"Bütöv Azərbaycan Ocağı" son 10 ildə daha gur yanıb

Faiq Ələkbərli: "İndi maşallah, Bütöv Azərbaycandan danışanların sayı çoxdur"

Qarşıdakı illərdə növbəti tədbirlərimizi Təbrizdə keçirərik

Noyabrın 19-da, yəni bu gün Bütöv Azərbaycan Ocaqlarının təsis edilməsinin 10-cu ili tamam olur. Azərbaycanın bütövlüyü ideyasının təbliği ilə məşğul olan bu təşkilat 2011-ci ildə yaradılıb. 2012-ci ilin yanvarında təşkilatın ilkin nizamnaməsi hazırlanıb. 

Nizamnamədə Azərbaycan türklərinin öz tarixi torpaqlarında milli, hüquqi, demokratik və dünyəvi dövlətinin qurulması təşkilatın məqsədi kimi qəbul olunub. Təşkilatın əsasən fars şovinizminə qarşı mübarizə apardığı xüsusi vurğulanıb. Qısacası, BAO-nun ideologiyası türk millətçiliyi və Bütöv Azərbaycançılıqdır. Bugünədək qurumun iki qurultayı keçirilib. BAO fəaliyyəti dövründə 280-dən çox rəsmi və digər ictimai tədbirlər keçirib, 220-dan çox rəsmi sənəd qəbul edib. Təşkilatın 10 illik yubileyini təbrik etmək və ötən dövr ərzində hansı işlər gördüklərini, gələcək planlarını öyrənmək məqsədi ilə Bütöv Azərbaycan Ocaqlarının Türk Dünyası ilə əlaqələr üzrə müavini, fəlsəfə üzrə fəlsəfə doktoru Faiq Ələkbərli ilə söhbətləşdik. 

Türkoloq-alim Faiq Ələkbərli “Şərq”ə müsahibəsində qurumun əldə etdiyi uğurlardan və qarşıya qoyduqları vəzifələrdən danışdı...

 - Faiq müəllim, Bütöv Azərbaycan Ocaqları hansı zərurətdən meydana çıxdı? 

  - Bütöv Azərbaycan Ocaqları 2011-ci ilin noyabrın ortalarında təsis olunub. Əvvəlcə “Bütöv Azərbaycan Birliyi” (BAB) adlı təşkilat var idi və bu təşkilat 1997-ci ildə qurulmuşdu. Onun təsis edilməsində sabiq prezident, Xalq Cəbhəsinin lideri mərhum Əbülfəz Elçibəy mühüm rol oynamışdı. Bütöv Azərbaycan Birliyi Elçibəy 2002-ci ilin avqustunda rəhmətə getdikdən sonra bir müddət fəaliyyətini davam etdirdi. Ancaq 2010-cu illərin sonuna doğru artıq fəaliyyəti hiss olunmurdu. Məhz belə məqamda, yəni 2011-ci ilin payızında, noyabr ayında Bütöv Azərbaycan Ocaqları milli ideyanın daşıyıcıları kimi, 1918-ci ildə qurulmuş Azərbaycan Xalq Cümhuriyyətinin, eləcə də 1989-90-cı illərin əvvəllərindəki milli ideyanın davamı olaraq təsis olundu. Xüsusilə də AXC-nin qurucusu, milli ideoloqumuz Məhəmməd Əmin Rəsulzadənin və onun davamçılarının ideyalarının nəticəsi kimi bu təşkilat quruldu. Əslində həmin dövrdə Bütöv Azərbaycan ideyası nisbətən durğunluq dövrünü yaşayırdı. Ortada boşluq var idi və digər təşkilatlar özlərini ifadə edə bilmirdilər. Hazırda BAO-nun başqanı olan Zahir Əlisoy və Aydın Mədətoğlu, Şirvani Ədilli, Faiq Quliyev təsisçilər arasında idi. İlk dönəmdə təşkilatın adı “Böyük Azərbaycan Ocaqları” şəklində ifadə olunmuşdu. Amma 2012-ci ildə adımızı “Bütöv Azərbaycan Ocaqları” formasında dəyişdirdik. Bunun da səbəbi var. “Böyük” sözü bir çox anlayışı ifadə etdiyinə görə, “Bütöv Azərbaycan”ın daha məqsədəuyğun olduğuna qərar verildi. Qısa müddət ərzində Bütöv Azərbaycan milli ideyasının aktuallaşmasına və yeni mərhələyə qədəm qoymasına nail olundu. Bu işdə bütöv azərbaycançılar - Aydın Mədətoğlu, mərhum Dilavər Əzimli, Eldəniz Şamlı, Firudin Ağasıoğlu və bəndəniz önəmli rol oynadıq. Xüsusən, Dilavər Əzimli qurumun ideoloji müavini kimi bu missiyanın həyata keçirilməsində ciddi işlər görmüşdü. 2016-cı ildə BAO-nun ilk qurultayını keçirtdik. Mütəmadi olaraq çoxsaylı konfranslar təşkil etdik, əhalinin müxtəlif təbəqələri ilə görüşdük. Dil və tarix sahəsində maarifləndirici addımlar atdıq, “BAO TV” yaratdıq. Türkiyə və digər ölkələrdə təmsilçiliyimiz təsis edildi. Yəni Bütöv Azərbaycan Birliyinin yarımçıq qoyduğu missiyanı BAO olaraq davam etdirməyə çalışdıq və sözümüzü deməyə başladıq. 

