Növbəti səfər Şuşaya olacaq

Səfirlər yerlə-yeksan edilən Ağdamı gözləri ilə gördü

Xəbər verdiyimiz kimi ABŞ səfiri Li Litzenberqer və Böyük Britaniya səfiri Ceyms Şarp Ağdama birgə səfər ediblər. Səfər çərçivəsində qonaqlara dağıdılan yerlər göstərilib və şəhərin gələcək quruculuq işləri barədə məlumat verilib. Səfirlər bildiriblər ki, regionlara səfər onların işinin tərkib hissəsidir. Xatırladaq ki, Fransanın Azərbaycandakı səfiri Zakari Qrossun başçılıq etdiyi nümayəndə heyəti də bu günlərdə Ağdama səfər etmişdi.

Maraqlısı odur ki, sözügedən ölkələrin səfirləri diplomatların Şuşaya təşkil edilən səfərində iştirakdan imtina etmişdilər. Görünür, Azərbaycan qısa müddətdə elə geosiyasi reallıqlar yaradıb ki, ölkəmizin atdığı addımlar bütün dünya tərəfindən qəbul olunur. O səbəbdən işğaldan azad olunmuş ərazilərə səfər edən xarici diplomatların sayı hər dəfə artır. 

Millət vəkili Aydın Mirzəzadə Amerika və Böyük Britaniya səfirlərinin Qarabağa səfərlərini müsbət qiymətləndirib: 

“Bu səfərlər BMT Təhlükəsizlik Şurasının beş daimi üzvündən üçünun Ermənistan işğalının ağır nəticələrini və Azərbaycanın bərpa işlərində faəliyyətini görməyə, obyektiv qiymət verməyə imkan verəcək. 
Ümid edirəm ki, səfirlərin növbəti səfərləri Şuşaya və digər işğaldan azad edilmiş regionlara da olacaq”.