Xalq qazana bilməyəcək

Bu savaşda Rusiya və Ukrayna girov vəziyyətinə düşüb
 
Onların müharibəni davam etdirəcəyi, yoxsa barışacağı barədə prinsipial qərarı yalnız ABŞ və Qərb verə bilər

  Ukrayna qoşunları mayın 18-də əks-hücum əməliyyatları zamanı Baxmutda taktiki təşəbbüsü ələ keçirərək əhəmiyyətli uğurlar əldə ediblər. Bu barədə ABŞ-nin Müharibənin Öyrənilməsi İnstitutu məlumat yayıb. Qurumdan bildirilib ki, bu, Ukrayna qüvvələrinin yeni böyük əməliyyatının başlanğıcı yox, bir neçə gündür aparılan əks-hücumların davamıdır. Bir neçə rusiyalı hərbi jurnalistin iddiasına görə, Ukrayna qüvvələri Rusiyanın müdafiə xətlərini yarıb. Rusiya qüvvələri Sakko və Vançettinin şimalındakı mövqelərdən cənubundakı mövqelərə çəkilib. Ukrayna qoşunlarının yaxın günlərdə Rusiya silahlı güclərinə qarşı genişmiqyaslı əks hücuma keçəcəyi deyilir. 

Ukrayna Prezidenti Vladimir Zelenski bildirib ki, Krım və Krım məhbusları məsələsi də beynəlxalq səviyyəyə çıxarılacaq. Son günlər müzakirə olunan məsələlərdən biri də Ukraynanın NATO üzvlüyünə qəbul olunması məsələsidir. Əksər Qərb ölkəsi Ukraynanın hərbi alyansın tərkibində yer almasına razılıq veriblər. Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedyev buna sərt reaksiya verib. O, Ukraynanın NATO-ya üzv olacağı təqdirdə bütün mümkün vasitələrlə buna cavab veriləcəyini deyib. Rusiyanın eks-prezidenti vurğulayıb ki, münaqişələr zamanı ekzistensial təhlükələrin qarşısının alınması ilə bağlı arqumentlər səmərəsizdir. 

Qeyd edək ki, NATO Nizamnaməsinin 5-ci maddəsində deyilir ki, alyansın bir üzvünə silahlı hücum edilərsə, bu, bütövlükdə bloka hücum deməkdir və müttəfiq ölkələr zərər çəkən tərəfə yardım göstərməyə borcludurlar. Bu arada G7 ölkələrinin liderləri Yaponiyanın Xirosima şəhərində keçirilən iclasda Ukraynadakı vəziyyətlə bağlı bəyanat qəbul ediblər. Sənəddə Ukraynaya iqtisadi yardım göstərilməsi öz əksini tapıb. Bildirilib ki, 2023-cü il və 2024-cü ilin əvvəli üçün büdcə dəstəyi artıq qəbul olunub. G7 Rusiyanı məğlub etmək üçün Ukraynaya hərbi, maliyyə, humanitar və diplomatik dəstək verəcək.

  Politoloq Elçin Xalidbəyli "Şərq"ə açıqlamasında bildirib ki, Ukrayna savaşı ətrafında hazırda daha çox "siyasi bazarlıq" prosesi diqqəti çəkir. Analitik hesab edir ki, Rusiyanın hərbi resurslarının tükəndiyini dəqiqlışdirən ABŞ və Qərb Kremli biabırçı kapitulyasiyaya məcbur etməyə çalışır:

 "Ona görə də Ukrayna ordusunun əks hücum əməliyyatları qeyri-müəyyən müddətə təxirə salınmış kimi görünür. Əks halda, Ukrayna ordusu aprelin sonu, mayın əvvəlində əks-hücuma keçməliydi. İndisə, Ukrayna ordusunun iyulun sonlarına doğru əks-hücuma başlayacağı ehtimal olunur. Digər tərəfdən, ABŞ və Qərb Ukrayna ordusunun Rusiya üzərində üstünlük qazanmasında hələlik o qədər də maraqlı deyil. Çünki belə olacağı təqdirdə, Rusiyanın hansı radikal addımları ata biləcəyi hələ də müəmmalı xarakter daşıyır. Qərb siyasi dairələri hesab edirlər ki, Rusiya məğlub duruma düşərsə, əvvəlcə kimyəvi silahdan, sonrasa taktiki nüvə silahından istifadə edə bilər. ABŞ və Qərb belə bir təhlükə ilə üzləşmək istəmir. Eyni zamanda əks hücum əməliyyatlarının başlanması ABŞ və Qərbi daha intensiv şəkildə Ukraynaya hərbi yardım göstərmək məcburiyyətində buraxa bilər. Halbuki Qərb siyasi dairələri belə ağır xərclərin altına girməyə də həvəsli deyillər".

  Ekspertin fikrincə, bütün bunları nəzərə aldıqda, indiki situasiya ABŞ və Qərbin maraqlarına tamamilə cavab verir:

 "Bir tərəfdən, Rusiya Ukrayna ordusunun əks hücum əməliyyatlarının başlanma təhlükəsini aktual saxlamaqla, Kremli təzyiq altında saxlayır. Digər tərəfdən, indiki situasiyada Rusiyanı Ukraynada "savaş bataqlığı"nda tuta bilir. Kremlin beynəlxalq siyasi məkana dönüşünü əngəlləyir. Nəhayət, Rusiyanı savaş məkanında saxlamaqla, həm də bu nəhəng ölkənin tədricən zəifləməsini təmin edir. 

Ona görə də yaxın vaxtlarda Ukrayna ordusunun əks hücum əməliyyatları o qədər də inandırıcı görünmür. Eyni zamanda sülh danışıqları da hələlik real inkişaf istiqamətlərinə malik deyil. 

Ümumiyyətlə, bu məsələlərlə bağlı Rusiya və Ukraynanın qərar qəbul etmə şansı da yoxdur. Çünki sülh danışıqlarının başlanması da, savaşın aktiv fazaya qaytarılıb, davam etdirilməsi də ABŞ və Qərbin maraqlarına uyğun veriləcək qərarlardan birbaşa asılıdır. 

Yəni əslində, bu savaşda Rusiya və Ukrayna girov vəziyyətinə düşüb. Onların savaşacağı, yoxsa barışacağı barədə prinsipial qərarı yalnız ABŞ və Qərb verə bilər".