Ermənistanı əsas narahat edən məqam İranın Zəngəzur dəhlizi ilə bağlı mövqeyini dəyişməsidir  - Politoloq

“Son günlər İrəvan küçələrində İrana qarşı etirazlar diqqəti cəlb edir”.

Bu barədə “Sherg.az”a politoloq Ceyhun Əhmədli deyib.

Ekspertin sözlərinə görə, etirazlar rəsmi Tehranın son davranışlarından qaynaqlanır: 

“İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Aşqabadda keçirilən XV zirvə toplantısında Azərbaycan və İran prezidentlərinin təkbətək görüşü zamanı verilən mesajlar, təbii qazın nəqlinə dair imzalanan saziş İrəvanda isterkaya səbəb olub. Hazırda Ermənistanı əsas narahat edən məqam İranın Zəngəzur dəhlizi ilə bağlı mövqeyinin dəyişməsidir. Gedişat göstərir ki, bu məsələyə artıq fərqli mövqedən - Azərbaycanın maraqları prizmasından yanaşmağa üstünlük verəcək. Bu mənada, ilk baxışdan spontan təsiri bağışlayan küçə nümayişlərinin əslində Ermənistan hakimiyyəti tərəfindən süni təşkil edilmiş etiraz aksiyası olduğunu ehtimal edə bilərik”.