“Əminliklə demək olar ki, bağlı qapı arxasında danışılacaq mövzulardan biri də Türkiyənin vasitəsilə Moskva və Kiyev arasında ən azından atəşkəsin əldə edilməsinə nail olmaqdır”
Rusiya Prezidenti Vladimir Putin və Ukraynanın dövlət başçısı Volodimir Zelenski Türkiyəyə səfər edəcək. Məlumatı “CNNTurk” yayıb.
Məlumata görə, bir neçə ölkənin dövlət və hökumət başçısı yenidən Türkiyə Prezidenti seçilən Rəcəb Tayyib Ərdoğanın şənbə günü - iyunun 3-də keçiriləcək andiçmə mərasimdə iştirak etmək istəklərini rəsmi Ankaraya bildiriblər.
Qeyd olunub ki, bundan başqa, V.Putinin Türkiyəyə xüsusi bir səfəri nəzərdə tutulub. Onun ardınca Ukrayna lideri Volodimir Zelenskinin bu ölkəyə ziyarəti planlaşdırılıb.
Hər iki səfər çərçivəsində taxıl dəhlizi və Rusiya ilə Ukrayna müharibəsinin gedişatı müzakirə olunacaq.
Türkiyənin əvvəl də Rusiya-Ukrayna savaşında vasitəçi rolunda çıxış etdiyini deyən hərbi-siyasi ekspert Həşim Səhrablı "SHERG.AZ"a vurğulayıb ki, müharibənin ilk başladığı dövrdə tərəflərdən heç biri danışıqlara razılıq vermirdi:
"Amma savaşın sonrakı mərhələsində, yəni Moskvanın uğursuzluqlarından sonra hər iki tərəf vasitəçilərə ehtiyac duymağa başladı. Təxminən keçən ilin sonu, taxıl müqaviləsinin imzalandığı vaxtlardan, Türkiyə əsas vasitəçi rolunda çıxış edirdi. Ona görə ki, Qərb dövlətlərini Rusiyaya qarşı mövqe tuturlar, Çin və İran kimi böyük güclər isə açıq şəkildə olmasa da, Kremlin tərəfindən çıxış edirmiş kimi oldular. Bu hadisələrin fonunda orta mövqedə qalmağı bacaran dünya dövlətlərindən bir tək Türkiyə qaldı. Yəni Ankara həm Rusiya, həm də Ukrayna ilə münasibətləri balanslı şəkildə idarə edə bildi. Bunlar nəzərə alındıqda deyə bilərik ki, Türkiyə çoxdan vasitəçidir və indi də bu missiyasını inkişaf etdirərək yekun məqsədə nail olmaq istəyir. Nə yaşanacağını isə biz tam dəqiqliyi ilə deyə bilmərik. Çünki tərəflər fərqli mövqedədirlər və Rusiyayla Ukraynanın maraqları tam ziddiyət təşkil edir".
Ekspertin sözlərinə görə, artıq hər iki tərəfin savaşdan yorulduğunu və atəşkəsə ehtiyac duyduğunu görürük:
"Bu nöqtədə Zelenski və Putinin Türkiyə səfəri də, sözügedən məsələlərin müzakirə mövzusu olacağını deməyə əsas verir. Düzdür, açıqlanan səbəblər fərqlidir. Burada əsas müzakirə predmeti taxıl dəhlizi məsələsidir. Ancaq əminliklə demək olar ki, bağlı qapı arxasında danışılacaq mövzulardan biri də Türkiyənin vasitəsilə Moskva və Kiyev arasında ən azından atəşkəsin əldə edilməsinə nail olmaqdır. Tərəflərin razılıq əldə edib-etməməsini isə indidən demək çətindir. Əslində Ukrayna masaya əli daha güclü şəkildə oturur. Çünki Qərbdən aldığı dəstəyi əskiksiz formada təmin edir. Ancaq bunun əksi olaraq Rusiyada bir sıra problemlər yaranıb. Bu isə Kremlin əlini zəiflədən faktordur. Nəticədə biz Moskvanın daha çox sülhdən yana olacağını görə bilərik. Ona görə ki, Rusiya 100 milyon kvadrat kilometrdən çox Ukrayna ərazisini işğal edib. İndi isə Kreml ələ keçirdiyi torpaqların onda qalması şərtilə müharibəni sonlandırmağa çalışacaq. Rəsmi Kiyevin nə qərar verəcəyini demək isə çətindir. Lakin ilkin məlumatlardan yola çıxaraq Ukraynanın Rusiyanın istəyi ilə razılaşmayacağını proqnozlaşdıra bilərik. Türkiyədə baş tutacaq görüşlərin isə tərəflərin arasındakı əvvəlki razılaşmaların müddətini uzatmaq və gələcək müqavilələrə təməl formalaşdırmaq prinsipləri ilə yekunlaşacağnı düşünürəm".