Ankara Qarabağ məsələsində qətiyyətli mövqeyindən çəkilməyəcək

Görünən odur ki, bölgədə üç əsas oyunçunun gündəliyi eynidir

"Moskva sərhəd məsələsinin çözülməsində Ankaranın rol oynamasına qarşı çıxmır. Hətta bununla bağlı tərəflər arasında müəyyən razılaşmanın olduğu deyilir"

Azərbaycan-Ermənistan sərhədindəki 8 saatlıq döyüşdən sonra region ölkələrinin siyasi gündəliyi açıqlanıb. Rəsmi Bakı açıq mesaj verdi ki, sərhəddə gərginliyin sona çatmasının yolu delimitasiyadan keçir. Xarici işlər naziri Ceyhun Bayramov “Anadolu” agentliyinə açıqlamasında bildirib ki, sərhəd probleminin həll edilməsi üçün Ermənistanla Azərbaycan arasında birgə komissiya yaratmaq və sərhədlərin delimitasiya və demarkasiyasına başlamaq lazımdır: “Düşünürəm ki, bu prosesin başlaması ilə bu gərginlik də sona çatar”. 

Qardaş Türkiyə rəsmiləri də Ermənistanın təxribatlarını kəskin qınayaraq, hər şəraitdə Azərbaycanın yanında olduqlarını bəyan ediblər. Türkiyənin Xarici işlər naziri Mövlud Çavuşoğlu vurğulayıb ki, Azərbaycan öz qətiyyətini, türkün gücünü təkrar göstərdi: “Biz əvvəl də demişdik, indi də deyirik: - Azərbaycan tək deyil, tək olmayacaq. Çünki Azərbaycan heç vaxt bizi tək qoymayıb. 

Türkiyənin Milli müdafiə naziri Hulusi Akar da qeyd edib ki, Ankara Qafqazın sabitliyinə əhəmiyyət verir: 

“Can Qardaşımız Azərbaycan “Tək Vətən” hərəkatı ilə torpaqlarını işğaldan azad edib. Türkiyə müharibə vaxtı olduğu kimi, bundan sonra da bütün imkanları ilə qardaşlarının yanında olmağa davam edəcək”. 

Rəsmi Ankara İrəvana çıxış yolunun Bakı ilə razılaşmaq olduğu mesajını verdi. Bundan sonra Moskva da sərhədlərin müəyyənləşməsinin vacibliyini gündəmə gətirdi. Rusiya XİN bildirdi ki, son hadisələr Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası, daha sonra da demarkasiyası ilə bağlı işlərə ən tez zamanda başlamağın, aidiyyəti komissiyanın işə başlamasının vacibliyini göstərir. Yəni bölgədə üç əsas oyunçunun gündəliyi eynidir. İrəvanın əks mövqeyi isə “məcburetmə əməliyyatının” davam etməsi deməkdir. 

Siyasi şərhçi Asif Nərimanlı “Şərq”ə bildirib ki, Türkiyədən ilk reaksiya Müdafiə naziri Hulusi Akardan, daha sonra isə XİN başçısı Mövlud Çavuşoğludan gəldi. Analitikə görə, Türkiyə tərəfi faktiki olaraq Azərbaycanın yanında olduğunu bəyan etdi və Ermənistanı təxribatlara görə sərt qınadı:

“Yəni qardaş Türkiyə hərbi və siyasi baxımdan öz mövqeyini ortaya qoydu. Lakin anlamaq lazımdır ki, Türkiyə birbaşa Azərbaycan-Ermənistan sərhədlərinin müəyyənləşməsi prosesində iştirak etmir. Bu məsələdə əsas iştirakçı Rusiyadır. Amma Moskva sərhəd məsələsinin çözülməsində Ankaranın rol oynamasına qarşı çıxmır. Hətta bununla bağlı tərəflər arasında müəyyən razılaşmanın olduğu deyilir. Çünki regionun əsas iki gücünün- Rusiya və Türkiyənin məqsədi bölgədə kommunikasiyaların açılmasıdır. Hər iki ölkə “3+3” formatında maraqlı olduqlarını ortaya qoyublar. İstənilən halda Türkiyənin bu və ya digər formada regiondakı proseslərdə yer alması Bakının əlini gücləndirir. Kremlin Azərbaycanın üzərinə gəlməməsinin əsas səbəblərindən biri Ankaranın qətiyyətli mövqeyidir. Türkiyənin bölgə ilə bağlı əsas planı isə Azərbaycanın irəli sürdüyü tələblərin qeyd-şərtsiz yerinə yetiriməsidir. Ankara regionda baş verənləri diqqətlə izləyir və zəruri dəstəyini verir. Bu da bizim üçün çox önəmlidir”.