“Ulu öndər bütün fəaliyyətini xalqa həsr etmiş tarixi şəxsiyyətdir”

Azər Badamov: “Ümummilli liderin zəngin fəaliyyəti və çoxşaxəli irsi “Heydər Əliyev İli” çərçivəsində gənc nəsillərə daha dolğun şəkildə çatdırılacaq"
Vüqar Bayramov: “Heydər Əliyevin strateji baxışı iqtisadiyyatın fərqli sektorlarında islahatların dərinləşməsinə səbəb oldu”
  Prezident İlham Əliyev 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi haqqında sərəncam imzalayıb. Sərəncamda vurğulanıb ki, 2023-cü il mayın 10-da Azərbaycan xalqının ümummilli lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 ili tamam olur. Qeyd olunub ki, Heydər Əliyev öz xalqını zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxarmış və ardıcıl mübarizə apararaq onu müstəqilliyə qovuşdurmuş qüdrətli şəxsiyyətdir. Azərbaycan xalqı yeni əsrə və yeni minilliyə məhz Heydər Əliyev zəkasının işığında qədəm qoyub. Davamlı yüksəliş yolunda inamla irəliləyən müasir Azərbaycan Heydər Əliyevin həyat amalının təntənəsidir. Heydər Əliyev özünün qeyri-adi idarəçilik bacarığı, polad iradəsi və yüksək vətənpərvərliyi sayəsində, uzaqgörən və məqsədyönlü qərarları ilə çox qısa müddətdə respublikamızda sosial-iqtisadi, elmi-texniki və mədəni sahələrin inkişafında böyük sıçrayışa nail olub.
  Millət vəkili Azər Badamov "Sherg.az"a deyib ki, Prezident İlham Əliyevin sərəncamı ilə 2023-cü ili “Heydər Əliyev İli” elan olunması vətənini sevən hər bir şəxsi sevindirdi. Deputat qeyd edib ki, ümumimilli lider Heydər Əliyev bütün həyat fəaliyyətini xalqa həsr etmiş tarixi şəxsiyyətdir: "Ulu öndər Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi hər bir dövrdə ölkəni tərəqqiyə və inkişafa aparıb. Bu gün qürurla qeyd etdiyimiz müstəqil Azərbaycan dövləti Heydər Əliyevin ideyaları üzərində qurulub və inkişaf edir. Ümummilli liderin Azərbaycanla bağlı ən böyük arzusu torpaqların işğaldan azad edilməsi, qaçqın və köçkünlərin öz yurdlarına qayıtması idi. Bu gün Prezident İlham Əliyevin rəhbərliyi altında ulu öndər Heydər Əliyevin siyasi-iqtisadi kursu uğurla davam etdirilir. Heydər Əliyevin görmək istədiyi müstəqil, güclü və qalib Azərbaycan dövləti ərsəyə gəlib.
  2023-cü ilin “Heydər Əliyev İli” adlandırılması xalqımızın arzuladığı bir qərardır. Heydər Əliyevin çoxşaxəli irsi xalqımızın milli sərvətidir. 2023-cü ildə müəyyən olunacaq tədbirlər planına əsasən "Ulu öndər - Azərbaycan dövləti" mövzularında silsilə tədbirlər təşkil ediləcək. Ümummilli liderin zəngin fəaliyyəti və çoxşaxəli irsi “Heydər Əliyev İli” çərçivəsində gənc nəsillərə daha dolğun şəkildə çatdırılacaq".
Millət vəkili Vüqar Bayramov bildirib ki, 1993-cü ildə ulu öndərin Azərbaycanda yenidən hakimiyyətə gəlməsi ölkənin ictimai-siyasi həyatında stabilliyin əldə edilməsi ilə yanaşı iqtisadiyyatın bərpası istiqamətində fəaliyyətlər də sürətləndi. Deputat bəyan edib ki, ümummilli liderin Azərbaycana rəhbərlik etməsindən sonra iqdisadiyyatın inkişafı üçün yaxın dövrdə nəzərdə tutulan tədbirlərlə yanaşı strateji proqramlar və layihələrin işlənib hazırlanmasına və reallaşmasına başlanıldı: "Milli liderin siyasi rəhbərliyi ilə Azərbaycan iqtisadiyyatının uzun müddətli dövr üçün strateji hədəfləri müəyyənləşdirildi. Müstəqilliyin ilk illərində ölkə iqtisadiyyatında müşahidə edilən tənəzzül qısa zamanda aradan qadırıldı. Həmin dövrdə həyata keçirilməyə başlanan islahatlar uzun müddətli dövrdə Azərbaycan iqtisadiyyatında inkişaf trayektoriyalarını müəyyənləşdirdi. Ulu öndərin Heydər Əliyevin strateji baxışı iqtisadi tənəzzülün qısa zamanda aradan qaldırılmasına, liberal iqtisadi islahatlar yolu mülkiyyət münasibətlərinin yeni mərhələyə qədəm qoymasına, sənaye, kənd təsərrüfatı və eləcə də iqtisadiyyatın fərqli sektorlarında islahatların dərinləşməsinə səbəb oldu. Qeyri-neft sektorunun inkişaf etdirilməsi kontekstində neft sənayesinin bərpası, ölkəyə valyuta daxil olmalarının artırılması təmin olması və bununla da sahibkarlığın daha yaxın dəstəklənməsi əsas hədəflərdən idi.
  Milli lideri dərin hörmət və ehtiramla anırıq".