Yenə də "köhnə hamam, köhnə tas"dır

Elçin Mirzəbəyli: "Yenə ucuz, bəsit, əttökən videolar sosial şəbəkələri başına götürüb"

“Vətən müharibəsindən sonra mediada və sosial şəbəkələrin Azərbaycan seqmentində dəyişikliklərin baş verəcəyinə ümid bəsləyirdim. Düşünürdüm ki, həmkarlarım da, sosial şəbəkələrdə fəal olan həmvətənlərim də müəyyən qədər təcrübə qazanıblar. Bundan sonra Ermənistan mediasından tələm-tələsik köçürülmüş, təhlil edilməmiş, süzgəcdən keçirilməmiş materialları paylaşmayacaq, bölücüluk etməyəcəklər. Təəssüf ki, yanılmışam”.
  
Bu sözləri “Xalq Cəbhəsi”nin baş redaktoru, siyasi şərhçi Elçin Mirzəbəyli deyib. Baş redaktor bildirib ki, bu sahədə yenə də “köhnə hamam, köhnə tas”dır. Onun sözlərinə görə, dəmirin pasını tökmək olur, amma beyinin yox: 

“Yenə ucuz, bəsit, əttökən videolar sosial şəbəkələri başına götürüb. 

Başa düşürəm, düşmənə psixoloji təsir etmək üçün müəyyən vasitələrdən istifadə etmək lazımdır. Amma belə utancverici, ucuz formada yox. Şəxsi heyətin tik-tokda, feysbukda, “Vkontakte”da, nə bilim daha haralarda nə iti azıb?! Ötən bir il ərzində Vətən müharibəsi dövründə buraxılan səhvlər təhlil edildimi, nəticə çıxarıldımı? Şəxsi heyətə təlimat verildimi, düşmənə qarşı psixoloji savaş aparacaq peşəkarlardan ibarət qrup, yaxud heyət yaradıldımı? Açıq yazmaq istəmirəm. Yəni bu adamlar 44 gün ərzində peşəkarlardan heç nə öyrənə bilmədilər? Niyə bu sahəyə dövlətin informasiya siyasətini apara biləcək insanlar cəlb olunmur?”.

E.Mirzəbəyli qeyd edib ki, övladlarımız Vətən yolunda canlarını fəda edir, dövlətimiz dörd bir yanla siyasi, diplomatik savaş içərisindədir: “Azərbaycan Ali Baş Komandanı, zabiti, əsgəri ilə “Vətən” deyəndə dodağı yüz yerdən çat verən vətəndaşı ila təkcə özünün deyil, türk tarixinin ən böyük, ən çətin və ən müdhiş mücadiləsini aparır. Ali Baş Komandanın yalnız Vətən muharibəsi dövründəki bir neçə çıxışını, müsahibəsini izləmək və nəticə çıxarmaq nəyin necə edilməli olduğunu anlamaq üçün yetərlidir. Təbii ki, anlaya bilənlər üçün.. Son 2 gün ərzində sosial şəbəkələrdə, mediada buraxılan səhvləri, Türkiyəli qardaşlarımız demişkən, “təlafe” etmək üçün günlər, həftələr, aylar lazım gələcək. Amma biz təkcə savaş aparmır, sərhədlərimizin toxunulmazlığını, vətəndaşlarımızın təhlükəsizliyini təmin etmirik axı. Eyni zamanda işğaldan azad edilmiş ərazilərimizin xarabalıqları üzərindən yeni kəndlər, qəsəbələr, şəhərlər salırıq. Və bu proses bu günümüz və sabahımız üçün Zəfər qədər həyati əhəmiyyət daşıyır. 
Nə deyim, vallah. Söz də urvatdan düşüb artıq. Təəssüf... Çox təəssüf”.