Lentsov öncə Bakıya gəlməli idi



Moskva təbii olaraq çalışır ki, bölgədə ermənilərin mövqeyi güclənsin

Qarabağdakı ermənilər Azərbaycanın daxili məsələsidir və Ermənistanın bura aidiyyəti yoxdur


  Rusiya sülhməramlı kontingentinin yeni rəhbəri, general-polkovnik Aleksandr Lentsovun 3 mayda Bakıya gələcəyi haqda məlumat yayılıb. Onun Bakıda Müdafiə Nazirliyinin rəhbərliyi ilə görüş keçirəcəyi bildirilib. Qeyd edək ki, Lentsov ötən həftədən fəaliyyətə başlayıb. O, erməni separatçıların liderləri, hətta anti-Rusiya mövqeyi ilə seçilən şəxslərlə görüşüb. Daha sonra isə İrəvana gedən Lentsov Ermənistan Müdafiə Nazirliyində tanışlıq görüşləri aparıb.

Lentsovun Azərbaycan ərazisinə Ermənistandan gəlməsi və ilk Bakıda görüş keçirib, təqdimatını təsdiqlətməməsi ictimaiyyət arasında narazılığa səbəb olub. Vurğulanıb ki, Lentsovun həyat yoldaşı erməni millətçisidir, özünün isə 20 Yanvar qətliamı zamanı Bakıya yeridilən sovet qoşunlarının tərkibində olduğu bildirilir.

  Politoloq Əhəd Məmmədli "Şərq"ə bildirib ki, siyasətdə nüanslar mühüm elementlər sayılır. Analitik qeyd edib ki, sülhməramlı kontingentə rəhbər təyin olunmuş general Lentsov mütləq ilk səfərini Bakıya etməliydi:

 "Çünki onun rəhbər təyin olunduğu hərbi kontingent məhz Azərbaycan ərazisində, Qarabağda yerləşdirilib. Həmin ərazilər sadəcə BMT tərəfindən deyil, elə Rusiyanın özü tərəfindən də Azərbaycan torpaqları kimi tanınıb. O baxımdan Lentsovun Bakıya İrəvandan öncə gəlməsi vacib idi. Ancaq bəllidir ki, Lentsov və digərləri ümumən Rusiyanın imperiya maraqlarına xidmət edirlər. Onlar təmsil etdiyi dövlətin tapşırıqlarını icra edirlər. Lentsovun yoldaşı erməni millətçisi olmasa belə, yenə heç nə dəyişməyəcək. 

Rustam Muradov gələndə bəziləri sevinirdilər ki, "ay türk gəlir, müsəlman gəlir", sonra nə oldu, necə davrandı, hamımız gördük. Generallar Kremldən gələn qərarları icra etməklə məşğuldur. Amma təbii ki, belə vəzifələr tutan şəxslərin fərdi mövqeyi, yanaşması da önəm kəsb edir. 

Onun Qarabağda baş verənlərə necə reaksiya verəcəyi, prosesləri necə idarə edəcəyi önəmlidir. Lakin Lentsovun arvadının erməni əsilli olması, özünün qanlı 20 Yanvar hadisələrində iştirakı faktları göstərir ki, o da ermənilərin lehinə addımlar atacaq". 

  Ə.Məmmədli vurğulayıb ki, Moskva təbii olaraq çalışır ki, bölgədə ermənilərin mövqeyi güclənsin: 

"Çünki Qarabağda ermənilərin mövqeyinin güclənməsi Rusiyanın regionda daha da güclənməsi deməkdir. Azərbaycan tərəfi buna hazırlıqlı olmalı və elə indidən rəsmi etirazını, narazılığını bildirməlidir. Lentsovun Bakıda Azərbaycan müdafiə naziri ilə görüşündə iradlarımızı rus generalın diqqətinə çatdırmalıyıq. Qarabağa göndərilən Lentsov niyə İrəvana səfər etməlidir?! 

Qarabağdakı ermənilər Azərbaycanın daxili məsələsidir və Ermənistanın bura aidiyyəti yoxdur. Ona görə də sülhməramlı kontingentin rəhbərlərinin Qarabağda baş verənlərə görə İrəvana gedişlərinə son verilməlidir. 

Rusiya sülhməramlı kontingentin rəhbərləri Qarabağ məsələsindən dolayı heç bir ölkənin paytaxtına səfər etməməlidir".