Ərdoğanın 2-ci turda qələbəsi sürpriz olmayacaq


"Cümhur İttifaqı"nın tərəfdarları parlamentdə aşkar qələbə qazanıb və bu, onlara ciddi işləməyə stimul verməkdədir


  Türkiyədə seçkilərin ikinci tura keçəcəyini və namizədlərin birinci turda səslərini düzgün proqnozlaşdıran “Sonar” Araşdırma Mərkəzinin sahibi Hakan Bayraqçı ikinci turla bağlı yeni açıqlamalar verib. Bayraqçı bildirib ki, ikinci turda Ərdoğan 52,1, Kılıçdaroğlu isə 47,9 səs alacaq:

“İlkin olaraq proqnozlar belədir. Sinan Oğan bitərəf qalarsa, onun topladığı səslərin 3,6 faizi namizədlər arasında tən bölünəcək. Kılıçdaroğlunu seçsə, 2,2 faiz Kılıçdaroğluya, 1 faiz Ərdoğana gedəcək, seçicilərinin 2 faizdən çoxu isə səs verməyəcək. Əgər Ərdoğanı seçərsə, səslərinin 2 faizini Ərdoğan alacaq. O da məlum olub ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ikinci turda dəstək əldə etmək üçün prezidentliyə namizəd olmuş Sinan Oğanın şərtlərini qəbul etməyəcək.

 Bu barədə Prezident "CNN"ə müsahibəsində bildirib. Qeyd edib ki, seçkilərin ikinci turunda həlledici rolu hər hansı siyasətçi yox, Türkiyə xalqı oynayacaq. Türkiyənin Ədalət və İnkişaf Partiyası sədrinin müavini Binəli Yıldırım da deyib ki, Sinan Oğan xəyallara düşməsin: "Aldığınız səsi ticarətə çevirsəniz, o seçici sizə “xoş gəldin” deməz. Qeyd edək ki, seçkinin ilk turunda ATA İttifaqının namizədi Sinan Oğan "Millət İttifaqı"nda təmsil olunan Əhməd Davudoğlu ilə görüşüb. Daha sonra ATA İttifaqında təmsil olunan Zəfər Partiyasının sədri Ümit Özdağ "altılı masa"nın namizədi Kamal Kılıçdaroğlu ilə bir araya gəlib. 

  Azərbaycan Demokratik Partiyasının sədr müavini Həsrət Rüstəmov "Şərq"ə deyib ki, Türkiyədəki seçkilər təkcə bizdə deyil, bütün dünyanın diqqət mərkəzindədir. Partiya təmsilçisinin sözlərinə görə, bu həm qardaş ölkənin dünya siyasətindəki çəkisi, həm də bilavasitə hazırkı seçkilərin diktə etdiyi şərtlərlə bağlıdır:

 "Bu seçkilər Türkiyədə demokratizmin və seçmək mədəniyyətinin yüksək səviyyədə olduğunu, demokratiyanın şərq təfəkkürünə yad olması ilə bağlı deyilənlərin cəfəngiyyatdan başqa bir şey olmadığını sübut etdi. Seçkinin 2-ci turunu gözləmədən Türkiyə Cümhuriyyətinin vətəndaşlarını və siyasi elitasını təbrik etmək olar. 2-ci tura gəldikdə isə hesab edirəm ki, "Cümhur İttifaqı"nın qalib gəlməsi üçün əlavə dəstəyə ehtiyacı yoxdur. Əlbəttə, Sinan Oğanın bu İttifaqa dəstək verməsi faydalı ola bilər. Amma bir çoxlarının qeyd etdiyi kimi, bu, heç də həlledici amil deyil. Əvvəla, Ərdoğan tərəfdarları parlamentdə aşkar qələbə qazanıb və bu, onlara ciddi işləməyə stimul verməkdədir. Əlavə olaraq nəzərə alaq ki, ikinci turda mütləq səs çoxluğu tələb olunmur. Həmçinin qeyd etmək lazımdır ki, Türkiyə müxalifətinin əsas kampaniya vaxtı buraxdığı səhvləri təkrar etməsi onların ikinci turda daha az elektoratı cəlb edə biləcəklərini təxmin etməyə əsas verir. Bir sözlə, Ərdoğanın qələbəsinin 2-ci turda sürpriz olmayacağı aydındır. Sinan Oğanın dəstəyi olmasa da, bu, reallaşacaq".