə etmək üçün çağırış edib. Onun sözlərinə görə, ötən il noyabrın 9-dan hərbi əməliyyatlar dayanıb, lakin ümumilikdə sərhəd boyunca sabitliyin olduğunu söyləmək olmaz: “Ermənistan ilk növbədə Rusiya və KTMT strukturları vasitəsilə böhranı həll etməyin mümkün olduğunu düşünür. Amma mövcud strukturlarla böhranı həll edə bilməsək, o zaman Ermənistan başqa strukturlara, yəni digər beynəlxalq tərəfdaşlara müraciət etməyə məcbur olacaq”. Qriqoryan qeyd edib ki, Ermənistan yolların blokadadan çıxarılması, demarkasiya və delimitasiya prosesinə tam hazırdır. Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) mətbuat katibi Vladimir Zaynetdinov isə bildirib ki, münaqişə yalnız sülh, siyasi və diplomatik yollarla həll edilməlidir: “Rəsmi olaraq katibliyə Ermənistan tərəfdən heç bir müraciət daxil olmayıb. Amma KTMT vəziyyəti diqqətlə izləyir”. 

Analitiklərə görə, Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın Rusiyanın və KTMT-nin məsələyə müdaxilə etməyəcəyi təqdirdə digər beynəlxalq tərəfdaşlara müraciət hüququnu özündə saxlaması barədə açıqlaması Rusiyanı şantaj etmək cəhdidir. Rusiyalı jurnalist, politoloq Maksim Şevçenko bildirib ki, Ermənistan Rusiyanı şantaj etməkdən əl çəkməlidir: 

“Ermənistan Rusiyanı şantaj etməyə davam edəcəksə, arzuladıqları kimi Qarabağın yox, Zəngəzurun statusu ilə danışıqlara hazırlaşsın”. 

Politoloq Turab Rzayev vurğulayıb ki, sərhəddəki təxribat Ermənistan hakimiyyəti tərəfindən törədilir. Onun sözlərinə görə, Ermənistan daxilindəki qüvvələrlə xaricdəki qüvvələrin hədəfləri bir-birindən fərqlənir. Hətta daxildəki və xaricdəki dəstəkçi qüvvələr arasında da ciddi niyyət fərqləri var: 

“Paşinyan hakimiyyəti sülh prosesini sabotaj etməklə məşğuldur. Sülh prosesinin gecikməsi, avtomatik sərhədlərin delimitasiyasını və Zəngəzur koridorunu qeyri-müəyyən müddətə təxirə salır. Hər iki mövzu hazırda Paşinyan hakimiyyəti üçün yaralı mövzudur. Paşinyan eyni vaxtda bölgədə gərginlik yaratmaqla ATƏT-in Minsk qrupunu və onun timsalında Qərbi yenidən regiona qaytarmaq, münaqişənin bitmədiyini dünyaya isbat etmək və onların təzyiqi ilə Qarabağın dağlıq hissəsinə “status” əldə etməkdir. Bu minvalla həm də öz hakimiyyətini möhkəmləndirəcək və Qərbin regiondakı etibarlı tərəfdaşı funksiyasını icra etməyə davam edəcək. KTMT müqaviləsinə əsasən, Rusiyanı dəvət etmək də buna hesablanıb. Məqsəd Rusiyanı seçim qarşısında qoymaq, Rusiyanı Azərbaycanla açıq müharibədə görmədiyi təqdirdə Rusiya hərbi bazalarının Ermənistan ərazisindən çıxarılması məsələsini yenidən aktivləşdirmək, Ermənistanı yenidən Qərbə aparmaqdır. “Qarabağ klanı” bu təxribatlarla Paşinyanın uğursuzluğunu, zəifliyini göstərmək, Ermənistanın Azərbaycan tərəfindən işğal təhlükəsini vurğulamaq və “xilaskar” obrazında indiki hakimiyyəti devirərək yenidən hakimiyyətə gəlmək niyyəti güdür. Bu klanın təxribatlarda və xəyanətdə rolu olması istisna deyil. Tamamilə Rusiyaya bağlı olan bu qrupun yekun hədəfi həm revanş götürərək itirilmiş hakimiyyəti qaytarmaq, həm də Rusiyanın Belarus İttifaqının Cənubi Qafqaz ayağını ən qısa zamanda formalaşdırmaqdır”. 

T.Rzayev bəyan edib ki, noyabrda Peskovun elan etdiyi üçtərəfli görüşün baş tutmaması Moskvanın regiona nəzarəti itirməsi deməkdir:

 “Türk Dövlətləri Təşkilatı, Parisdə Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşü, Aİ ilə Şərq tərəfdaşlığı proqramı müzakirəsi Rusiyanın çox da ürəyindən deyil. Üçtərəfli görüşdə tələb edəcəyi şərtlər müəmma olaraq qalsa da, Azərbaycanın dövlət maraqlarına uyğun olmadığı dəqiqdir. Fransa regionda və dünyada itirdiyi mövqeyi bərpa etməyə çalışır. Ermənistan bunun üçün ən ideal variantdır. Üstəlik, İranla olan əlaqələrini yenidən bərpa edə, Azərbaycan, Türkiyə və Rusiyadan kənar, yeni Cənub-Şimal koridorunu inşa edə bilər. Bu məqsədlə Avropa İttifaqı 1.6 milyard avro vəsait ayırmışdı, Fransa onu bir günə 2.6 milyarda qədər artırdı. Deməli, hədəf böyükdür. 

Baş verənlər yeni “Tovuz döyüşlərini” xatırladır. Bu dəfə oyun quran biz deyilik. Ehtiyatlı və ayıq olmaqda fayda var”.