Moskva  görüşlərində uğurlar gözlənilmir

Çətin də olsa ya Ermənistanla Azərbaycan vasitəçisiz anlaşmağa çalışmalı, yaxud da Qərbin təşəbbüslərini dəstəkləməlidir
 
  Moskvada Azərbaycan, Rusiya və Ermənistan xarici işlər nazirləri arasında üçtərəfli görüş keçirilib. Görüşdə Bakı ilə İrəvan arasında sülh sazişinin hazırlanması, Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası, Cənubi Qafqazda nəqliyyat kommunikasiyalarının açılması, təmasların qurulması daxil olmaqla üçtərəfli razılaşmaların həyata keçirilməsi predmetli şəkildə müzakirə olunub. Üçtərəfli görüşdən sonra Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında ikitərəfli görüş də keçirilib. Rusiya XİN rəhbəri Sergey Lavrov Ermənistan və Azərbaycan xarici işlər nazirləri ilə birgə üçtərəfli görüşün yekunlarına dair açıqlamasında bildirib ki, Azərbaycan və Ermənistan kommunikasiyaların açılmasına dair yekun razılaşmaya yaxındırlar: 

“Bu gün biz sülh müqaviləsinin bir sıra maddələri üzrə tərəflərin anlaşmasında ümumi nöqtəyə yaxınlaşa bildik. Rusiya tərəfi ümid edir ki, bugünkü görüş tərəflərə praktiki nəticələr əldə etməyə imkan verəcək. Bizim vəzifəmiz ikitərəfli görüş üçün platforma təmin etmək idi. Biz öz yanaşmalarımızı qeyd etdik. Ümid edirik ki, bu tədbir Azərbaycan və Ermənistan nazirləri arasında davam edən danışıqlara əməli nəticələr əldə etməyə imkan verəcək". Lavrov qeyd edib ki, gələn həftə baş nazirin müavinlərinin rəhbərlik etdiyi üçtərəfli qrupun nəqliyyat kommunikasiyalarının açılması məsələlərinə dair iclası keçiriləcək: "Ümid edirik ki, nəticə müsbət olacaq. Artıq tərəflər yekun razılaşmaya yaxındırlar. Rusiya Federasiyasının məşvərətçi iştirakı ilə sərhədin delimitasiyası və demarkasiyası üzrə ikitərəfli komissiyanın iclasının yaxın vaxtlarda keçirilməsini razılaşdırdıq". Rusiya XİN başçısı qeyd edib ki, razılaşmalar Rusiya sülhməramlı kontingentinin məsuliyyət zonasında Qarabağda təhlükəsizliyin və sabitliyin təmin edilməsinə aiddir: "Onlar həmçinin nəqliyyat və iqtisadi kommunikasiyaların açılmasına təsir göstərirlər. Bununla Rusiya, Ermənistan və Azərbaycan baş nazirlərinin müavinlərinin rəhbərlik etdiyi üçtərəfli işçi qrup məşğul olur. Razılaşmalar humanitar məsələlərin həllini ehtiva edir. Söhbət ilk növbədə sərhədin delimitasiyası ilə onun sonradan demarkasiyasından gedir. Bunun üçün Rusiya, Azərbaycan və Ermənistan liderlərinin ayrıca bəyanatı ilə Rusiya tərəfinin məsləhətçi qismində iştirakı ilə delimitasiya üzrə Ermənistan-Azərbaycan komissiyası yaradılıb". 

Sergey Lavrov vurğulayıb ki, tərəflər bunun üzərində işləməyə başlayıblar və hazırda digər vasitəçilərin də iştirakı ilə aktiv şəkildə müzakirə olunur: "Ermənistan və Azərbaycan nazirləri Vaşinqtona səfər ediblər, Ermənistan və Azərbaycan prezidentləri bir həftə əvvəl Brüsseldə olublar. Sülh müqaviləsi üzərində iş, əlbəttə ki, əsasdır. Amma bizim tərəfdaşlarımız bu gün təsdiqlədilər ki, delimitasiya məsələləri həll edilmədən, nəqliyyat və iqtisadi kommunikasiyalar açılmadan, Qarabağda və Ermənistan-Azərbaycan sərhədində təhlükəsizlik vəziyyəti ümumi yaxşılaşmadan sülh müqaviləsinin konkret aspektləri üzrə irəliləmək çətindir. Bütün bunları kompleks şəkildə müzakirə etdik". 

  Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov da deyib ki, Azərbaycan postmünaqişə dövründə Ermənistanla münasibətlərin normallaşmasının tərəfdarıdır:

 "Bugünkü danışıqlar Ermənistan nümayəndə heyəti ilə bütün mövcud məsələlərin, o cümlədən mümkün sülh müqaviləsi ilə bağlı məsələlərin müzakirəsini davam etdirməyə imkan verəcək. Biz bütün istiqamətlərdə paralel işin tərəfdarıyıq. İnanırıq ki, onlar bir-birini tamamlayır. Ötən ilin sonundan danışıqlar prosesində müəyyən durğunluq yarandığı müşahidə olunmuşdu. Biz mayın əvvəlindən danışıqlar dinamikasının ardıcıl və müsbət xarakter daşımasını müsbət qiymətləndiririk”. 
  Ermənistan xarici işlər naziri Ararat Mirzoyan qeyd edib ki, mümkün sülh müqaviləsi layihəsində bir neçə bənd üzrə razılıq əldə edilib. Erməni diplomat onu da əlavə edib ki, bununla yanaşı regionda kommunikasiyaların açılması, sərhədlərin 1991-ci il Almatı bəyannaməsinə əsaslanan sonrakı delimitasiya prosesində də irəliləyişlər əldə olunub. Mirzoyan qeyd edib ki, sonuncu məsələ ilə bağlı bir sıra parametrlərin konkretləşdirilməsi üzərində işləmək lazımdır. 

Moskvadakı üçtərəfli və ikitərəfli görüşləri "Şərq"ə dəyərləndirən politoloq Əli Oruclu deyib ki, təmasları münasibətlərin normallaşması istiqamətində ciddi irəliləyiş hesab etmək olmasa da, sülh müqaviləsinin detallarının müzakirəsi baxımından faydalı hesab etmək olar. Ekspert bildirib ki, yaxın vaxtlarda Moskvada ölkə liderlərinin də üçtərəfli formatda görüşü nəzərdə tutulub: 

"Diqqət yetirsək, son dövrlər Ermənistan-Azərbaycan münasibətlərinin nizamlanması istiqamətində həm beynəlxalq vasitəçilik missiyası həyata keçirən qurumların, həm də Vaşinqtonla Moskvanın diplomatik fəaliyyəti dinamik xarakter almaqdadır. Bunun proseslərə ciddi təsiri olacağı şübhəsizdir. Lakin bir detalı da nəzərdən qaçırmayın ki, Moskva təşəbbüsü əldən vermək niyyətində olmadığını bir daha nümayiş etdirməkdədir. Təsadüfi deyil ki, bundan öncə də Brüsseldə keçirilən görüşlərdən dərhal sonra Prezident İlham Əliyev və Baş nazir Nikol Paşinyan Rusiyaya dəvət edildi. Kreml bununla Qərbə gözdağı verərək bildirir ki, Cənubi Qafqaz regionuna kənar oyunçuların daxil olmasına və onun  nüfuz dairəsinə müdaxiləyə imkan verməyəcək. Tərəflərin pozitiv açıqlamalar verməsinə rəğmən, sülh sazişi barədə danışmaq hələ tezdir. Aparılan təhlillər də onu deməyə əsas verir ki, Ermənistan belə bir müqaviləni imzalamağa hazır deyil. Baxmayaraq ki, eyni zamanda Paşinyan Azərbaycan dövlətinin suveren sərhədlərini tanıdığını bəyan etdi. Amma bunun əksinə olaraq Azərbaycanın ərazisinə separatçı tör-töküntüləri Rusiya ordusunun himayəsi ilə silah-sursat daşıyır, şəxsi heyət və canlı qüvvə gətirir. Şərti sərhəddə təxribatlar törədir, mövqelərimiz müxtəlif silahlardan atəşə tutulur". 

  Ə.Oruclu vurğulayıb ki, Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, sülh istəyən tərəf 100 milyonlarla silah almaz, müharibə hazırlıqlarını davam etdirməz: 

"Həmin milyonları sosial-iqtisadi böhrandan çıxmağa cəlb edər. Ermənistan sadəcə münasib vaxt gözləyir. Türkiyənin zəifləməsini və Rusiyanın Ukrayna müharibəsindən qalib ayrılmasını gözləyir ki, öz çirkin niyyətini açıq-aşkar həyata keçirsin. Əslində Moskva da regionda davamlı sülhü istəmir və buna hər vəchlə mane olur. 

Qərblə Rusiya arasında Cənubi Qafqaz regionu uğrunda qızışan rəqabət fonunda Ermənistan və Azərbaycan heç də rahat olmayan manevrlər etmək məcburiyyətindədir. Azərbaycanın mövqeyi aydındır. Regionda stabillik yaransın, kommunikasiya xətləri açılsın, iqtisadi ticari və nəqliyyat əlaqələri bərpa edilsin, sülh və təhlükəsizlik üçün şərait yaransın. 

Lakin Moskva İrəvana Bakının arasındakı ziddiyət və ixtilafları dərinləşdirməklə regionda öz varlığını və söz sahibliyini davam etdirsin. Bəzi hallarda İrəvanda Moskvanın maraqları və planları üst-üstə düşür. Odur ki, mən xarici işlər nazirlərinin, eləcə də hökumət və dövlət başçılarının Moskvada keçirəcəkləri görüşlərdə spontan uğurlar gözləmirəm. 

Buna qədər bir neçə görüş keçirilib və birgə bəyanatlar qəbul edilib. Amma bunların icrası Rusiya və Ermənistan tərəfindən həyata keçirilməyib. Çətin də olsa ya Ermənistanla Azərbaycan vasitəçisiz anlaşmağa çalışmalı, yaxud da Qərbin təşəbbüslərini dəstəkləməlidir".