Ermənistanda etiraz! - "Müharibə çağırışları süngü ilə qarşılanır”

“Bu hal imkan verəcək ki, İrəvan sülh müqaviləsi bağlamaqda maraqlı olsun və real addımlar atsın"
  Ermənistanın Abaran şəhərinin mərkəzində tələbələr və məktəblilər şəhərlərarası yolu bağlayaraq, hakimiyyətdən öz dostlarının, tələbə yoldaşlarının sərhəddən geri çəkilməsini tələb ediblər. Tələbələr və şagirdlər Ermənistan silahlı qüvvələrinin hərbçiləri arasında ölüm hallarının artmasına etirazlarını bildiriblər. Polislər yolu bağlayan aksiyaçıları zor gücünə dağıdıb. Qeyd edək ki, Ermənistan silahlı qüvvələrinin 27 sentyabr axşam saatlarında törətdiyi təxribata Azərbaycan Ordusunun adekvat cavabı nəticəsində 3 erməni hərbçisi məhv edilib. Ölənlərdən biri batalyon komandiri olub.
Politoloq Azər Qasımov "Sherg.az"a bildirib ki, sanki müharibədən sonra erməni cəmiyyəti yuxudan oyandı. Başlarına yeridilən xülyaların əfsanə olduğunu anladılar: "Erməni cinayətlərinin cəzasını gənclik çəkdi. Minlərlə ölən və əlil olan erməni gəncləri ata-babalarının günahlarının bədəlini ödədilər. Yeni müharibə çağırışları isə həmin bədəlin yenidən ödənməsi, daha çox erməni gəncinin həyatının məhv olması deməkdir. Etirazlar ciddi şəkildə nəyisə dəyişmək gücündə olmasa da, müəyyən dərəcədə təsirə malikdir. Sirr deyil ki, regionda maraqlı olan gücləri erməni itkiləri qətiyyən maraqlandırmır. Bu oyunların alətinə çevrilmək istəməyən erməni cəmiyyətinin bir hissəsi öz talelərini maraqlı güclərin öhdəsinə buraxdığı müddətcə itkilər çox olacaq".
A.Qasımov bəyan edib ki, sülh müqaviləsi imzalanması çağırışı ilə çıxış edən Azərbaycanın tələb və istəkləri təxribatlarla qarşılanır: "Belə halda erməni cəmiyyəti heç vaxt müstəqil və stabil dövlət kimi inkişaf edə bilməyəcək. İlk növbədə Azərbaycan buna imkan verməyəcək. Ermənistan rəhbərliyi erməni cəmiyyətinin gələcəyini fikirləşmək əvəzinə öz aqibətini düşündüyü müddətcə xalqın rifahı mümkün olmayacaq. Erməni cəmiyyətinin taleyi onların öz əlindədir. Etirazlar daha böyük miqyasda davam edərsə, zamanla təsir gücünün artacağı danılmazdır. Ermənistandakı etiraz aksiyaları, müharibə çağırışlarının süngü ilə qarşılanması, revanşist qüvvələrin səsinin batırılması Paşinyan hökumətini də rahatlaşdıracaq. Ən əsası imkan verəcək ki, İrəvan sülh müqaviləsi bağlamaqda maraqlı olsun və real addımlar atsın".