Paşinyan Rusiyanın təklifinə razılıq verib

Kreml sərhəddə baş verən qanlı hadisəni xeyrinə dəyişmək istəyir

"Sülh müqaviləsi imzalandıqdan sonra Rusiya Nikolu yola salacaq"

Ermənistanın baş naziri Nikol Paşinyan dünən hökumətin iclasında bildirib ki, Rusiya Müdafiə Nazirliyi (MN) Ermənistan-Azərbaycan dövlət sərhədinin delimitasiya və demarkasiyası ilə bağlı təkliflərlə çıxış edib. Onun sözlərinə görə, rəsmi İrəvan Bakı ilə delimitasiya və demarkasiyanın hazırlıq mərhələsinə dair Rusiya MN-in təkliflərinə razılıq verib. Baş nazir vurğulayıb ki, Rusiya MN ötən gün onun açıqlamasından sonra öz təkliflərini irəli sürüb: “Mən təsdiqləmək istərdim ki, bu təkliflər bizim üçün münasibdir”. 

Paşinyan müdafiə naziri Suren Papikyana rusiyalı həmkarı ilə bu təklifləri reallaşdırmaq üçün təfsilatları dəqiqləşdirməyi tapşırıb. Baş nazir 2021-ci ilin may ayından sonra Ermənistan-Azərbaycan dövlət sərhədinin delimitasiya və demarkasiyası ilə bağlı üç təklifin edildiyini xatırladıb. Politoloqlara görə, Paşinyanın sonuncu açıqlaması Azərbaycan Ordusunun sərhəddə keçirdiyi döyüş əməliyyatının nəticə verdiyini göstərir. 

Burada diqqətçəkən məqam Rusiya MN-nin Paşinyanın çıxışından sonra İrəvana hazırlıq mərhələsi ilə bağlı təklifi təqdim etməsidir. Ehtimala görə, Moskva İrəvana  “Qarabağ məsələsi”nin sonraya saxlanıldığı və hazırki prioritetin sərhəd olduğunu başa salıb. Hazırdsa sərhədin müəyyənləşməsi məsələsində Bakı və Moskvanın mövqeləri üst-üstə düşür. Açıq qalan məsələ Rusiya MN-nin üç təklifinin nədən ibarət olmasıdır. İstisna deyil ki, bu sərhədin hansı ilin xəritəsinə uyğun aparılmasını özündə ehtiva edir və proses başlamayana qədər aydın olmayacaq.

Paşinyanın “sülh” bəyanatını “Şərq”ə təhlil edən politoloq Azər Rəşidoğlu deyib ki, Rusiya münaqişəni Qarabağdan Ermənistan-Azərbaycan sərhədinə keçirməyə cəhd göstərir. Analitikin fikrincə, Kremlin istəyi odur ki, kommunikasiya xətləri açıldığı təqdirdə dəmir yollarına nəzarəti ələ keçirsin: 

“Moskva Ermənistan və Azərbaycandan tələb edir ki, onsuz bir addım atılmasın. Nikol Paşinyanın vəziyyəti ağırdır. O, Azərbaycanın ərazi bütövlüyünü tanısa və  sülh müqaviləsi imzalasa, müxalifət onu Qarabağı rəsmən satmaqda ittiham edəcək. Rusiya isə missiyasını başa vurmuş Nikolu yola salacaq. 

Paşinyan sərhəd məsələsində güzəştə getmək istəmir və düşünür ki, bununla İrəvanın məğlub olduğunu unutdura bilər. 

Azərbaycan isə konkret olaraq sərhədlərin delimitasiya və demarkasiyasını, Ermənistanla sülh müqaviləsinin imzalanmasını istəyir. Sərhəddə baş verən son qanlı hadisələrdən istifadə edən Kreml hər iki ölkənin sərhədlərini nəzarətə götürmək niyyətindədir. 

Odur ki, sərhəddə lokal toqquşmalar gələcəkdə də davam edə bilər”.