Növbəti erməni vandalizmi

Bu dəfə yük maşınları ilə azərbaycanlılara məxsus qəbiristanlıqda məzar daşlarını dağıdırlar

Əhməd Şahidov: "Erməni cinayətlərini sistemli şəkildə bir yerə toplamaq, sübut və dəlillərlə beynəlxalq məhkəmələrə, Haaqa və İnsan Haqları üzrə Avropa Məhkəməsinə müraciət etmək lazımdır"

  Sosial şəbəkələrdə ermənilərin azərbaycanlılara məxsus məzarları dağıtmasını əks etdirən videogörüntülər yayılıb. Videodan aşkar görünür ki, erməni vandalları yük maşını ilə azərbaycanlılara məxsus qəbiristanlıqda məzar daşlarını dağıdırlar. Məzarlığın dağıdılması videosunu Artur adlı erməni yayıb və məzarları təhqir edir. Məkan haqda dəqiq məlumat olmasa da, teleqram kanalları bunun Basarkeçər ərazisindəki azərbaycanlı qəbiristanlığı olduğunu bildirirlər. Hadisənin hansı ərazidə baş verməsindən asılı olmayaraq, söhbət vandalizm aktından və azərbaycanlıların mədəni irsinə qarşı növbəti vəhşilikdən gedir. Məzarlığın dağıdılması - tarixi təhrif edərək azərbaycanlıların izini silmək cəhdidir. 

Ermənilərin azərbaycanlılara məxsus maddi-mədəni irsi, dini abidələri, müqəddəs məkanları dağıtması və murdarlaması onların köhnə vərdişidir. Bunun sübutu işğaldan azad edilmiş ərazilərdəki acınacaqlı vəziyyətdir. 30 illik işğal dövrü erməni vandalizminin “ən kreativ” mərhələsi olub. Azərbaycanlı əkiz bacılara məxsus məzarların arasından səngər salmaq, məscidlərdən tövlə kimi istifadə etmək, qəbir daşlarından pilləkən düzəltmək, minarələri müşahidə məntəqəsinə çevirmək və s. İşğaldan əvvəl yüz minlərlə azərbaycanlının yaşadığı Qarabağ və Şərqi Zəngəzurun yaşayış evləri, məktəbləri, mədəniyyət mərkəzləri, məscidləri, məzarlıqları ermənilər tərəfindən mədəni genosidə məruz qalıb. 

Taxıl zəmilərinə, minalanmış ərazilərə, poliqonlara, səngərlərə və bunkerlərə çevrilib. Bütün bu faktları bölgəyə gələn xarici diplomatlar, beynəlxalq ekspertlər, vətəndaş cəmiyyəti fəalları, jurnalistlər və ən sadə vətəndaşlar da təsdiqləyirlər.

 Ermənilərin bölgədəki genişmiqyaslı vandalizmi bir sıra ölkələrin və beynəlxalq təşkilatların hesabatlarında da əks olunur. Amma "UNESCO"nun laqeyd münasibəti fonunda ermənilər Azərbaycan xalqının bu bölgədə əsrlər boyu yaratdığı mədəni-tarixi irsi dağıtmaqda davam edir. Baş verən bu vandalizm bir daha rəsmi Bakının Ermənistan ərazisindəki azərbaycanlılara məxsus tarixi-mədəni abidələrin taleyinin "UNESCO" tərəfindən araşdırılması üçün missiyanın yaradılması təklifinin aktuallığını göstərir.

 Əfsuslar olsun ki, "UNESCO" 1954-cü il Haaqa Konvensiyasının şərtlərinin ermənilər tərəfindən kobudcasına pozulmasına göz yumduqca, azərbaycanlılara məxsus dağılan abidələrin, məzarlıqların, məscidlərin sayı artır. 
  Azərbaycan Demokratiya və İnsan Haqları İnstitutunun rəhbəri, hüquq müdafiəçisi Əhməd Şahidov "Şərq"ə bildirib ki, bu, növbəti erməni vandalizmidir. Ekspert vurğulayıb ki, nəinki erməni silahlı birləşmələri, hətta mülki ermənilər də Azərbaycanın mədəni-tarixi irsinə düşmən münasibət sərgiləyirlər: "Ermənilər Azərbaycan xalqına qarşı müharibə cinayətlərində, vandalizm hərəkətlərində daim iştirak ediblər. Birinci Qarabağ müharibəsində erməni vəhşiləri xalqımıza qarşı soyqırımlar, qətliamlar, dəhşətli cinayətlər, terror aktları törədiblər. Azərbaycan tarixinə, mədəni irsimizə, milli-mənəvi dəyərlərimizə çirkin hücumlar ediblər. Hər zaman çalışıblar ki, xalqımızın həmin torpaqlarda əsrlər boyu yaşadığına dair bütün tarixi izləri yox etsinlər. 

Konkret sonuncu videoda vandalizmlə, xalqımızı təhqir etməklə yanaşı, həm də soyğunçuluq faktı var. Ermənilər azərbaycanlılara məxsus məzarları dağıdaraq qəbir daşlarını satıblar. Təbii ki, bu cür vəhşiliklər tərəfimizdən daim diqqət mərkəzində olmalıdır. Ermənilərin hər vəhşiliyini ifşa etməliyik, dünyanın nəzərinə çatdırmalıyıq. Göstərməliyik ki, erməni vandalları həm məzarları dağıdır, həm də bunu videoya çəkərək yayır, Azərbaycan xalqını təhqir edirlər. 

O baxımdan erməni cinayətlərini sistemli şəkildə bir yerə toplamaq, sübut və dəlillərlə beynəlxalq məhkəmələrə, Haaqa və İnsan Haqları üzrə Avropa Məhkəməsinə müraciət etmək lazımdır. 

Bu istiqamətdə artıq xeyli işlər görülüb, ancaq kifayətlənmək olmaz. Erməni quldurlarının bütün əməlləri ifşa edilənə kimi fəaliyyətimizi davam etdirməliyik. Onlar öz cinayətlərinə görə cavab verməli, əməlləri siyasi-hüquqi qiymətini almalıdır. Ən əsası da ermənilər bütün vandal hərəkətlərinə görə təzminat ödəməlidir".