 - BAO 10 ildə öz missiyasını arzuolunan şəkildə həyata keçirə bilibmi? Milli ideya məsələsi indi hansı müstəvidədir? 

 - Ən ümdə məramımız Azərbaycanın bütövlüyüdür. 55-60 milyonluq Azərbaycan xalqının vahid dövlət çatısı altında birləşməsi, üçrəngli bayrağımızın bütün Azərbaycan türkləri üzərində dalğalanması əsas qayəmizdir. 10 il ərzində xeyli işlər görülüb. Qarabağ məsələsində və elə 44 günlük müharibə zamanı daim təbliğat aparmışıq. Vətən savaşının başlanmasında və Zəfərlə bitməsində Bütöv Azərbaycan Ocaqlarının, təşkilat üzvlərinin böyük əməyi, xidməti olub. Əsas missiyamız o idi ki, heç bir halda pessimizmə qapılmaq, ruh düşkünlüyü yaşamaq olmaz. Müharibə dövründə və ondan sonra zaman-zaman şüurumuza “məsələnin yarımçıq qaldığını, heç nə əldə etmədiyimizi” yerləşdirməyə cəhd edirdilər. Amma BAO durmadan təbliğat apardı ki, heç nə yarımçıq deyil və öz torpaqlarımıza gec-tez sahib çıxacağıq. İndiki dönəmdə ayrı-ayrı millət vəkilləri, partiyalar, ictimai hərəkatlar Bütöv Azərbaycan ideyasından tez-tez danışırlar. Amma biz BAO olaraq bunu illər öncə ifadə edirdik. Görünür, bu istiqamətdə müəyyən irəliləyişlər var. Eyni zamanda türk xalqlarının birliyi məsələsində də BAO-nun xidmətləri çoxdur. İkinci Qarabağ müharibəsi və Şuşa Bəyannaməsindən öncə də qeyd edirdik ki, Türkiyə və Azərbaycan arasında ən yüksək səviyyədə müqavilə bağlanmalıdır. Şükürlər olsun ki, iki qardaş ölkə bu gün ən üst səviyyədə hərbi əməkdaşlıq etməkdədir. Bunun gerçəkləşməsində bizim də payımız var. Bilirsiz ki, Güney Azərbaycanla bağlı üç-dörd model var. Birincisi, mədəni muxtariyyət, ikincisi, milli-mədəni muxtariyyət, üçüncüsü, Güney Azərbaycanın istiqlalı, dördüncüsü isə türklərin İranda hakimiyyətə yiyələnməsi məsələsidir. Biz bu modelləri uzun müddət müzakirə etdik və məsələyə müəyyən mənada aydınlıq gətirdik. Mədəni muxtariyyət ümumiyyətlə qəbuledilməzdir. Milli-mədəni muxtariyyət nisbətən cəzbedici görünsə də, reallaşması mümkün deyil. Sadəcə son iki variant müzakirə mövzusudur. Sözün açığı, sonuncu model, yəni türklərin bütün İranda hakimiyyəti ələ keçirməsi də reallıqdan uzaqdır. Ən uyğunu Güney Azərbaycanın istiqlalıdır. Biz də BAO olaraq məhz bu modeli seçmişik. Düşünürəm ki, 10 ildə qarşımıza qoyduğumuz hədəflərin yarısına çatmışıq. İnşallah, qarşıdakı illərdə növbəti tədbirlərimizi Təbrizdə keçirərik. 

