Özbəkistan Qazaxıstan deyil! – “Rusiya üçün daha qəliz olacaq”


“Özbəkistan iqtisadi baxımdan daha çox inkişaf edib və burda klanlararası mübarizə Qazaxıstanda olduğu qədər qabarıq deyil”

“Məncə, indiki halda Rusiya Mərkəzi Asiyanı tam nəzarətə keçirdikdən sonra Əfqanıstanla sərhəddi götürmək istəyir”

“Buna görə onun hədəfində daha çox Tacikistan ola bilər. Lakin iqtisadi baxımdan Rusiyanın uzun müddət müharibə aparmaq gücü yoxdur”


Dünən Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT)ölkələri rəhbərlərinin videokonfrans formatında sammiti keçirilib. Sammitdə Qazaxıstandakı son hadisələr müzakirə edilib. Bununla yanaşı faktiki olaraq növbəti hədəfin hansı ölkə olması da müzakirə edilib. Belarus Prezidenti Aleksandr Lukaşenko çıxışı zamanı Qazaxıstanda baş verən hadisələrdən ilk növbədə Özbəkistanın nəticə çıxarmalı olduğunu deyib:“Qazaxıstandakı etirazların əsas dayağı peşəkar terrorçulardır.Bizi gələcəkdə ciddi çağırışlar gözləyir,KTMT-ni gücləndirməliyik”.Lukaşenko bu açıqlaması ilə açıq şəkildə növbəti hədəfin Özbəkistan ola biləcəyini və faktiki olaraq Kremlin Qazaxıstanda olduğu kimi hər an Özbəkistanda da ixtişaşlar törədə biləcəyini bildirir.

Maraqlıdır,mövcud situasiyada Özbəkistanın növbəti hədəf olması nə dərəcədə realdır?

 Politoloq Azər Rəşidoğlu mövzunu “Sherg.az”a şərh edərkən bildirib ki, Rusiya KTMT və BMT-nin nizamnaməsinə zidd olaraq müstəqil Qazaxıstana qoşun yeridib:

“Artıq Mərkəzi Asiyanın enerji dəhlizlərinin önünü kəsmək istəyən rəsmi Moskvadan, Mərkəzi Asiyanın istənilən ölkəsində təcavüzkar siyasətini davam etdirəcəyini gözləyə bilərik”.

Politoloq Qazaxıstandan fərqli olaraq Özbəkistanda vəziyyətin Rusiya üçün daha qəliz olacağını söyləyib və səbəbini açıqlayıb:

“Özbəkistan iqtisadi baxımdan daha çox inkişaf edib və burda klanlararası mübarizə Qazaxıstanda olduğu qədər qabarıq deyil. Məncə, indiki halda Rusiya Mərkəzi Asiyanı tam nəzarətə keçirdikdən sonra Əfqanıstanla sərhəddi götürmək istəyir. Buna görə onun hədəfində daha çox Tacikistan ola bilər. Lakin iqtisadi baxımdan Rusiyanın uzun müddət müharibə aparmaq gücü yoxdur”.

A.Rəşidoğlu Lukaşenkonun KTMT ölkə rəhbərlərinin sammitindəki  çıxışına diqqət çəkib və onun səsləndirdiyi fikirlərin birbaşa Putinə məxsus olduğunu deyib:

“O özünü Putinin mətbuat katibi kimi aparır. Təbii ki, Rusiyanın işğalçı siyasəti böyükdür. Bu məqamda Cənubi Qafqaz və Ukrayna da risk qrupundadır. İmperiyanı bərpa etmək istəyən Kreml istənilən ölkəyə qarşı işğal siyasətini davam etdirə bilər və bunun da qarşısı alınmalıdır”.