Özbəkistanın uzunmüddətli sabitliyə ehiyacı var

Məhz referendumla edilən dəyişikliklər ona hesablanıb

"Əfqanıstanla yanaşı, təhlükə kimi digər qonşuları - İranı və Tacikistanı da qeyd etmək lazımdır”


 Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin təşəbbüsü ilə ölkə konstitusiyasına əlavə və dəyişikliklərlə bağlı referendum keçirilib. Konstitusiyaya edilən əsas əlavələrdən biri ölkə prezidentinin səlahiyyət müddətinin 5 ildən 7 ilə qədər uzadılmasıdır. Bununla da dövlət başçısı Ş.Mirziyoyevin prezidentlik müddəti sıfırlanacaq və o, 2026-cı ildə üçüncü dəfə namizədliyini irəli sürə biləcək. Bundan əlavə, dəyişikliklərə əsasən, Özbəkistan sosial dövlət elan edilir. Qeyd edək ki, seçicilərin 90,21 faizi Özbəkistanın yeni konstitusiyası haqqında qanun layihəsini dəstəkləyib. Səsvermədə seçicilərin 84,54 faizi iştirak edib. 

Referendumla bağlı "Şərq"ə danışan siyasi şərhçi Azər Həsrət deyib ki, Özbəkistan, ümumiyyətlə, coğrafi olaraq çox təhlükəli bölgədə yerləşir. Analitikə görə, bu ölkənin ən yaxınında Əfqanıstanın olması, üstəlik, orada özbəklərin yaşaması və əfqan-özbək xalqları arasında tarixi bağların mövcudluğu rəsmi Daşkənd üçün əlavə problemlər deməkdir: 

"Əfqanıstan "Taliban"ın nəzarəti altındadır. "Taliban" nəinki heç bir qanunu saya salmır, dünyada qəbul edilən heç bir norma ilə hesablaşmır. Qonşuluqda belə bir rejimin mövcudluğu təhlükəlidir. O baxımdan Özbəkistanın müddətli sabitlik strategiyasına ehiyac var. Məhz referendumla edilən dəyişikliklər ona hesablanıb. Özbəkistanda hakimiyyətin tez-tez dəyişməsi arzuolunan deyil, çünki hazırda sabitlik zolağındadırlar və dövlət idarəetməsində ənənə formalaşıb. Bu ənənələr də yerli və milli xüsusiyyətlər nəzərə alınmaqla formalaşıb. Onların zədə görməsi növbəti mərhələdə dövlətin sabitliyinin pozulmasına gətirib çıxara bilər. Digər yandan "sosial dövlət" konsepsiyasının irəli sürülməsi Özbəkistanın indiki səviyyədən daha irəliyə getməsi, vətəndaşların rifah halının yüksəldilməsi məqsədlərinə xidmət edir. Özbəkistanda insanların bir nömrəli məsələsi sosial problemdir. Həmin problemin həlli də Özbəkistanın sabitliyinin qalıcı olmasına əlavə töhfə verə bilər. Prezidentin vəzifəsinin sıfırlanması, növbəti mərhələdə birinci və ikinci dəfə ard-arda seçilə bilməsi üçün yolların açılması məhz buna xidmət edir". 

  A.Həsrət vurğulayıb ki, indiki məqamda Özbəkistanın özünü qoruması çox vacibdir: 

"Əfqanıstanla yanaşı, təhlükə kimi digər qonşuları - İranı və Tacikistanı da qeyd etmək lazımdır. İran Orta Asiya bölgəsinə bu və ya digər şəkildə ciddi nüfuz etməyə çalışır. Bu nüfuzetməni də əsasən din-məzhəb üzərindən reallaşdırmaq istəyir. Özbəkistan uzun illərdir bu tipli təhlükələrin qarşısını almaqda ustalaşıb. Bundan sonra eynilə davam etmək üçün sabit xəttin qorunmasına ehtiyac var.

 Tacikistan da ciddi təhlükələrdən hesab olunur. Bu dövlət özünün qeyri-sabit siyasəti ilə təkcə Özbəkistan üçün deyil, qonşu Qırğızıstan üçün də təhlükə sayılır. Ona görə də düşünürəm ki, Özbəkistan sözügedən dəyişiklikləri etməkdə haqlıdır. Düzgün addımdır və ona görə də xalq bunu dəstəklədi".