Ortada əməli iş, irəliləyiş yoxdur

İrəvan hökumətinin heç bir bəyanatına inanmaq olmaz

Cümşüd Nuriyev: "Azərbaycan öz ərazi bütövlüyünü bərpa etmək üçün ciddi addımlar atmalıdır. Sadəcə Qarabağda deyil, Qazaxın 7, Naxçıvanın Kərki kəndində də anti-terror əməliyyatı aparmalıdır"

Ermənistan silahlı qüvvələri noyabrın 17-də Tovuz rayonunun Muncuqlu, Ağbulaq, Qoşa, Koxanəbi və Əsrik Cırdaxan kəndləri istiqamətində yerləşən mövqelərimizi müxtəlif çaplı atıcı silahlardan fasilələrlə atəşə tutublar. Müdafiə Nazirliyindən verilən məlumata görə, qarşı tərəf cavab atəşi ilə susdurulub. 

Məlumat üçün bildirək ki, erməni tərəfi son bir həftə ərzində davamlı şəkildə təxribata əl atmaqda, Azərbaycanla sərhəddə qarşıdurma yaratmaqda davam edir. Ekspertlərin fikrincə, Ermənistanın hərbi avantürasının səbəbləri sərhədlərin delimitasiya və demarkasiyası ilə bağlıdır. İrəvan tərəfi artıq konkret mövqe və real addımlar tələb edən prosesin pozulmasına və yeni münaqişəli vəziyyətin yaranmasına çalışır. Təxribat öncəsi Ermənistanda baş verən kadr dəyişiklikləri, həmçinin bu ölkənin təhlükəsizlik şurası katibinin açıqlamaları sübuta yetirir ki, hərbi avantüranın ssenarisi baş nazir Nikol Paşinyanın mətbəxində hazırlanıb. O, yaxın dostu Suren Papikyanı məhz bu məqsədlə müdafiə naziri vəzifəsinə təyin edib. Şübhəsiz ki, Ermənistan rəhbərliyini təxribata həvəsləndirənlərin sırasında bölgədə yaranmış reallıqları özü üçün təhdid sayan riyakar qonşular da var. İstənilən halda Ermənistanın noyabr ayının ilk ongünlüyündən başlayaraq Azərbaycan ərazilərində Tovuz ssenarisinə uyğun təxribatlara əl atması rəsmi İrəvanın ənənəvi siyasətindən əl çəkmədiyini və çəkməyəcəyini bir daha təsdiqləyir. Acınacaqlı məğlubiyyətdən nəticə çıxarmayan Ermənistan indi də sərhədlərin delimitasiya və demarkasiya prosesində üstün mövqeyə sahiblənmək üçün davamlı təxribatlara əl atır. Sərhəd bölgəsində vaxtilə işğal nəticəsində yaratdığı reallıqları qismən də olsa bərpa etməyə çalışır. Ermənistanın son hərbi təxribatları sübuta yetirir ki, bu ölkə ilə hələ uzun illər normal münasibətlər qurmaq, beynəlxalq hüququn norma və prinsiplərinə uyğun davranmaq mümkün olmayacaq. 

Düşmənin təxribat cəhdlərini “Şərq”ə dəyərləndirən siyasi elmlər doktoru, professor Cümşüd Nuriyev deyib ki, Ermənistanın təxribatları noyabrın 12-də İstanbulda keçirilən Türk Dövlətləri Təşkilatının növbəti sammitindən sonra intensiv hal aldı və düşmən daha da aqressivləşdi. Professorun sözlərinə görə, Cənubi Qafqazda bir çox dövlətlərin maraqları kəsişdiyi üçün ermənilər bir neçə gücün əlində asanlıqla maşaya çevrilə bilirlər: 

“Bir-biri ilə “mehriban düşmən” olan ABŞ, Rusiya, Çin və İranı ortaq məxrəcə gətirən amil türk birliyinin yaranması, Turanın qurulmasıdır. Ona görə də indiki erməni təxribatlarında bir neçə qütbün marağı və əli var. Əvvəlcə onu qeyd edim ki, Şuşa təxribatının birbaşa hədəfi Moskvada gözlənilən üçtərəfli görüş idi. Moskva görüşü Ermənistandakı revanşistlərin, Fransanın və Rusiyanın hərbi dairələrinin maraqlarına uyğun olmadığına görə, erməni təxribatları ortaya çıxdı. İstər Kəlbəcər, Laçın, istərsə də Tovuz istiqamətində baş vermiş hadisələrdə birbaşa maraqlı olan güc Rusiyanın hərbi elitasıdır. 

Bütün erməni təxribatlarının arxasında rusların hərbi kəşfiyyatına yaxın dairələr durur. Məqsəd Moskvanın hərbi gücünün Cənubi Qafqazda daimi qalmasına nail olmaq, tərəflərə təzyiq imkanını saxlamaqdır. Azərbaycan öz ərazi bütövlüyünü bərpa etmək üçün ciddi addımlar atmalıdır.

 Sadəcə Qarabağda deyil, Qazaxın 7, Naxçıvanın Kərki kəndində də anti-terror əməliyyatı aparmalıdır. 

O zaman Ermənistanın ağlı başına gələcək. Hazırda İrəvan hökumətinin heç bir bəyanatına inanmaq olmaz. Çünki ortada əməli iş, irəliyə doğru atılmış addım yoxdur”.