 - Hazırda Bütov Azərbaycan Ocaqları ən çox hansı problemlərlə üzləşir? 

 - Əsas problemimiz maliyyə və ofislə bağlıdır. Pandemiyadan öncə ofisimiz var idi və üzvlük haqqı hesabına bəzi çətinliklərimizi aradan qaldırırdıq. Ancaq sonrakı dönəmdə vəziyyətimiz çətinləşdi. Hazırda ofisimiz yoxdur. İnsanlarımızın maddi durumu yaxşı olmadığı üçün üzvlük haqlarını da ödəyə bilmirlər. Bütün bunlara rəğmən, mübarizəmizi davam etdiririk. Çünki bizim üçün ən önəmli məsələ Azərbaycanın bütövlüyüdür. Gələcəyə ümidlə baxırıq. İllər boyu təkrar-təkrar söylədiyimiz həqiqətləri dünənədək heç kim dilə gətirmirdi. İndi maşallah, Bütöv Azərbaycandan danışanların sayı çoxdur. İnanırıq ki, fəaliyyətimiz dövlət və cəmiyyət tərəfindən düzgün dəyərləndiriləcək. Əsas məqam budur. Obyektiv və subyektiv səbəblərdən üzləşdiyimiz maddi problemlər zamanla öz həllini tapacaq. 

 - Təşkilatın yeni layihələri varmı, planlarınız nələrdir?

 - Yeni missiya ilə yolumuza davam etmək istəyirik. Xarici ölkələrdə, əsasən Avropa dövlətlərində öz nümayəndəliklərimizi bərpa edəcəyik. Xarici ölkələrlə yanaşı, Azərbaycanın müxtəlif bölgələrində də nümayəndəliyin açılmasına zərurət var. Çünki Bütöv Azərbaycan ideyasının təbliğatını genişləndirmək, maarifləndirmə işini sürətləndirmək lazımdır. Bütöv Azərbaycan ideyasının reallaşması üçün müxtəlif təşkilatlarla, dövlət qurumları və müxalifət partiyaları ilə görüşlər keçirməyi planlaşdırırıq. Düşünürük ki, artıq bu sahədə müəyyən strategiya formalaşdırmalıyıq. Bu məsələdə bir az dəqiqləşdirmə aparmağa ehtiyac var. Həmçinin, BAO TV-nin fəaliyyətini bərpa etmək arzusundayıq. Eyni zamanda türk xalqları ilə daha sıx əməkdaşlıq etməyi planlaşdırırıq. Növbəti 10 ildə qarşımızda duran əsas məsələ Bütöv Azərbaycan üçün siyasi, iqtisadi, mədəni rıçaqlardan istifadə etməkdir. Hesab edirik ki, bu ideya beynəlxalq aləmdə daha böyük anlam qazanmalıdır. Dünya ictimaiyyəti də məramımızı bilməlidir. Şübhəsiz, dövlət tərəfindən dəstək olarsa, nəzərdə tutulan tədbirləri daha tez müddətdə həyata keçirə bilərik.