“Ərdoğan-Paşinyan təması ilə bağlı müsbət impulslar var”

“Qardaş Türkiyə Azərbaycanın tələblərini, mövqeyini çox gözəl bilir və hər mühitdə müdafiə edir”
“Görüş baş tutacağı təqdirdə Azərbaycan-Ermənistan arasındakı sülh müqaviləsinin və sərhədlərin müəyyənləşməsi məsələsinin müzakirə predmeti olacağı şübhəsizdir”
  Oktyabrın 6-7-də Praqada həm Ermənistan, həm də Türkiyə liderlərinin dəvət olunduğu AB sammiti keçiriləcək. Bir neçə gün əvvəl Türkiyə Prezidenti Ərdoğan Praqada planlaşdırılan AB sammiti çərçivəsində Nikol Paşinyanla görüşməyə hazır olduğunu açıqlamışdı. Ötən gün Ermənistan XİN-i də belə bir görüşün baş tuta biləcəyini istisna etməyib. Yəni Praqada fors-major hal olmazsa, Ermənistan Baş naziri Nikol Paşinyan və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın görüşü reallaşacaq.
  Siyasi elmlər doktoru, professor Cümşüd Nuriyev "Sherg.az"a açıqlamasında deyib ki, sammitin məqsədi ilk növbədə Avropa məkanındakı münaqişə ocaqlarını lokallaşdırmaqdır. Professorun sözlərinə görə, AB-nin əsas hədəfi Ukrayna-Rusiya müharibəsini bitirməkdir: "Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu sammitə təsadüfən dəvət olunmayıb. Ərdoğan çox böyük bir missiya yerinə yetirir. Ötən gün bəyanat verdi ki, Ukrayna rəhbəri V.Zelenski ona müraciət edərək Putinlə danışmağını xahiş edib. Bu da ilkin razılaşmaların ola biləcəyindən xəbər verir. O ki qaldı Ermənistan Baş naziri Nikol Paşinyanın sammit çərçivəsində Ərdoğanla görüş ehtimalına, bu da gözləniləndir. Hər iki tərəfdə Ərdoğan-Paşinyan təması ilə bağlı müsbət impulslar var. İrəvanın bu məsələdə maraqlı olduğu göz önündədir. Ankara da öz mövqeyini dəfələrlə açıqlayıb. Düzdür, Ermənistan kənar güclərin təlimatı və təhriki ilə Azərbaycanla sərhəddə təxribatlarını davam etdirəcək. İndiki halda bu, istisna olunmur".
  C.Nuriyev vurğulayıb ki, Ermənistanda bu cür siyasətin yanlış və təhlükəli olduğunu görən, bunu açıq etiraf edənlər də var: "Ötən gün sabiq prezident Levon Ter-Petrosyan da vurğuladı ki, İrəvanın Azərbaycan və Türkiyə ilə əməkdaşlıqdan, normal qonşuluq münasibətlərindən başqa çıxış yolu yoxdur. Ermənilərin aparıcı politoloqları da bunu etiraf edirlər. O baxımdan Ərdoğan-Paşinyan görüşünü mümkün sayıram. Qardaş Türkiyə Azərbaycanın tələblərini, mövqeyini çox gözəl bilir və hər mühitdə müdafiə edir. Görüş baş tutacağı təqdirdə Azərbaycan-Ermənistan arasındakı sülh müqaviləsinin və sərhədlərin müəyyənləşməsi məsələsinin müzakirə predmeti olacağı şübhəsizdir. Təbii ki, tərəflərin görüşündə Türkiyə-Ermənistan sərhədlərinin açılması da gündəmə gətirilə bilər".