"Fransayla Almaniyanın ermənipərəst və xristianpərəst mövqelərindən, eləcə də bu ölkələrdəki erməni lobbisinin güclü olmasından yola çıxaraq deyə bilərik ki, görüşdə onların iştirakı müsbət rol oynamayacaq".
Bunu "Sherg.az"a açıqlamasında tanınmış jurnalist, siyasi şərhçi Fuad Abbasov Moldovanın paytaxtı Kişineuda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan, Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişel, Almaniya kansleri Olaf Şolts və Fransa prezidenti Emmanuel Makronun qeyri-rəsmi görüşdən danışarkən deyib.
O söyləyib ki, Fransa və Almaniyanın bu görüşlərdə iştirakı Ermənistan üçün böyük prestijdir:
"Çünki ən azından onların tərəfindən çıxış edən ölkə nümayəndələri olacaq. Lakin Azərbaycan üçün öz haqq səsini dünya ictimaiyyətinə çatdıracaq bir dövlət kimi, rəsmi İrəvanın tərəfdaşı olan ölkələrin görüşdə iştirakı arzuedilməzdir".
Analitikin sözlərinə görə, uyulun 21-də keçiriləcək Brüssel və Vaşinqton, həmçinin baş tutan Kişneu görüşünün üçü də Moskvaya bağlıdır:
"Çünki Rusiyanın iştirakı olmadan keçirilən bütün görüşlər zamanı Qarabağda atışmalar və təxribatlar olur. Bunlar göstərir ki, Kreml Azərbaycanın digər ölkələrin iştirakı ilə Qafqazda nəyisə həll etməsini istəmir. Yəni onların məqsədi öz maraqlarını qoruyaraq, Qarabağ məsələsini uzun müddət həll etməməkdir. Hətta Moskva Brussel, Vaşinqton və Kişineu görüşlərinə qısqanclıqla yanaşır. Biz Qarabağdakı separatçıların Rusiya tərəfindən idarə edildiyini və istənilən anda təxribat törətməyə hazır olduqlarını nəzərə alaraq, Brüssel, Vaşinqton, Kişneu görüşlərnin müsbət nəticə verməyəcəyini indidən hiss etmək olur. Ancaq yenə də ölkə rəhbərliyinin müvəffəqiyyətli siyasəti nəticəsində Moskvanı sakitləşdirib, müəyyən addımlarımıza göz yummağa məcbur edə bilərik".
Qeyd edək ki, Moldovanın paytaxtı Kişineuda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan, Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişel, Almaniya kansleri Olaf Şolts və Fransa prezidenti Emmanuel Makronun qeyri-rəsmi görüşü pozitiv müstəvidə keçib.
Görüşdə qərara alınıb ki, iyulun 21-də Brüsseldə üçtərəfli görüş keçirilsin və bu dövr ərzində də XİN başçılarının Vaşinqtonda növbəti görüşü keçirilsin.
Bildirilib ki, Vaşinqtonda əsas danışıqlar sülh müqaviləsi ilə bağlı olacaq.
Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişelin vasitəsilə aparılan danışıqlar isə daha çox koordinasiya xarakteri daşıyır. Fransa və Almaniya iştirakı bütövlükdə qeyri-formal xarakter daşıyıb.