İran Bakı ilə münasibətlərin normallaşması üçün yollar axtarır

Tehran Biqdelinin dili ilə Moskva və ya Ankaranın vasitəçi ola biləcəyinə işarə edib

  İran-Azərbaycan münasibətləri normallaşmayıb. Prezident İlham Əliyev Şuşada keçirilən konfransda xarici ekspertlərdən birinin sualına cavab verərkən dedi ki, Azərbaycan İranla münasibətləri normallaşdırmağa hazırdır, ancaq birinci addımı Tehran atmalıdır. Bunun üçün lik addım kimi İranın hakimiyyət strukturları Tehranda Azərbaycan səfirliyinə edilən hücumun araşdırılması barədə Bakıya məlumat verilməlidir. Tehran istintaqın gedişi barədə Bakıya məlumat verməyib. Ümumiyyətlə, Tehranın səfirliyə silahlı hücumla bağlı araşdırma aparmadığı barədə görüntü yaranıb. Bu arada, İranın beynəlxalq münasibətlər üzrə eksperti Əli Biqdeli maraqlı təklif irəli sürüb. O deyib ki, Azərbaycan və İran arasında münasibətlərin normallaşmasında Moskva və Ankara vasitəçilik edə bilər. 

"Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu deyib ki, Əli Biqdeli keçmiş diplomatdır, İranın Azərbaycanda və Türkiyədə səfiri olub. Biqdeli fars millətçi dairələrinə yaxın ekspertdir: "Biqdeli Tehranın Bakı ilə münasibətləri uzun müddət gərginlikdə saxlaya bilməyəcəyini vurğulayıb:

 “İran bilməlidir ki, bu məsələ tezliklə həll olunmalıdır. Gərginlik daha çox zərərə və xəsarətə yol verməməlidir”. Biqdeli Rusiyanın vasitəçi ola biləcəyini desə də, Kremlin İranla Azərbaycan arasındakı münasibətlərin gərginliyində maraqlı olduğunu bildirib: “Moskva İranın belə mübahisələrdə və gərginlikdə ilişib qalmasında maraqlıdır. Amma nəzərə alaq ki, İran və Səudiyyə Ərəbistan arasında sülh əldə edildikdən sonra bölgədə sakitləşdirici vəziyyət yaranmalıdır. Belə bir vəziyyətdə İran Rusiya vasitəsilə Azərbaycanla münasibətlərini yaxşılaşdırmağa çalışmalıdır. Bu məsələdə Türkiyə və Rusiyanın vasitəçilik rolunu da nəzərə almaq lazımdır”. Beləliklə, Tehran Bakı ilə münasibətlərin normallaşması üçün yollar axtarır. Tehran Biqdelinin vasitəsilə Moskva və ya Ankaranın vasitəçi ola biləcəyinə işarə edib. Biqdeli onu da gizlətməyib ki, İran hazırda daxili və xarici böhranlarla üzləşib. Azərbaycanla böhranın müharibə səviyyəsinə çatmasına imkan verilməməsi gərəkliyini bildirib. İran-Azərbaycan münasibətlərinin normallaşması üçün Moskva və ya Ankaranın vasitəçiliyinə ehtiyac yoxdur. Tehran Azərbaycana qarşı təxribatlarını durdursun, ölkəmizdə “5-ci kolon” və xəfiyyə şəbəkəsi formalaşdırmaq siyasətindən imtina etsin. Səfirliyə hücumun araşdırılmasının hazırkı durumu barədə Bakını məlumatlandırsın. Bu halda normallaşma prosesi başlaya bilər. Bu addımlar atılmadan başqa dövlətlərin vasitəçiliyi də heç nəyi həll etməyəcək".