Rusiya ilə hava əlaqəsi yarandı, davamı da gələcək


“Gürcüstan müxalifəti iqtidardan sərnişin təyyarəsini dayandırmağı yox, Saakaşvilini azad etməyi tələb etməlidir”


  Təxminən 4 il sonra Rusiyaya məxsus ilk sərnişin təyyarəsi Tbilisi Beynəlxalq Hava Limanına enib. Lakin “Azimuth Airlines” aviaşirkətinə məxsus təyyarə hava limanında etiraz aksiyası ilə qarşılanıb. Təhlükəsizliyin təmin edilməsi məqsədilə hava limanına çox sayda polis cəlb edilib. Gürcüstanın radikal müxalifətinin nümayəndələri bununla bağlı Tbilisi beynəlxalq hava limanında etiraz aksiyası keçirməyə hazırlaşır. 

Gürcüstan Baş naziri İrakli Qaribaşvili etiraz aksiyasını təxribat adlandırıb. Onun sözlərinə görə, tamamilə müflis olmuş müxalifət ikili standartlarla fəaliyyət göstərir: "Saakaşvili başda olmaqla müxalifət hakimiyyətdə olarkən, 2008-ci ildə müharibədən dərhal sonra Rusiya ilə iqtisadi əlaqələri bərpa etmək istəyirdi. Bununla bağlı açıq bəyanatlar verirdi və bu gün isə onlar Rusiya ilə hər hansı təmasların yolverilməzliyi haqqında danışırlar". Baş nazir əlavə edib ki, Rusiyaya birbaşa uçuşların bərpası düzgün addımdır, ancaq sanksiyalar altında olan heç bir Rusiya aviaşirkəti Gürcüstana uça bilməyəcək: "Sanksiyalar altında olan bir şirkətin təyyarəsi Gürcüstana uçmayacaq". 

O vurğulayıb ki, Gürcüstan Rusiya ilə ticarət-iqtisadi əlaqələri dayandırmır, çünki bu, gürcü xalqının maraqlarına zərər vura bilər. Biz Gürcüstanın Avropa ilə münasibətlərinə xələl gətirməyəcək düzgün addımlar atırıq. Rusiya ilə hava əlaqəsinin bərpası ilə bağlı dəfələrlə avropalı dostlarımıza öz arqumentlərimizi və motivlərimizi vermişik. Gürcüstan hələ Avropa İttifaqının üzvü deyil və Avropa İttifaqının siyasətini həyata keçirmək üçün o, onun üzvü olmalıdır və bu illər keçəcək". Gürcüstan Prezidenti Salome Zurabişvili də aviareysin alqışlanmadığını bəyan edib: "Gürcü xalqının etirazına baxmayaraq, Rusiya öz alqışlanmayan təyyarəsini Tbilisiyə endirib”.

Məlumdur ki, Rusiya Prezidenti Vladimir Putin mayın 15-dən Gürcüstan vətəndaşları üçün viza rejiminin ləğvi haqqında fərman imzalayıb. Prezident başqa bir fərmanla 2019-cu ildən qüvvədə olan Rusiya aviaşirkətlərinin uçuşlarına və Gürcüstana turların satışına qadağa qoyulmasını ləğv edib. Gürcüstanla viza rejimi Rusiya hakimiyyətinin qərarı ilə 2000-ci ildə tətbiq edilib. Eyni zamanda Gürcüstan 2012-ci ildən ruslar üçün vizaları ləğv edib. Gürcüstan qanunvericiliyinə görə, Rusiya vətəndaşları ölkəyə vizasız səfər edə və respublikada bir ilədək qala bilərlər.

  Tbilisi Beynəlxalq Hava Limanında baş verən hadisəni “Şərq”ə şərh edən politoloq Azər Niftiyev Gürcüstan hökumətinin qərarını doğru hesab etdiyini diqqətə çatdırıb. Analitik qeyd edib ki, Rusiya Ukraynada olduğu kimi, Gürcüstanda da işğalçılıq siyasəti həyata keçirib. Qonşu dövlətin suverenliyini təhdid altına alıb:

 "Bunu heç kim inkar etmir. Amma Ukraynanın timsalında görürük ki, Qərb onları meydanda tək qoyub. Düzdür, silah təhcizatı var, gələcək üçün “Marşal planı” hazırladığını bəyan edir, ancaq sadə ukraynalılar minbir məhrumiyyətə düçar olur. Ağ Ev okeanın o tayında oturub müttəfiqləri ilə birlikdə gəlir-çıxarını hesablayır. Onları Ukrayna xalqının düçar olduğu müsibətlər bir o qədər də maraqlandırmır. Heç şübhəsiz, bu gün Gürcüstanda Rusiyaya nisbətən loyal bir sistem iqtidarda olmasaydı, orada da oşxar vəziyyət yarana bilərdi. Rusiyaya məxsus sərnişin təyyarəsinin 4 ildən sonra Tbilisi Beynəlxalq Hava Limanına enməsi ilə dünya dağılmayacaq. Gürcüstan hökumətinin atdığı addım müəyyən mənada ölkədə daxili sabitliyi qorumağa yönəlib. Hətta Rusiyanın tapşırığı ilə bu addımı atsalar da, yenə də bu siyasət onların mövcud geosiyasi vəziyyətinə adekvatdır. Hansı ki, beynəlxalq münasibətlər sisteminin gərginləşdiyi, regionun çalxalandığı bir şəraitdə ən vacib məqam daxili təhlükəsizliyi qorumaqdan ibarətdir”.

  Siyasi şərhçi vurğulayıb ki, Rusiya çətin durumdadır:

“Ayı yaralanıb, ona çoxlu nizələr dəyib. Amma o, yırtıcıdır və qarşısına keçəni əzir. Təmkin hissini itirib. Daha qəddar və daha əzazildir. Qərb Rusiyaya qarşı mübarizədə nəticə əldə etməzsə, Gürcüstan neyləyə bilər?! Bəlkə elə ən yaxşısı gözləməkdir? Bu müddətdə müəyyən diplomatik gedişlərdə fayda ola bilər. Moskva müttəfiq qazanmaq istəyir, regionda yeni münaqişə ocaqları ona lazım deyil. Gürcüstana da lazım deyil. Bundan qazanan Qərb olacaq. Balanslaşdırılmış siyasət, necə ki, Azərbaycan və Türkiyənin timsalında özünü doğrultdu, beynəlxalq siyasətdə ən doğru yoldur. Düşünürəm ki, Gürcüstan müxalifəti iqtidardan sərnişin təyyarəsini dayandırmağı yox, Saakaşvilini azad etməyi tələb etməlidir”.