“Ermənistan Azərbaycanla sərhədə kənar qüvvələr cəlb etmək istəyir” - Məkrli siyasət...

“Ancaq rəsmi Bakıdan icazə olmadan, sərhəd zonalarda hansısa ölkənin təmsilçilərinin yerləşməsi qanunlarımıza ziddir”
“Ona görə ki, hələ Azərbaycan və Ermənistan arasında müəyyənləşmiş, dəqiqləşmiş sərhəd yoxdur”
  Atəşkəs haqqında əldə olunmuş razılaşmaya baxmayaraq, sentyabrın 28-i axşam saatlarında Ermənistan silahlı qüvvələri Kəlbəcər rayonu istiqamətində yerləşən bölmələrimizi müxtəlif çaplı atıcı silahlardan atəşə tutublar. Atəş nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçusu Nicat İsgəndərov yaralanıb. Ordumuz qeyd olunan istiqamətdə adekvat cavab tədbirləri görüb və 3 erməni hərbçisi məhv edilib. Erməni hərbçidən biri zabit olub. Azərbaycan Müdafiə Nazirliyindən bildirilib ki, bütün məsuliyyət vəziyyəti məqsədyönlü şəkildə gərginləşdirməyə çalışan Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür. 2020-ci ildəki acı məğlubiyyətdən və hərbi-diplomatik iflasdan sonra Ermənistanda revanşizm meyillərinin getdikcə güclənməsi müşahidə olunmaqdadır. Ermənistan üçtərəfli bəyanatda əksini tapmış tələblərin icrasından boyun qaçırır. Xüsusilə Azərbaycan ərazisində hələ də qalmış hərbçiləri və texnikanı çıxarmayıb. Müxtəlif yollarla Qarabağda hərbi mövcudluğunu qoruyub saxlamağa və gücləndirməyə çalışıb. Ardıcıl baş verən təxribatlar göstərir ki, Ermənistan regionda gərginliyin qalmasında maraqlıdır. İrəvan bölgədə gərgin ab-havanı saxlamaqla, beynəlxalq ictimai rəylə manipulyasiya edir və Azərbaycanı hədəfə gətirməyə çalışır. İşğaldan azad edilmiş ərazilərdə görülən işlərin miqyasını görən Ermənistan Qarabağda yaşayan ermənilərin Azərbaycan cəmiyyətinə inteqrasiyasının qaçılmaz olduğunu bilir və bu prosesə zərbə vurmağa cəhd göstərir. Diqqətçəkən məqam odur ki, əvvəlki dövrdə Ermənistan Rusiyaya arxalanır və işğalçılıq siyasətini davam etdirirdisə, son hadisələr artıq bu ölkənin oriyentrlərini dəyişdiyini və açıq şəkildə Qərbdə dəstək axtardığını göstərməkdədir. NATO-nu bölgəyə gətirməyi və öz revanşist məqsədlərini Qərbin əli ilə reallaşdırmağı düşünür. Əslində tarixi və müasir siyasəti bilən şəxslər onu da bilməlidirlər ki, nə ABŞ-ın, nə də Fransanın ipi ilə quyuya enmək olmaz. Əfqanıstanda on minlərlə insanı özünə işlədən, axırda isə onları “Taliban” silahlılarının gülləsi qabağında qoyub Əfqanıstandan çıxan ABŞ üçün Ermənistan kimi ölkələr müvəqqəti forpostdan başqa bir şey deyillər. Şübhə yox ki, Ermənistanın bu manipulyasiya, təxribat və siyasi avantüralarının son məqsədi sülh prosesini ləngitmək, mümkündürsə, iflasa uğratmaqdır. O baxımdan Ermənistanın çaldığı havaya oynayan dünya gücləri İrəvanın yürütdüyü təhlükəli siyasətin mahiyyətini aydın görməlidir. Onun əsl niyyətlərini düzgün qiymətləndirməli və Ermənistanı bu iddialardan əl çəkməyə məcbur etməklə sülh prosesinə öz töhfələrini verməlidirlər. Ermənistanı idarə edənlər reallığı, dövlətin gücünü, ordunun potensialını, xalqın psixoloji durumunu yaxşı bilirlər. Ona görə də revanşist qüvvələrin fitvasına gedərək yenidən aktiv müharibəyə başlamaq istəmirlər. Ancaq hakimiyyət onu da anlayır ki, revanş ovqatında olmasalar hakimiyyətdə qala bilməyəcəklər. O səbəbdən yenidən “aktiv olmayan müharibə” fazasına keçmək, sərhəddə gərginliyi saxlamaq niyyəti güdürlər. Bu isə faktiki olaraq, Ermənistanın üçtərəfli bəyanatda əksini tapmış tələblərin icrasından boyun qaçırmasıdır. Müharibənin davam edəcəyi təqdirdə isə Ermənistanın öz mövcudluğunun təhlükə altına düşməsi təbiidir. Hazırda Ermənistan o qədər zəifləyib ki, Azərbaycan onu lazımi yerə qədər geri çəkilməyə vadar edə bilər. Bunu Ermənistanda da anlayırlar, məhz ona görə haray-həşir salır, yeni himayədar axtarırlar. Bu baxımdan bu ölkənin siyasi xadimləri ermənilərin sülh içində yaşamasını istəyirlərsə, uzaq paytaxtlardan kömək ummamalıdırlar, öz qonşuları ilə dinc, yanaşı yaşamağı öyrənməlidirlər. Bütün qonşulara ərazi iddiası irəli sürməklə yalnız onların nifrətini qazanmaq olar. İndi Ermənistan beş qonşusundan üçü ilə analoji münasibətdədir. Şimal qonşusunun yanında etibarını itirib, cənub qonşusu isə onun dostlarının qatı düşmənidir. Yəni İranla Ermənistan arasındakı “dostluq büsatı”ının perspektivi yoxdur, ilk tələbdə İrəvanın üzü Tehrandan dönəcək. Bir sözlə, ermənilərin xilası öz əllərində və həm Azərbaycan, həm də Türkiyə ilə normal münasibətlər qurmaqdadır.
