Hesabatın hər cümləsində böhtan var

Beynəlxalq din azadlığı komissiyasındakıların əksəriyyəti erməni zehniyyətinin daşıyıcılarıdır

ABŞ-ın Dövlət Departamentinə bağlı Beynəlxalq Din Azadlığı Komissiyası növbəti dəfə qərəzli mövqeyini ortaya qoyub. Hər zaman riyakar yanaşması ilə gündəmə gələn Komissiya Azərbaycanla qardaş Türkiyəni “din azadlığının təhlükə altında olduğu ölkələr” kimi təqdim edib. Bununla bağlı hazırlanmış hesabatda yazılıb ki, guya, Türkiyədə erməni irsinə qarşı ögey yanaşma var. Qurumun sərsəm iddiasına görə, məhz ermənilər əleyhinə yönələn hərəkət və etirazlar Qarabağda hərbi gərginliyin yaranma səbəbi olub. 

Millət vəkili Sahib Alıyev deyib ki, Beynəlxalq Din Azadlığı Komissiyasının absurd məntiqinə görə, 44 günlük savaş Azərbaycan torpaqlarının işğal altında olmasına görə deyil, Azərbaycanla Türkiyədə ermənilərin “həzm edilməməsi” səbəbi ilə baş verib. Deputatın sözlərinə görə, əslində hər cümləsindən böhtan tökülən bu yanaşma onu heç də təəccübləndirməyib:

 “Bilirsiniz niyə? Ötən gün Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsinə sivilizasiyalararsı qarşıdurma bucağında yanaşmayan azsaylı jurnalistlərdən birinin - Tomas Qoltsun xatırlatması diqqətimi çəkdi. 

Orada bildirilirdi ki, Ermənistanda Birinci Qarabağ savaşı zamanı əsir götürülən azərbaycanlılarla çox vəhşicəsinə davranırdılar. Onlardan 8 nəfərini İrəvanda güllələmişdilər. 

“The Washington Post” qəzeti ATƏT komissiyasının üzvlərindən birindən azərbaycanlı əsirlərə qarşı bu cür vəhşicəsinə davranışa niyə son qoyulmadığını soruşanda isə cavab belə olub: “Ölü azərbaycanlılara görə səs-küy qaldırmaq Vaşinqtondakı siyasətçilərə sərfəli deyil..”.

 Bax, Beynəlxalq Din Azadlığı Komissiyasındakıların əksəriyyəti həmin zehniyyətin daşıyıcılarıdır. Son 30 ildə gedən proseslərdən xəbərsiz və sadəlövh olmalısan ki, Qərbin bu cür təşkilatlarından obyektiv nəsə gözləyəsən”.