“Putinin "referendum" oyunu Rusiya üçün təhlükədir”

Əziz Əlibəyli: “Müharibəni məhz indiki məqamda dayandırma və "dəmir pərdəni" salmaq Moskva üçün ən optimal variantdır”
“Ukrayna ordusu uğurlu əks-hücum əməliyyatları həyata keçirir və Kiyevin addımları Qərb tərəfindən ən yüksək səviyyədə dəstəklənir”
  Rusiya Prezidenti Vladimir Putin Ukraynanın Zaporojye və Xerson vilayətlərinin “suverenliyi”nin və “müstəqilliyi”nin tanınması haqqında fərman imzalayıb. Qeyd olunub ki, fərmanlar imzalandığı gündən qüvvəyə minir. Əksər Qərb ölkəsi, beynəlxalq təşkilatlar Rusiyanın təşkil etdiyi saxta "referendum"ların nəticələrini qəbul etmədiklərini vurğulayıblar. Bir sıra dövlətlər isə Ukrayna torpaqlarının qondarma "referendum" adı ilə zəbt edilməsinə imkan verməyəcəklərini açıqlayıblar. ABŞ Prezidenti Co Bayden bildirib ki, Ağ Ev Ukraynanın Donetsk, Luqansk, Xerson vilayətində və Zaporojyedə azad edilmiş ərazilərində keçirilən “referendum”ları tanımır: "Bu qondarma referendumlar uydurma, mütləq saxtakarlıq idi. Onların nəticələri Moskvada uydurulub". Bayden həmçinin, Ukraynadakı xüsusi əməliyyatı BMT Nizamnaməsinin və ölkələrin suverenliyi və ərazi bütövlüyünün fundamental prinsiplərinin kobud şəkildə pozulması kimi dəyərləndirib. Ekspertlərə görə, növbəti addım Ukraynanın bu torpaqlarının Krım senarisi üzrə ilhaq edilməsi ola bilər. Bu addım fonunda Rusiyada səfərbərliyin və “nüvə şantajının” hədəfi daha da aydın olur. Moskva “Rusiya ərazisinə hücum” iddiası ilə “nüvə şantajı”nı legitimləşdirmək istəyəcək. Kreml müharibəni bu nəticə ilə bitirmək istəyir. Moskvanın hesablaması belədir ki, Krım senarisində olduğu kimi proses “dondurulmuş münaqişə” üzrə hərbi sferadan diplomatik mübarizəyə keçir. Burada həlledici amil Avropanın enerji problemini necə aşa biləcəyi və Rusiyaya qarşı cəbhənin nə qədər bütöv qala biləcəyi olacaq. Xatırladaq ki, bundan əvvəl Gürcüstanın Abxaziya və Cənubi Osetiya ərazilərini özünə birləşdirən Moskva bu ilin yanvarında Qazaxıstanla "ümumi sərhəd" prinsipini hərbi güc yolu ilə möhkəmləndirmişdi. 2014-cü ildə Krımın birləşdirilməsi ilə Moskva Rusiyanın dənizə çıxışını saxlamağa nail olmuşdu. Əgər Ukrayna məğlub olarsa, Rusiya "məhdudlandırılmış suverenlik" prinsipini tətbiq etməklə yenidən Avropanın "jandarmına" çevrilə bilər.
Beynəlxalq məsələlər üzrə ekspert Əziz Əlibəyli "Şərq"ə açıqlamasında deyib ki, Rusiya dövlət başçısı V.Putin artıq hərbi əməliyyatların və torpaq ələ keçirmə gücünün hara qədər olduğunu gördü. Analitik bildirib ki, Putin mövcud resursların məhdudluğunu anlayır: "Rusiya qoşunlarının döyüş qabiliyyətinin aşağı-yuxarı hansı səviyyədə olduğu üzə çıxdı. Müharibəni məhz indiki məqamda dayandırma və "dəmir pərdəni" salmaq Moskva üçün ən uğurlu variantdır. Savaşı davam etdirmək Rusiya üçün ciddi təhlükə deməkdir. Ukrayna ordusu uğurlu əks-hücum əməliyyatları həyata keçirir və Kiyevin addımları Qərb tərəfindən ən yüksək səviyyədə dəstəklənir. Ukrayna ordusunun uğurlarında Qərbin çox böyük hərbi və maliyyə yardımı dayanır. Bütün bunlar hamısı Rusiya üçün mənfi nəticələr doğura bilər. İndiki məqamda "referendum" və s. addımlarla hadisələri "dondurmaq" Putinin imicinin xilas edilməsinə hesablanıb. Qərbin bunu qəbul edib-etməməsindən asılı olmayaraq, Rusiya öz ərazisinə yeni torpaqlar "qatmış" olacaq. Şübhə yox ki, Ukrayna Qərbdən aldığı dəstəklə "referendum" keçirilən bölgələrə hərbi müdaxilə edərsə, Putin nüvə təhdidini real müstəviyə keçirə bilər. Yəni Rusiyanın proseslərə qarşısıalınmaz zərbə vurmaq ehtimalı yüksəkdir. İnanıram ki, Putin bu addımı atar".