İrəvan Vaşinqton görüşünə möhtacdır

Ermənistan ABŞ və Qərbin təlimatları ilə hərəkət edir

Paşinyan hakimiyyəti Rusiyanın onu devirə biləcəyindən qorxur


  ABŞ Dövlət katibi Entoni Blinken Azərbaycan Prezidenti İlham Əliyevlə telefonla əlaqə saxlayıb. Blinken Azərbaycan-Ermənistan sülh müqaviləsi üzrə danışıqların əhəmiyyətini vurğulayıb. Həmçinin Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi üzrə danışıqların əhəmiyyətindən danışıb, bu xüsusda ABŞ-nin dəstəyinin davam edəcəyini bildirib. Dövlət katibi sülhün əldə edilməsinin mümkünlüyünə inandığını deyib və Azərbaycan-Ermənistan sərhədində sərhəd-buraxılış məntəqəsinin qurulmasına toxunub.

 Prezident İlham Əliyev isə vurğulayıb ki, Azərbaycan sülh gündəliyini dəstəkləyir. Ölkə başçısı qeyd edib ki, Ermənistanla sülh müqaviləsi üzrə danışıqlara başlamağın və münasibətlərin normallaşdırılmasının təşəbbüskarı məhz Azərbaycan olub. Dövlət başçısı vurğulayıb ki, bu xüsusda da Azərbaycan tərəfindən beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq 5 prinsip Ermənistana təklif edilib. 

  Blinkenlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında da telefon danışığı olub, tərəflər regiondakı vəziyyəti müzakirə ediblər. Ermənistan və Azərbaycan arasında danışıqlar prosesi ilə bağlı fikir mübadiləsi aparılıb. Tərəflər regionda sabitliyin və sülhün təmin olunması istiqamətində ardıcıl iş aparıldığını vurğulayıblar. Ermənistanın keçmiş baş naziri Qrant Baqratyan deyib ki, Nikol Paşinyan Blinkenlə telefon danışığında Qarabağdakı durumdan və Laçın dəhlizindən danışıb, amma “status və öz müqəddəratını təyinetmə hüququ”ndan bir kəlmə də söz açmayıb: "Nə baş verir? Tərəflər müxtəlif problemləri həll edirlər. Müharibədə məğlub olan Ermənistan Qarabağı təhvil verir”. Sabiq baş nazir Paşinyanın bununla müharibə təhlükəsini Ermənistandan uzaqlaşdırmağa çalışdığını iddia edib. 

  Politoloq Elçin Xalidbəyli "Şərq"ə açıqlamasında bildirib ki, Ermənistan birmənalı şəkildə ABŞ və Qərbin təlimatları ilə hərəkət edir. Analitikin sözlərinə görə, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Vaşinqton görüşündən əvvəl daha bir məlumat yayılmışdı: 

"Rusiyanın Xarici İşlər Nazirliyinin təmsilçisi Mariya Zaxarova bildirmişdi ki, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Moskvada görüşməsi barədə razılıq əldə olunub. Ancaq Ermənistan xarici işlər naziri Ararat Mirzoyan bəyan etdi ki, görüş razılaşdırılıb, yeri və vaxtı məlum deyil. Erməni nazirin bu açıqlamasından qısa müddət sonra isə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Vaşinqtonda görüşəcəkləri elan olundu. Bu isə o deməkdir ki, erməni nazir görüşün harada və nə vaxt keçiriləcəyini əvvəlcədən bilirdi. Bundan əvvəl də erməni nazir ötən ilin dekabrında məhz Moskvada keçirilməsi nəzərdə tutulan görüşə qatılmaqdan imtina etmişdi. Bütün bunlar onu göstərir ki, rəsmi İrəvan Kremli pərt vəziyyətə salmaqda davam edir. Rəsmi İrəvan Ağ Evdən aldığı tapşırıqları icra edir. Paşinyan hakimiyyəti Rusiyanın onu devirə biləcəyindən qorxur. Çünki Rusiya erməni generaliteti vasitəsilə Ermənistanda hər an hərbi çevriliş etmək imkanına malikdir. Ona görə də, Paşinyan hakimiyyəti hazırda ABŞ və Qərbə daha çox sığınmağa çalışır".

  Ekspertin fikrincə, ABŞ də mövcud situasiyadan maksimum səviyyədə istifadə etməyə cəhd göstərir: 

"Son proseslər onu göstərir ki, hazırda ABŞ Cənubi Qafqazda geopolitik orbitr rolunu Rusiyanın əlindən alıb. İndi Azərbaycan və Ermənistan arasında sülh danışıqları prosesi Rusiyadan daha çox ABŞ-nin vasitəçiliyi ilə davam edir. Ağ Ev Cənubi Qafqazda sülh prosesinin uğur qazanmasında birbaşa maraqlıdır. Çünki bu halda, Rusiya Azərbaycan və Ermənistana qarşı əsas təzyiq mexanizmini itirmiş olacaq. Nəticədə Rusiyanın Cənubi Qafqazdan çıxarılması prosesi də sürətlənə bilər. Ona görə də, böyük ehtimalla Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanması üçün ABŞ rəsmi İrəvana daha ciddi təzyiqlər göstərir. Ağ Evdə anlayırlar ki, Cənubi Qafqazda son savaşda məğlub tərəf məhz Ermənistandır. Bu səbəbdən də, rəsmi İrəvan təzyiqlərə qarşı daha davamsızdır. Son məlumatlara görə, ABŞ hətta sülh sazişinin imzalanması məsələsində tələsir. May ayının sonlarına qədər sülh sazişinin ilkin variantda imzalanmasına nail olmağa çalışır. Ağ Ev üçün Ermənistanın və ya erməni separatçıların taleyi qətiyyən önəmli deyil. Əsas hədəf Rusiyanın Cənubi Qafqazdan çıxarılması ilə bağlıdır. Bu baxımdan, hazırda ABŞ-nin Ukraynadan sonra Cənubi Qafqazda Rusiyaya qarşı ikinci cəbhə açdığını da düşünmək olar".