  Sabiq xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov "Sherg.az"a bildirib ki, ermənilərin məqsədi süni təxribatlarla vəziyyəti gərginləşdirmək, Azərbaycanla aparılan danışıqları, müzakirələri dalana dirəməkdir. Sabiq nazir vurğulayıb ki, Ermənistan çalışır ki, kənar beynəlxalq gücləri, ələlxüsus da Rusiyadan başqa qüvvələri Azərbaycanla sərhədə cəlb etsin: "Ermənistan öz gücsüzlüyünün fərqindədir və yaxşı bilir ki, sərhəddəki təxribatlarına Azərbaycan tərəfi çox sərt qarşılıq verəcək. Ermənilərin bir neçə təxribatı onların sərhəddə mühüm strateji mövqeləri itirməsi ilə nəticələnib. Buna rəğmən, öz təxribatlarından, Qarabağa müdaxilədən əl çəkmək istəmirlər. Büdcə müzakirələrində Qarabağdakı qondarma rejimin maliyyələşməsi də gündəmə gətirilir. Yəni İrəvan köhnə siyasətini davam etdirir. Təbii ki, Azərbaycan Ermənistanın bu siyasəti ilə barışmır və ermənilərin təxribatlarını cavabsız qoymur. Hər dəfə Azərbaycandan ciddi zərbə alan erməni tərəfi sərhədə beynəlxalq gücləri yerləşdirmək istəyir. Kənar qüvvələrin arxasına sığınaraq öz məkirli siyasətlərini davam etdirməyə çalışırlar. Ermənilərin bu məqsədi çox aydın görünür. Ancaq Azərbaycanın icazə olmadan, sərhəd zonalarda hansısa ölkənin təmsilçilərinin yerləşməsi qanunlarımıza ziddir. İlk növbədə ona görə ki, hələ Azərbaycan və Ermənistan arasında müəyyənləşmiş, dəqiqləşmiş sərhəd yoxdur. İstər Fransa olsun, istərsə də digər ölkə, fərqi yoxdur, onların missiyası qəbul olunmayacaq. Bunu indidən açıq bəyan etmək lazımdır".
  T.Zülfüqarov vurğulayıb ki, Azərbaycana qarşı uzun müddət bu cür siyasətdən istifadə olunub. Üçüncü qüvvələr, kənar güclər daim mövcud vəziyyətdən öz maraqları naminə yararlanmaq istəyiblər: "Azərbaycan və Ermənistan arasında vasitəçilik edənlər Avropa İttifaqı, ABŞ və Fransadır. Ancaq bunların maraqları da fərqlidir. Məlumdur ki, ABŞ-la Avropa İttifaqı arasında münasibətlərdə problemlər var. Kollektiv Qərb bir çox məsələdə birgə mövqedən çıxış etmir. Bunu Ukraynaya münasibətdə də gördük. Cənubi Qafqazdakı proseslərə baxış da eyni cürdür. İndiki halda Qərbi ortaq nöqtəyə gətirən yeganə amil Rusiya faktorudur. İndi görürük ki, Ermənistanda da Qərb-Rusiya qarşıdurması şiddətlənir. Ölkədə Rusiyaya qarşı aksiyalar təşkil olunur, bəyanatlar verilir və s. İrəvan istəyir ki, Rusiyanı Qərblə əvəzləsin".