Xankəndidə “heykəlçilik kampaniyası” əsəblərimizlə oynamaqdır

Moskva bölgədə qalmaq üçün əlindən gələni edir

Rəsmi Bakı mövqeyini birmənalı ortaya qoymasa, ruslar və ermənilər Qarabağda çox hoqqadan çıxacaq

Qarabağ bölgəsində müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlıları Xankəndi şəhərində erməni əsilli rus rəssam İvan (Hovhannes) Aivazovskiyə heykəl qoyublar. Büstün yaradıcısı rus heykəltəraş Mixail Serdyukovdur. Heykəlin açılışını etmək Rusiya sülhməramlı kontingentinin humanitar cavab mərkəzinin zabiti, mayor Sergey Lazevə tapşırılıb.

Qeyd edək ki, bu, Rusiya sülhməramlılarının Xankəndidə ucaltdıqları ikinci heykəldir. Bundan öncə ucaldılan abidələr ruslara məxsus idi, amma bu dəfə erməni rəssama heykəl qoyublar. Göründüyü kimi, Rusiya sülhməramlıları ərazilərimizdə hələ də öz səlahiyyətlərinə aid olmayan fəaliyyətlə məşğuldular. Xüsusən, son dönəmlər Xankəndi və ətraf rayonlarda “heykəlçilik kampaniyası”na start verilib. Ekspertlərin fikrincə, bu cür təşəbbüslər Rusiya “sülhməramlılarının” Qarabağda uzun müddət qalmasına hesablanıb. 

Rusiya sülhməramlılarının ölkə ictimaiyyətinin hiddətinə səbəb olan növbəti addımını “Şərq”ə dəyərləndirən Ağ Partiyanın sədr müavini Əhəd Məmmədli deyib ki, torpaqlarımızda ağalıq edən rusların və separatçıların oyunlarına son verməyin zamanı çatıb. Analitik vurğulayıb ki, ruslar və ermənilər həddini daha çox aşmamış təxribatçı addımların qarşısını almaq lazımdır:

 “Erməni mediası yazıb ki, Soçi görüşündə Azərbaycan tərəfi Qarabağda qondarma rejimə aid bez parçalarının ara-sıra görünməsinə sərt şəkildə etirazını bildirib və təxribatların davam edəcəyi halda hədəfin vurulacağını bəyan edib. Deyilənə görə, bundan sonra separatçılar “bayraq” dedikləri cındırları yığışdırıblar. Rəsmi Bakı Qarabağdakı bütün təxribat əməllərinə ən sərt formada reaksiya verməlidir. Bizim üçün fərq etmir ki, Xankəndi və ətraf rayonlarda təxribat törədənlər ermənilər, yaxud rus sülhməramlılarıdır. Zərurət olmadığı halda müəyyən obyektlərin inşa edilməsi, təməlqoyma mərasimləri, hərbi təlimlər, quldurlara heykəllər ucaldılması və s. bu kimi hərəkətlər heç də xoş məqsədlə edilmir. Xankəndi və ətraf bölgə Azərbaycanın tarixi və qanuni torpaqlarıdır. Orada atılacaq hər addıma, yerə qoyulacaq hər daşa görə rəsmi Bakıdan icazə alınmalıdır. Əks halda cavabımız hərbi güc müstəvisində verilməlidir”. 

Ə.Məmmədlinin qənaətincə, mövqeyimizi birmənalı ortaya qoymasaq, ruslar və ermənilər Qarabağda çox hoqqadan çıxacaq: 

“Separatçılar rahat ora-bura gəzişir, əsgərlərimizə hücum çəkir, silah işlədirlər. Ruslar da sanki öz əraziləri kimi Qarabağda istədiklərini edirlər. Əski parçasının asılmasına imkan yaradır, büst açır, heykəl qoyur, erməni “zəvvarları” daşıyır, binalar inşa edir və s. Rusiyanın bir məqsədi də müvəqqəti nəzarət etdiyi bölgəni, konkret Xankəndini ermənilər vasitəsi ilə ruslaşdırmaqdır. Moskva bölgədə daimi qalmaq, ən azından 5 illik müddəti uzatmaq üçün əlindən gələni edir”.